İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan arxivləri açsa, nələr üzə çıxacaq?

Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi müzakirə olunduğu bir vaxtda, on minlərlə insanın taleyinə təsir edən münaqişənin ən ağrılı humanitar nəticələrindən biri hələ də həllini tapmayıb, itkin düşmüş azərbaycanlıların taleyi...

Rəsmi məlumatlara görə, I və II Qarabağ müharibələri nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydə alınıb. Onların arasında qadınlar, uşaqlar və yaşlılar da var. Aradan onilliklər keçməsinə baxmayaraq, ailələr yaxınlarının harada dəfn edildiyini, əsirlikdə hansı aqibətlə üzləşdiyini və ümumiyyətlə, onlar barədə baş verdiyini öyrənə bilməyiblər.

Son günlərdə isə bu məsələ yenidən gündəmə gəlib. Azərbaycan tərəfi Ermənistanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün arxivləri açmağa, kütləvi və fərdi məzarlıqlar barədə məlumatları, əsirlikdə olan azərbaycanlılarla bağlı sənədləri və şahid ifadələrini təqdim etməyə çağırır. Ermənistanın Baş naziri Nikol Paşinyan da iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. Artıq tərəflər arasında məlumat mübadiləsi aparılsa da, əsas məsələ bu təmasların konkret nəticələr verib-verməyəcəyidir. Çünki itkin düşmüş şəxslərlə bağlı hətta natamam məlumat belə yeni məzar yerlərinin müəyyənləşdirilməsinə, qalıqların identifikasiyasına və uzun illərdir cavab gözləyən ailələrin ümidlərinin gerçəkləşməsinə kömək edə bilər.

Ermənistanın təqdim edə biləcəyi sənədlər, arxiv materialları və məzar yerləri barədə məlumatlar 4 010 azərbaycanlının taleyinə aydınlıq gətirə bilərmi?

behruz.jpg (219 KB)

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-a bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması istiqamətində addımların atıldığı bir şəraitdə itkin düşmüş azərbaycanlıların taleyi məsələsi sadəcə keçmişdən qalan humanitar fəsad deyil, post-münaqişə dövrünün ən kritik siyasi-hüquqi testlərindən biridir:

“Azərbaycanın 2020-ci il 44 günlük müharibədə və 2023-cü il antiterror tədbirləri nəticəsində bölgədə bərqərar etdiyi yeni geostrateji reallıq, uzun illərdir dondurulmuş və ya arxa plana keçirilmiş bir çox məsələlər kimi, 4010 itkin düşmüş şəxsin taleyinin aydınlaşdırılmasını da danışıqlar masasının ana maddələrinə çevirmişdir. Hüquqi aspektdən yanaşdıqda, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının və onların I Əlavə Protokolunun 32-ci maddəsinin tələbidir. Bu maddə münaqişə tərəflərinin üzərinə ailələrin öz yaxınlarının taleyini bilmək hüququnu təmin etmək kimi birbaşa öhdəlik qoyur. Azərbaycanın güclənən mövqeyi İrəvanı bu beynəlxalq öhdəlikləri kağız üzərində deyil, praktiki müstəvidə icra etməyə vadar edən əsas amildir. Sirr deyil ki, Ermənistan tərəfinin təqdim edə biləcəyi arxiv materialları, hərbi jurnallar, əsir və girovların saxlanma yerləri ilə bağlı reyestr sənədləri və keçmiş səhra komandirlərinin ifadələri məsələnin hüquqi müstəvidə həlli üçün həlledici baza rolunu oynaya bilər. Azad edilmiş ərazilərdə məsələn, Edilli, Daşaltı, Farux, Xocalı və Şuşada aşkar olunan kütləvi məzarlıqlar göstərir ki, itkin düşənlərin böyük əksəriyyəti mütəşəkkil şəkildə qətlə yetirilib və basdırılıb. Bu isə həmin əməliyyatların Ermənistanın o dövrdəki hərbi-siyasi rəhbərliyinin əmrləri və ya bilgisi daxilində həyata keçirildiyini, deməli, müvafiq sənədləşmənin və koordinatların dövlət arxivlərində mövcudluğunu sübut edir. Siyasi analitik prizmadan bu məsələ bilavasitə “etimad quruculuğu” mexanizminin effektivliyi ilə bağlıdır. İki ölkə arasında sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması nə qədər mühüm dövlətlərarası addımlar olsa da, dayanıqlı sülhün bərqərar olması cəmiyyətlərarası barışdan keçir. 4010 azərbaycanlı ailənin onilliklər boyu davam edən qeyri-müəyyənliyinə son qoyulması Azərbaycan cəmiyyətində Ermənistanın sülh prosesindəki səmimiliyinə inam yarada biləcək ən güclü psixoloji amildir. Əksinə, məlumatların ləngidilməsi və ya natamam xəritələrin veriliməsi İrəvanın müharibə cinayətlərinin hüquqi cavabdehliyindən yayınmaq cəhdi kimi qəbul olunur və sülh gündəliyinə kölgə salır. Bundan əlavə, məsələnin digər bir hüquqi-siyasi ölçüsü keçid ədaləti ilə bağlıdır”.

Deputatın fikirlərinə görə, Nikol Paşinyan hakimiyyəti üçün arxivlərin açılması və kütləvi məzarlıqlar barədə dəqiq məlumatların veriliməsi, Ermənistanın keçmiş hərbi-siyasi xuntanın törətdiyi qanunsuzluqlarla arasına sərhəd çəkmək imkanıdır:

“Bu addım İrəvana beynəlxalq hüquqa hörmətlə yanaşan konstruktiv tərəf obrazı qazandıra bilər. Yəni itkin düşənlər problemi sadəcə keçmişin ağrılı statistikası deyil, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyini müəyyən edən indikatordur. Ermənistanın arxiv materiallarını və məzar yerlərinin dəqiq koordinatlarını təqdim etməsi, DNT analizləri vasitəsilə identifikasiya prosesinin sürətlənməsinə şərait yaratması iki dövlət arasında imzalanacaq sülh müqaviləsinin hüquqi və mənəvi təməlini möhkəmləndirən ən vacib amil olacaq”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR