Onlayn ictimai-siyasi qəzet
1991-ci il avqustun 19-22-də Sovet İttifaqında baş verən dövlət çevrilişinə cəhd SSRİ tarixinin son dönüş nöqtələrindən biri oldu. “Avqust qiyamı”, yaxud “QKÇP qiyamı” kimi tarixə düşən hadisə formal olaraq Mixail Qorbaçovu hakimiyyətdən uzaqlaşdırmaq və Sovet İttifaqının dağılmasının qarşısını almaq məqsədi daşıyırdı. Lakin nəticə tam əksinə oldu: uğursuz çevriliş cəhdi SSRİ-nin süqutunu daha da sürətləndirdi.
Qiyamın əsas səbəbi Qorbaçovun SSRİ-ni faktiki olaraq yeni siyasi modelə keçirmək planı idi. 1991-ci il avqustun 20-də ittifaq respublikalarının səlahiyyətlərini genişləndirən yeni İttifaq müqaviləsinin imzalanması gözlənilirdi. Mühafizəkar kommunist dairələr hesab edirdilər ki, bu sənəd Sovet dövlətinin mövcudluğuna son qoyacaq.
Avqustun 18-də vitse-prezident Gennadi Yanayevin başçılıq etdiyi bir qrup yüksək vəzifəli şəxs Qorbaçovun Krımın Foros şəhərindəki iqamətgahına getdi. Ondan yeni müqavilənin imzalanmasından imtina etməsi tələb olundu. Qorbaçov razılaşmadıqda onun xarici dünya ilə əlaqəsi kəsildi, iqamətgahı mühasirəyə alındı və telefon-rabitə xətləri dayandırıldı.
Avqustun 19-da səhər “QKÇP” SSRİ ərazisində fövqəladə vəziyyət elan etdiyini və Qorbaçovun prezident vəzifəsini icra edə bilmədiyini açıqladı. Yanayev prezident səlahiyyətlərinin müvəqqəti olaraq ona keçdiyini bildirdi. Moskvaya hərbi texnika və qoşunlar yeridildi.
Lakin çevrilişçilərin qarşısında gözləmədikləri əsas maneə Rusiyanın rəhbəri Boris Yeltsin oldu. O, “QKÇP”nin qərarlarını qanunsuz elan etdi və xalqı müqavimət göstərməyə çağırdı. Moskvanın Ağ Evi qarşısında minlərlə insan toplaşdı, barrikadalar quruldu. Avqustun 21-nə keçən gecə baş verən qarşıdurmada üç nəfərin həlak olması isə qiyamın faciəvi nəticələrindən biri oldu.
“QKÇP” daxilində də yekdillik yox idi. Ordu rəhbərliyi genişmiqyaslı qan tökülməsinə getmək istəmirdi. Müdafiə naziri Dmitri Yazov avqustun 21-də qoşunların Moskvadan çıxarılması barədə əmr verdi. Qiyamçıların planı faktiki olaraq iflasa uğradı.
Avqustun 22-də Qorbaçov Moskvaya qayıtdı. “QKÇP”nin əsas üzvləri həbs edildi. Daxili işlər naziri Boris Puqo isə intihar etdi.
Qiyamdan cəmi bir neçə gün sonra Qorbaçov Kommunist Partiyasının rəhbərliyindən istefa verdi. Dekabrın 8-də Rusiya, Ukrayna və Belarus rəhbərləri Belovejsk sazişi ilə SSRİ-nin fəaliyyətinin dayandırıldığını elan etdilər. Dekabrın 25-də isə Qorbaçov SSRİ prezidenti vəzifəsindən istefa verdi. Ertəsi gün Sovet İttifaqının mövcudluğuna hüquqi baxımdan da son qoyuldu.
Həmin günlərdə Azərbaycanın mövqeyi vahid olmayıb. O dövrdə prezident Ayaz Mütəllibov və Azərbaycan Kommunist Partiyasının rəhbərliyi “QKÇP”yə faktiki olaraq dəstək verən mövqe tutmuşdu. Avqustun 21-də Mütəllibovun adından yayılan müraciətdə komitənin fəaliyyətinə ümid ifadə olunmuşdu. Sonradan Mütəllibov bu mövqenin onun razılığı olmadan formalaşdırıldığını və Qorbaçovun devrilməsini dəstəkləmədiyini bildirmişdi. Buna qarşı Azərbaycan Xalq Cəbhəsi “QKÇP”ni dərhal pisləmiş, Bakıda etiraz aksiyası keçirməyə cəhd etmişdi. Nəticədə, “QKÇP”nin iflasından sonra Azərbaycanda müstəqillik prosesi sürətləndi və 30 avqust 1991-ci ildə Azərbaycan Ali Soveti dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul etdi, 18 oktyabrda isə Konstitusiya Aktı qəbul edildi.
Bəs o zamankı prezident Ayaz Mütəllibovun mövqeyi əslində necə olmuşdu?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, bu məsələ Azərbaycan tarixində kifayət qədər sənədləşmiş epizoddur:
“Üstəlik, o günlərdə Bakıda hadisələrin mərkəzində olmuşam və etiraz aksiyalarında o gün və sonrakı müddətdə iştirak etmişəm. Mütəllibov və onun hakimiyyəti "QKÇP"ni dəstəkləyib. 19 avqustda SSRİ-də “QKÇP” hakimiyyəti ələ keçirdiyini elan etdi. Mixail Qorbaçovun Krımda təcrid edildiyi bildirildi. Çevriliş başlayanda Ayaz Mütəllibov İranda səfərdə idi. Həmin günlərdə verdiyi açıqlamalarda 19 avqustda Qorbaçovun vəzifədən kənarlaşdırılmasını “məntiqli nəticə” adlandırdı və sonrakı günlərdə Azərbaycan hakimiyyəti qiyamı dəstəkləyən addımlar atdı.
21 avqustda Azərbaycan televiziyasında Ayaz Mütəllibovun bəyanatı oxundu. Bəyanatda fövqəladə vəziyyətin tətbiqi “müvəqqəti və zəruri tədbir” kimi təqdim edilir və “QKÇP”nin ölkəni böhrandan çıxarmaq məqsədi daşıdığı bildirilirdi. Sonradan çevriliş baş tutmayanda həmin bəyanatın qəzetlərdə dərc edilməməsi və nüsxələrinin məhv edilməsi barədə göstəriş verildi. Mütəllibov əvvəlcə qiyamı dəstəklədi, çevrilişin iflasından sonra isə mövqeyini dəyişdi. Mütəllibov 2016-cı ildə verdiyi müsahibədə həmin bəyanatın onun adından başqaları tərəfindən verildiyini və “QKÇP”ni şəxsən dəstəkləmədiyini söyləyib. Hətta AXC-yə qarşı avqust aksiyasının dağıdılmasından da xəbərsiz olduğunu iddia edib. Bu mümkün idimi? Əlbəttə, yox..."
Fərəc Quliyev qeyd etdi ki, AXC-nin mövqeyi isə tamamilə əks idi: “Azərbaycan Xalq Cəbhəsi qiyama qarşı çıxdı. AXC bunu Moskvanın kommunist-sovet sistemini zor yolu ilə saxlamaq cəhdi kimi qiymətləndirirdi və Azərbaycanın demokratikləşməsi və müstəqilliyi baxımından təhlükə hesab edirdi. AXC çevrilişə qarşı oldu və liberal qüvvələri açıq şəkildə dəstəklədi. Bakıda AXC etiraz aksiyası keçirməyə cəhd etdi. Aksiya dağıdıldı, Əbülfəz Elçibəy başından yaralandı, bir sıra fəallar saxlanıldı.
22 avqustda isə qiyamçılar məğlub oldu. Onların süqutundan sonra vəziyyət sürətlə dəyişdi. 30 avqust 1991-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul edildi".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ