İnsanlara hürriyət, millətlərə istiqlal!

Nasistlər Bakıya cənubdan yaxınlaşmaq istəyiblər -Barbarossa” əvəzinə alternativ strategiya -

1940-cı ilin yayında Fransanın məğlub edilməsindən sonra nasist Almaniyasında müharibənin qalibiyyətlə başa çatacağına inam daha da güclənib. Əvvəlki hərbi kampaniyalar qısa müddətdə və nisbətən az itkilərlə başa çatıb. Bu uğurlar Adolf Hitleri səhv etməyən lider kimi təqdim etməyə başlayıb. Lakin Fransanın süqutundan sonra Berlin qarşısında mühüm strateji seçim dayanb: növbəti zərbə hara endirilməlidir?

Almaniya rəhbərliyində Sovet İttifaqına hücumla yanaşı, Böyük Britaniyanı onun imperiya sisteminin zəif nöqtələrindən vurmağa əsaslanan başqa bir plan da müzakirə edilib. Bu strategiyanın əsas tərəfdarlarından biri Kriegsmarine komandanı, qross-admiral Erix Reder olub. Onun fikrincə, Almaniya yeni və nəhəng bir cəbhə açmaq əvəzinə artıq müharibə apardığı Böyük Britaniyanın Aralıq dənizi və Yaxın Şərqdəki mövqelərini hədəfə almalı idi.

ccb14e8d-70a4-4137-9e27-eef66bdb8f0f.jpeg (32 KB)

Reder Almaniyanın əsas hərbi səylərini Aralıq dənizinə yönəltməyi təklif edib. Məqsəd Böyük Britaniyanı işğal etmək deyil, onun imperiyasını birləşdirən kommunikasiya xətlərini və strateji əraziləri sıradan çıxarmaq olub. Planın əsas hədəflərindən biri Cəbəllütariq boğazı seçilib. Cəbəllütariqin ələ keçirilməsi Britaniya donanmasının Aralıq dənizinin qərb girişindən istifadəsini ciddi şəkildə məhdudlaşdıra bilərdi. Digər mühüm hədəf isə Malta müəyyənləşdirilib. Ada Britaniyaya Aralıq dənizinin mərkəzi hissəsindən keçən dəniz daşımalarına nəzarət etmək üçün mühüm imkan verib.

Üçüncü və bəlkə də ən mühüm hədəf Süveyş kanalı olub. Şimali Afrikadakı Almaniya-İtaliya qüvvələrinin Liviyadan Misir istiqamətində irəliləməsi və Süveyşə nəzarəti ələ keçirməsi nəzərdə tutulub. Süveyş kanalı Böyük Britaniyanı Hindistan, Yaxın Şərq və Asiyadakı digər müstəmləkələri ilə birləşdirən əsas nəqliyyat arteriyalarından biri olub. Mövcud xəttin itirilməsi Britaniya imperiyasının logistikasına ciddi zərbə vuracaqdı.

a51fe43e-c383-46ea-908a-cf05bdf38eb5.jpeg (32 KB)

Beləliklə, Cəbəllütariq, Malta və Süveyşin nəzarətə götürülməsi Londonun Aralıq dənizindəki mövqelərini kəskin zəiflədəcəkdi. Almaniya bu yolla Britaniyaya qarşı müharibəni davam etdirərək onun imperiyasının strateji imkanlarını məhdudlaşdıra bilərdi.

Rederin planı bununla məhdudlaşmayıb. Süveyşdən sonra Almaniya qüvvələrinin Yaxın Şərqə doğru irəliləməsi mümkün görünüb. Bu isə regionun zəngin neft ehtiyatlarına çıxış məsələsini gündəmə gətirib. Uzunmüddətli perspektivdə almanlar cənub istiqamətindən Qafqaza, daha doğrusu, Bakıya daxil olmağı düşünüb. Bu, Sovet İttifaqının neft ehtiyatlarına qarşı alternativ istiqamət yaradıb. Başqa sözlə, Almaniya Şərqə Ukrayna və sovet ərazisinin dərinlikləri vasitəsilə deyil, Yaxın Şərq üzərindən çıxmaq istəyiblər.

Belə bir strategiyanın təbii ki, siyasi nəticələri də olacaqdı. Almaniyanın Yaxın Şərqdə uğur qazanması birbaşa Türkiyənin mövqeyinə təsir göstərə bilərdi. Bu ssenaridə Sovet İttifaqının da müəyyən müddət ərzində neytral qalması ehtimal olunub. 1941-ci ilin iyununa qədər Moskva ilə Berlin arasında iqtisadi əlaqələr davam edib. Sovet İttifaqı Almaniyaya xammal, o cümlədən strateji əhəmiyyət daşıyan resurslar göndərib, Almaniya isə sənaye avadanlığı və texnologiyalar təqdim edib.

f87af44c-ec02-4185-b4b6-2524ec905a98.jpeg (38 KB)


Rederin strategiyası hərbi baxımdan müəyyən məntiqə malik olsa da, Hitlerin uzunmüddətli siyasi və ideoloji məqsədləri ilə üst-üstə düşməyib. Hitler üçün Şərqi Avropa sadəcə mümkün hərbi istiqamət olmayıb. “Yaşayış məkanı” (“Lebensraum”) ideyası onun siyasi dünyagörüşünün mühüm hissəsini təşkil edib. Sovet İttifaqının məğlub edilməsi, Şərqi Avropanın işğalı və həmin ərazilərin Almaniyanın nəzarətinə götürülməsi nasist rejiminin əvvəlcədən formalaşdırdığı məqsədlər arasında olub.

Aralıq dənizi isə böyük ölçüdə İtaliyanın maraq dairəsi hesab edilib. Benito Mussolini Aralıq dənizini İtaliyanın hakim olduğu məkana çevirmək niyyətində olub. Bu səbəbdən həmin istiqamətin əsas məsuliyyətini Romaya buraxmaq Berlində müəyyən qədər məntiqli görünüb. Nəticədə Hitler Rederin təklif etdiyi strategiyanı əsas istiqamət kimi seçməyib. 1940-cı ilin dekabrında Sovet İttifaqına qarşı “Barbarossa” əməliyyatının hazırlıqlarına start verilib və 22 iyun 1941-ci ildə Almaniya SSRİ-yə hücum edib.

fe2173ee-d6a1-4afa-b3a6-9b2bf2eb2957.jpeg (132 KB)

Lakin Rederin planının bəzi elementləri sonradan qismən həyata keçirilib. Ervin Rommelin komandanlığı altında Alman Afrika korpusu Şimali Afrikada ciddi uğurlar qazanıb və 1942-ci ildə Misirə yaxınlaşıb. Lakin Şimali Afrika cəbhəsi Şərq cəbhəsi ilə müqayisədə ikinci dərəcəli istiqamət olaraq qalıb və ona daha az resurs ayrılıb.

Bütün hallarda tarixin necə inkişaf edəcəyini alternativ ssenari əsasında dəqiq müəyyənləşdirmək mümkün deyil. Ancaq bir məqam aydındır: “Barbarossa”nın seçilməsi Almaniyanın müharibədə qarşısına tamamilə fərqli miqyasda və xarakterdə vəzifələr qoyub. Alman qoşunları sonradan Moskva, Volqa və Qafqaz istiqamətinə qədər irəliləsələr də, dörd il sonra müharibə Berlin uğrunda döyüşlə başa çatıb. Rederin alternativ strategiyasının nəticəsi isə tarixdəki cavabsız suallardan biri olaraq qalıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR