Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan kimi kiçik dövlətlər yeni beynəlxalq nizamın formalaşmasına təsir göstərə bilər”. “Financial Times” nəşrinin təhlilinə görə, Qətər, Oman, Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələr yeni beynəlxalq nizamın formalaşmasında gözləniləndən daha böyük rol oynaya bilər. Nəşr bu dövlətləri “mini-orta güclər” adlandıraraq bildirir ki, onlar təkbaşına qlobal gündəliyi müəyyənləşdirə bilməsələr də, ayrı-ayrı strateji sahələrdə malik olduqları təsir imkanları ilə daha böyük dövlətlərin hesablaşmalı olduğu aktorlara çevrilirlər. “Financial Times”ın yanaşmasına görə, sözügedən ölkələrin əsas üstünlüyü onların bütün dünyaya təsir göstərə biləcək hərbi və iqtisadi gücə malik olmaları deyil. Əksinə, onların əhəmiyyəti konkret sahələrdə formalaşdırdıqları strateji üstünlüklərdən irəli gəlir. Bu üstünlüklərə enerji resursları, mühüm nəqliyyat marşrutlarına çıxış, regional təhlükəsizlik, vasitəçilik imkanları, maliyyə resursları, texnologiyalar və əlverişli coğrafi mövqe daxildir.
Azərbaycanın üstünlüyü əsasən enerji, nəqliyyat və geosiyasi mövqeyi ilə əlaqələndirilir. Xəzər dənizi ilə Qafqaz arasında yerləşən Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin genişləndirilməsində mühüm tranzit halqaya çevrilir. Bakı-Tiflis-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ölkənin enerji və logistika baxımından əhəmiyyətini artıran əsas layihələr sırasındadır.
Xüsusilə Orta dəhlizin inkişafı Azərbaycanın rolunu daha da gücləndirir. Çin və Mərkəzi Asiyadan Avropaya uzanan bu marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxış yaradır. Rusiya ərazisindən keçən ənənəvi şimal marşrutlarına alternativlərin aktuallaşması fonunda Azərbaycan bu nəqliyyat xəttinin əsas qovşaqlarından biri kimi çıxış edir.
Nəşrə görə “mini orta güc” ölkələrinin başqa bir mühüm xüsusiyyəti müxtəlif güc mərkəzləri arasında manevr edə bilmələridir. Qətər və Oman Yaxın Şərqdə, Azərbaycan və Mərkəzi Asiya dövlətləri isə Avrasiya məkanında ABŞ, Çin, Rusiya, Türkiyə və Avropa İttifaqı ilə paralel münasibətlər qurmağa çalışırlar. Belə çoxşaxəli xarici siyasət onlara bir tərəfə tam şəkildə bağlanmadan müxtəlif iqtisadi və siyasi imkanlardan istifadə etmək şəraiti yaradır.
Nəşrin qiymətləndirməsinə əsasən, “mini-orta güclər” yeni dünya nizamını təkbaşına müəyyənləşdirəcək dövlətlər deyil. Lakin böyük güclərin rəqabəti dərinləşdikcə onların malik olduğu konkret resurslar və strateji imkanlar daha qiymətli olur. Enerji təchizatının şaxələndirilməsi, yeni ticarət yollarının yaradılması, regional münaqişələrdə vasitəçilik və texnoloji əməkdaşlıq kimi məsələlərdə bu ölkələrin qərarları daha geniş geosiyasi nəticələr doğura bilər.
Beləliklə, beynəlxalq sistemdə güc anlayışı yalnız əhalinin sayı, iqtisadiyyatın həcmi və hərbi potensialla ölçülmür. Strateji coğrafi mövqe, enerji resursları, tranzit imkanları, diplomatik əlaqələr və müəyyən sahələrdə əvəzolunmaz mövqeyə malik olmaq nisbətən kiçik dövlətlərə böyük güclər qarşısında əlavə təsir imkanları qazandırır. “Financial Times”ın “mini-orta güclər” konsepsiyası da məhz bu dəyişən reallığa diqqət çəkir.
Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a şərhində bildirdi ki, “Financial Times”ın məqaləsindək qeyd olunanların əksəriyyəti doğru fikirlərdir:

“Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil. Lakin sözünün məna və çəkisi böyükdür. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev söyləmişdir. Cənab Prezidentin bu mövqeyini artıq məşhur nəşrlərdən biri olan "Financial Times" da təsdiqləyib və öz təhlillərini bu istiqamətdə aparıb. Nəşrin analizləri reallığın ifadəsidir. Tamamilə doğru təhlildir. Doğrudan da müasir dünyamızda artıq dövlətlərin gücü və potensialının qiymətləndirilmə meyarlarında da xeyli dəyişiklik baş verib. Hətta onu da qeyd edərdim ki, “Financial Times” nəşri orada dövlətin lideri konsepsiyasını da ortaya qoymalı idi. Dövlətlərin müasir dünyamızda rolu və çəkisini müəyyən eləyən həlledici amillərdən biri sadaladıqları ilə yanaşı hansı liderin həmin dövlətə rəhbərlik etməsi ilə bağlıdır. Güclü lideri olan dövlət güclü olur. Azərbaycan dövlətinin gücünü müəyyən eləyən xarakterik xüsusiyyətlər içərisində təbii resurslar, nəqliyyat qovşaqlarına çıxış, coğrafi mövqeyi ilə yanaşı dünya səviyyəli lider İlham Əliyevin ölkəyə rəhbərlik etməsi yer alır. Cənab İlham Əliyevin Azərbaycana liderlik etməsi bu gün Azərbaycanın dünyada orta gücə çevrilməsini şərtləndirən əsas amillərədn biridir. Bu gücün hesabına Azərbaycan regional və beynəlxalq gündəliyin formalaşması prosesinə öz düzəlişlərini edə bilir".
Elman Nəsirov qeyd etdi ki, “soyuq müharibə” dövründə dövlətlərin gücünü müəyyən eləyən əsas amil onların nüvə silahına malik olması idi: “Lakin dünyanın ən böyük nüvə dövləti olan SSRİ-nin müharibə olmadan belə, dağılması onu göstərdi ki, hələ nüvə silahına malik olmaq dövlətin gücünün əsas parametri deyil. Nüvə silahına malik olmaq dövlətin dağılmasının qarşısını ala bilmir. Dövlətin gücü digər yuxarıda qeyd olunan amillərlə ölçülür”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ