Onlayn ictimai-siyasi qəzet
Bu gün – fevralın 24-də Rusiya-nın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzünün 4 ili tamam olur. 2022-ci ilin həmin səhəri Kreml “xüsusi hərbi əməliyyat” adı altında başladığı işğal planının bir neçə həftəyə nəticə verəcəyini düşünürdü. Amma dörd il sonra mənzərə tam fərqlidir: uzanan müharibə, ağır sanksiyalar, minlərlə insan itkisi və dəyişən geosiyasi reallıq. Bu 4 il təkcə cəbhə xəttində deyil, beynəlxalq münasibətlər sistemində də ciddi silkələnmə yaratdı. Müharibə həm Rusiya üçün, həm Ukrayna üçün, həm də digər postsovet ölkələri üçün tarixi dərslər ortaya qoydu.
Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, Kreml hesab edirdi ki, işğalçı müharibənin başlaması ilə Ukraynanın dövlət institutları sürətlə çökəcək, paytaxt Kiyev qısa müddətdə nəzarətə götürüləcək: “Amma Ukrayna cəmiyyəti dağılıb təslim olmadı, əksinə, daha da konsolidasiya olundu. İşğalçı müharibəyə başlayarkən Rusiya enerji kartından istifadə edərək Avropanı təzyiq altında saxlayacağını düşünürdü. Lakin nəticədə Avropa ölkələri alternativ mənbələrə yönəldi, enerji bazarında struktur dəyişiklikləri baş verdi. Sanksiyalar isə Rusiya iqtisadiyyatını uzunmüddətli təcrid vəziyyətinə saldı. Rusiya və bütün dünya anladı ki, informasiya və texnologiya əsrində müharibənin yalnız tank və toplarla aparılmır. Dronlar, peyk məlumatları, ümumilikdə kiberməkan müharibənin taleyini dəyişən amillərdəndir”.
Siyasi şərhçi deyib ki, ən əsası isə imperiya nostalgiyası XXI əsrin reallıqları ilə toqquşanda, siyasi və iqtisadi bədəli çox ağır olur: “Ukrayna üçün bu müharibə dövlətçiliyin sınağı oldu. Cəmiyyətin səfərbərliyi, könüllü dəstələrin təşkili, beynəlxalq diplomatiyanın aktivləşməsi Kiyevin dirənişində əsas rol oynadı. Bu 4 il Ukraynaya göstərdi ki, təhlükəsizlik yalnız kağız üzərindəki təminatlarla qorunmur. 1994-cü il Budapeşt Memorandumu formal təminat idi, lakin real təhlükəsizlik mexanizmi yaratmadı. Nəticədə Ukrayna Qərblə hərbi və siyasi inteqrasiyanı prioritetə çevirdi. Müharibə həm də Ukrayna cəmiyyətində rusiyapərəst siyasi təsirlərin zəifləməsinə səbəb oldu və milli identikliyin güclənməsini sürətləndirdi. Bu müharibə digər postsovet ölkələrinə də aydın mesaj verdi ki, suverenlik yalnız formal atribut deyil, hər an risk altına düşə bilər. Bir çox ölkələr təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirdi, müdafiə xərclərini artırdı, yeni hərbi-siyasi tərəfdaşlıqlar qurmağa başladı. Regionda balans siyasəti daha incə və daha riskli mərhələyə keçdi. Böyük güclərin maraq toqquşmasında zəif dövlətlər ya güclü müttəfiqlər tapmalı, ya da öz müdafiə qabiliyyətini ciddi şəkildə artırmalıdır”.
Siyasi şərhçi qeyd edib ki, 4 il sonra ortada dağıdılmış şəhərlər, milyonlarla qaçqın, minlərlə itirilmiş həyat var. Bununla belə Rusiya strateji sürətli qələbə planını reallaşdıra bilmədi. Ukrayna isə ağır itkilər bahasına dövlət kimi ayaqda qaldı: “Müharibə bitməyib və bu savaş artıq təkcə 2 ölkə arasında deyil. Beynəlxalq hüququn, sərhədlərin toxunulmazlığının və güc siyasətinin toqquşmasıdır. Fevralın 24-ü postsovet məkanında “müharibə mümkün deyil” illüziyasının dağıldığı gündür. Sülh güc və siyasi iradə ilə qorunur. Hazırda görünən budur ki, Rusiya bu müharibənin uduzan tərəfidir”.
E.Məmmədəliyev,
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ