İnsanlara hürriyət, millətlərə istiqlal!

108 il əvvəlki tarixi döyüşün PƏRDƏARXASI

108 il əvvəl Bakı uğrunda gedən tarixi mübarizə Azərbaycanın taleyini dəyişdi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun qəhrəmanlığı və Azərbaycan milli qüvvələrinin mübarizəsi nəticəsində Bakı bolşevik hərbi birləşmələrindən, yadelli işğalçılardan və daşnak silahlı dəstələrindən azad edildi.

Bakının azad edilməsində Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun müstəsna rolu vardı. Azərbaycan-Türkiyə qardaşlığının ən parlaq səhifələrindən birinə çevrilən bu əməliyyat zamanı yüzlərlə türk və azərbaycanlı əsgər Vətən uğrunda şəhid oldu. 15 sentyabr 1918-ci il isə Azərbaycan tarixində xalqın yaddaşına əbədi həkk olunan Zəfər günü kimi qaldı. Bundan sonra Milli hökuməti Bakıya köçdü və Azərbaycanın siyasi mərkəzi və ərazisi daha da bütövləşdi. Paytaxtın azad edilməsi Azərbaycan dövlətinin gələcək taleyinə birbaşa təsir edən tarixi dönüş nöqtəsinə çevrildi.

"15 sentyabr 1918-ci ildə Bakının azadlığı uğrunda Azərbaycan və Türkiyənin istiqlalı, şərəfi və gələcəyi naminə canlarını fəda edən bütün şəhidlərimizi rəhmət, minnət və ehtiramla yad edir, qəhrəman qazilərimizə dərin şükranlarımızı bildiririk. Onların fədakarlığı Azərbaycan–Türkiyə qardaşlığının tarixə qanla yazılmış ən şərəfli səhifələrindən biridir".

Bu sözləri Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general-mayor Yücel Karauz deyib.

YUCEL.jpeg (71 KB)

Karauzun sözlərinə görə, 15 sentyabrın əhəmiyyəti yalnız tarixi xatirə ilə məhdudlaşmır:

"15 sentyabr həm də Azərbaycan–Türkiyə münasibətlərinin hansı tarixi və mənəvi təməl üzərində qurulduğunu göstərən strateji yaddaşdır. 1918-ci ildə Qafqaz İslam Ordusunun Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gəlməsi və Azərbaycan milli qüvvələri ilə birlikdə Bakının azadlığı uğrunda döyüşməsi iki xalq arasında münasibətlərin yalnız diplomatik maraqlardan doğmadığını göstərdi. Türk əsgərinin Azərbaycan torpağında azərbaycanlı əsgərlə çiyin-çiyinə şəhid olması "Bir millət, iki dövlət" anlayışının siyasi formul kimi ifadə edilməsindən onilliklər əvvəl onun qanla, fədakarlıqla və ortaq mübarizə ilə formalaşmış tarixi əsasını yaratdı. Bu baxımdan 15 sentyabrın 108 il sonra verdiyi əsas mesaj budur: Azərbaycanın təhlükəsizliyi Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın strateji təhlükəsizlik mühitindən ayrı düşünülə bilməz. 1918-ci ildə Bakı uğrunda yaranmış hərbi həmrəylik bu gün müttəfiqlik münasibətləri, birgə hərbi təlimlər, müdafiə sənayesi əməkdaşlığı, hərbi təhsil, doktrina yaxınlaşması və regional təhlükəsizlik məsələlərində koordinasiya şəklində davam edir".

kOD90IpW6KJyoINe4OoNEoSKyhBv5uQQRbTy1mQ1_1200.jpg (207 KB)

General-mayor vurğulayıb ki, Qafqaz İslam Ordusunun ən mühüm mənəvi mirası isə "dar gündə bir yerdə olmaq" prinsipidir:

"Dövlətlərarası münasibətlər maraqların dəyişməsi ilə fərqli istiqamətlər ala bilər. Azərbaycan–Türkiyə münasibətlərinin fərqli cəhəti isə ortaq dil, tarix və mədəniyyətlə yanaşı, ortaq mübarizə və şəhidlik yaddaşının da mövcud olmasıdır. Çanaqqaladan Bakıya uzanan bu tarixi yaddaş iki xalq arasında qarşılıqlı sədaqət və qardaşlıq anlayışını daha da möhkəmləndirib. Bu tarixi yaddaşın bugünkü strateji mənası daha genişdir. Azərbaycan və Türkiyənin əməkdaşlığı artıq yalnız iki ölkənin münasibətləri ilə məhdudlaşmır. Bu birlik Cənubi Qafqazın təhlükəsizliyi, Xəzərdən Anadoluya uzanan strateji bağlantılar, enerji və nəqliyyat dəhlizləri və bütövlükdə Türk dünyasının siyasi, iqtisadi və təhlükəsizlik inteqrasiyası baxımından mühüm geosiyasi amilə çevrilib. Nəticə etibarilə, 15 sentyabr bizə göstərir ki, 1918-ci ildə Bakıda qanla və fədakarlıqla qurulan Azərbaycan–Türkiyə qardaşlığı bu gün strateji müttəfiqliyə çevrilib. Nuru Paşanın, Qafqaz İslam Ordusunun və Azərbaycan milli qüvvələrinin bizə qoyduğu miras yalnız keçmişə aid qəhrəmanlıq salnaməsi deyil, gələcək nəsillərə ötürüləcək strateji əmanətdir. Bu birlik və qardaşlıq bu gün yalnız Azərbaycan və Türkiyəyə deyil, bütün Türk dünyasına güc və özünəinam verir; dosta güvən, düşmənə isə qorxu salır. 1918-ci ildə Bakı uğrunda çiyin-çiyinə döyüşən Azərbaycan və Türkiyə bu gün də ortaq gələcəyini və Türk dünyasının strateji birliyini çiyin-çiyinə qurur".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR