Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə - UzA-ya müsahibə verib. Sözün açığı, mən bu müsahibəni bizim ekspert cameəsinə Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı vəziyyətinə və növbəti dövlət səfərlərinə həsr olunmuş diplomatik söhbət kimi oxumalarını tövsiyə etməzdim.
O sadə səbəbə görə ki, müsahibənin məzmununa bütöv şəkildə nəzər saldıqda Azərbaycanın xarici siyasətdə daha bir mühüm prioriteti üzə çıxır.
Dövlət başçısının rəsmi internet səhifəsində avqustun 21-də yayımlanan müsahibə Azərbaycan-Özbəkistan əlaqələrindən bəhs etsə də, gözlərimizin önünə daha böyük bir geosiyasi mənzərə canlandırır: ticarət və investisiyadan nəqliyyata, yaşıl enerjidən Orta Dəhlizə, Türk Dövlətləri Təşkilatından Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qədər bir-birini tamamlayan çoxsaylı istiqamətlər eyni strateji xətt üzərində birləşdirilir. Prezident Azərbaycanla Özbəkistan arasındakı münasibətləri artıq sadəcə iki türk dövlətinin dostluğu kimi deyil, Avrasiya məkanında yeni inteqrasiya imkanları yaradan tərəfdaşlıq kimi təqdim edir.
Müsahibənin ən diqqətçəkən məqamı isə, şübhəsiz, Prezidentin “C5” formatının faktiki olaraq “C6” formatına çevrilməsi barədə fikridir.
Bu bir cümlənin arxasında Azərbaycanın son illərdə keçdiyi xarici siyasət və geoiqtisadi transformasiyanın mühüm nəticələrindən biri dayanır.
Mərkəzi Asiya dedikdə uzun müddət beş dövlət nəzərdə tutulurdu: Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan.
Bu beş ölkənin dövlət başçılarının Məşvərət görüşləri də məhz həmin regional çərçivə üzərində formalaşmışdı.
Azərbaycan isə coğrafi baxımdan Mərkəzi Asiya dövləti deyil. Biz Cənubi Qafqazda yerləşirik.
Məhz buna görə Bakının bu platformaya tamhüquqlu iştirakçı kimi daxil olması ilk baxışda qəribə görünə bilər.
Amma geosiyasət yalnız xəritədə çəkilmiş sərhədlərlə müəyyənləşmir.
XXI əsrdə dövlətlərin regional çəkisini müəyyən edən amillərdən biri onların nəyi birləşdirməsi, hansı marşrutlara nəzarət etməsi, hansı enerji və logistika sistemlərinə bağlanması və hansı siyasi platformalarda iştirak etməsidir.
Azərbaycanın C5-dən C6-ya keçidi məhz bu reallığın nəticəsidir.
Prezident müsahibəsində bildirir ki, ötən ilin noyabrında Daşkənddə keçirilmiş 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu formatda tamhüquqlu iştirakı barədə qərar qəbul edilib. Azərbaycanın prosesə fəal qoşulması nəticəsində əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib.
Burada mühüm olan yalnız Azərbaycanın masaya dəvət olunması deyil.
Mühüm olan Azərbaycanın masaya niyə dəvət olunmasıdır.
Çünki Bakı artıq Mərkəzi Asiya üçün “Xəzərin o tayındakı” tərəfdaş deyil.

Azərbaycan Mərkəzi Asiyanın Qərbə çıxışının əsas geoiqtisadi halqalarından biridir.
Bəli, Azərbaycanın ən böyük üstünlüklərindən biri bizim coğrafiyamızdır.
Lakin coğrafiyanın özü hələ üstünlük demək deyil. Üstünlük o zaman yaranır ki, dövlət həmin coğrafiyanı infrastruktur, diplomatiya, enerji siyasəti və iqtisadi əlaqələrlə siyasi kapitala çevirə bilsin.
İlham Əliyev məhz bunu edir.
Bir tərəfdə Mərkəzi Asiyanın nəhəng resursları, istehsal potensialı və sürətlə böyüyən iqtisadiyyatları dayanır.
Digər tərəfdə Türkiyə və Avropa bazarları var.
Bu iki məkanın arasında isə Xəzər dənizi və Azərbaycan yerləşir.
Deməli, Azərbaycan burada yalnız “tranzit ölkə” deyil.
Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında əlaqələndirici platformaya çevrilə bilər.
Əslində, Azərbaycanın son illərdə nəqliyyat siyasətinin məntiqi də bundan ibarətdir.
Orta Dəhliz yalnız Çindən Avropaya gedən alternativ marşrut deyil. O, Mərkəzi Asiyanın qərbə doğru iqtisadi inteqrasiyasının infrastrukturu ola bilər.
Bu baxımdan Prezidentin müsahibəsində Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasını xüsusi qeyd etməsi təsadüfi deyil.
Çünki ayrı-ayrı layihələr bir-birinə bağlandıqca ortaya ayrı-ayrı dəmir yollarından və nəqliyyat xətlərindən daha böyük bir şey çıxır.
Şərqdən Çin, oradan Mərkəzi Asiya, daha sonra Xəzər, Azərbaycan, Cənubi Qafqaz, Türkiyə və Avropa.
Bu, xəritədə yeni sərhəd yaratmır.
Yeni iqtisadi dəhliz yaradır.
Və iqtisadi dəhlizlər bəzən siyasi sərhədlərdən daha güclü olur.
Çünki ticarət marşrutu bir dəfə formalaşdıqdan sonra onun ətrafında limanlar, dəmir yolları, anbarlar, logistika mərkəzləri, investisiyalar, enerji layihələri və yeni siyasi maraqlar yaranır.
Beləliklə, bir nəqliyyat xətti zaman keçdikcə geosiyasi xəttə çevrilir.
“C6”-nın əhəmiyyəti də məhz burada ortaya çıxır.
C5 modeli Mərkəzi Asiyanın beş dövlətinin öz aralarında regional koordinasiyasını ifadə edirdi.
C6 isə bu koordinasiyanın Xəzərin qərb sahilinə qədər genişlənməsidir.
Başqa sözlə, Mərkəzi Asiyanın regional əməkdaşlıq məkanı coğrafi olaraq dəyişməsə də, onun siyasi-iqtisadi əlaqə xəritəsi genişlənir.
Azərbaycan bu mənada C6-nın “altıncı Mərkəzi Asiya dövləti” deyil.
Bu fərqi xüsusi vurğulamaq lazımdır.
Azərbaycan Mərkəzi Asiyanın coğrafi tərkibinə daxil olmayıb. Sadəcə olaraq, Mərkəzi Asiyanın regional əməkdaşlıq mexanizminin tamhüquqlu iştirakçısına çevrilib.
Bu, əslində daha maraqlı modeldir.
Çünki Azərbaycan öz coğrafi kimliyini dəyişmədən regional siyasi çəkisini genişləndirir.
Başqa sözlə, Azərbaycan Mərkəzi Asiyaya köçmür; Mərkəzi Asiyanın əməkdaşlıq coğrafiyası Azərbaycanın sayəsində genişlənir.
İnsafən, bu prosesdə Özbəkistanın rolunu da ayrıca qiymətləndirmək lazımdır.
Özbəkistan Mərkəzi Asiyanın ən mühüm dövlətlərindən biridir. Ölkənin böyük əhalisi, iqtisadi potensialı, coğrafi mövqeyi və regiondakı siyasi çəkisi onu regional proseslərin əsas aktorlarından birinə çevirir.
Prezident müsahibəsində iki ölkə arasında son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirildiyini, münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edir.
Burada qarşılıqlı maraq kifayət qədər aydındır.
Özbəkistan öz məhsullarını Azərbaycan vasitəsilə Qərbə çıxarmaqda maraqlıdır.
Azərbaycan isə Özbəkistan və bütövlükdə Mərkəzi Asiya ilə Avropa arasında qurulan yeni iqtisadi əlaqələrin əsas qovşaqlarından birinə çevrilmək istəyir.
Əks istiqamətdə isə Qərb kapitalı və texnologiyası Mərkəzi Asiyaya daha rahat çıxış əldə edə bilər.
Beləliklə, Azərbaycanla Özbəkistan arasındakı münasibətlər ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq daha böyük bir regional layihənin hissəsinə çevrilir.
Müsahibənin digər mühüm tərəfi C6 ilə Türk Dövlətləri Təşkilatı arasında yaranan təbii əlaqədir.
Azərbaycan və Özbəkistan TDT-ni yalnız mədəni əməkdaşlıq platforması kimi görmür. Prezident müsahibəsində təşkilat çərçivəsində Türk dünyasında daha sıx birliyin təmin edilməsi, siyasi, iqtisadi və hərbi gücün artırılması və qlobal arenada təsir mərkəzinə çevrilməsi məqsədlərinin vurğulandığını bildirir.
Burada artıq iki paralel proses görürük.
Bir tərəfdə C6 var və onun vasitəsilə Mərkəzi Asiya ilə Azərbaycan arasında regional siyasi-iqtisadi əlaqələr genişlənir.
Digər tərəfdə TDT var - türk dövlətləri arasında daha geniş siyasi, iqtisadi və institusional inteqrasiya aparılır.
Bu iki proses bir-birini tamamlayır.
Taleh ŞAHSUVARLI
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ