İnsanlara hürriyət, millətlərə istiqlal!

6,9 milyardlıq fırıldaq şəbəkəsi – ŞOK SƏNƏDLƏR

Rusiyaya qarşı sanksiyalardan yayınmaq üçün yaradılmış mürəkkəb maliyyə şəbəkəsinin dünyanın ən böyük bankları üzərindən milyardlarla dollar dövriyyə etdiyi üzə çıxıb. Əməliyyatların bir hissəsinin hərbi təyinatlı məhsulların və Rusiya güc strukturları üçün malların alınması ilə əlaqəli olduğu bildirilir.

Musavat.com xəbər verir ki, bunu “Financial Times” (FT) geniş araşdırması nəticəsində müəyyən edib.

Nəşrin məlumatına görə, Rusiya hakimiyyət dairələri ilə əlaqələndirilən A7 transsərhəd ödəniş sistemi saxta sənədlər və çoxsaylı vasitəçi şirkətlərdən istifadə etməklə beynəlxalq bank sistemi üzərindən 6,9 milyard dollardan çox vəsait keçirib.

FT-nin araşdırmasına görə, təkcə 2024-cü ilin sonundan 2025-ci ilin avqustuna qədər A7 ilə əlaqəli strukturlardan Honkonqdakı Standard Chartered hesablarına 1,1 milyard dollar daxil olub. DBS Banka 273 milyon dollar, Citigroup müştərilərinə 74 milyon dollar, Deutsche Bank vasitəsilə isə təxminən 18 milyon dollar yönəldilib.

First Abu Dhabi Bankda A7 ilə əlaqəli 17 struktur üçün hesabların açıldığı və həmin hesablardan 1,8 milyard dollardan artıq çıxış ödənişlərinin həyata keçirildiyi bildirilir. Şəbəkəyə bağlı strukturların JPMorgan Chase və DBS-də də hesablarından istifadə etdiyi müəyyənləşdirilib.

Araşdırmanın ən diqqətçəkən hissələrindən biri bankların nəzarət mexanizmlərinin necə aldadılması ilə bağlıdır.

FT-nin əldə etdiyi materiallara əsasən, A7-də minlərlə korporativ möhürdən ibarət xüsusi baza yaradılıb. Bunların arasında həm tamamilə saxta möhürlər, həm də fəaliyyətindən xəbəri olmayan real şirkətlərin sənədlərindən köçürülmüş möhürlər olub.

Əməkdaşlara sanksiya tətbiq edilən məhsulların gömrük kodlarını məhdudiyyətə düşməyən oxşar malların kodları ilə əvəz etmək, həmçinin sənədlərdən Rusiyaya işarə edən məlumatları, o cümlədən kiril əlifbasını çıxarmaq tapşırılırdı.

FT bunun konkret nümunəsini də müəyyən edib.

2025-ci ilin fevralında A7 rusiyalı müştəri üçün 500 gecəgörmə cihazının alınmasına 3,6 milyon yuan – təxminən 510 min dollar ödəniş həyata keçirib. Lakin banka təqdim edilmək üçün hazırlanmış sənədlərdə söhbət gecəgörmə cihazlarından deyil, bərkidilmiş şüşə alınmasından gedib.

Araşdırmaya görə, əməkdaşlar hətta sənədlərdə məhsulu “ayaqqabı” kimi göstərməyi müzakirə ediblər. Sonda əvvəlki ödəniş sənədləri ilə uyğunsuzluq yaranmaması üçün “şüşə” variantında qalıblar.

FT A7 ilə əlaqəli 100 vasitəçi şirkət üzərindən həyata keçirilən ödənişlərin izini müəyyənləşdirib. Daxili sənədlər isə şəbəkədə bundan əlavə ən azı daha 100 belə strukturun mövcud olduğunu göstərir. Onların onlarla şirkəti BƏƏ, Honkonq, Qırğızıstan və İndoneziyada yerləşib.

İzlənilən pul axınının yarıdan çoxunun son nəticədə Çin banklarındakı hesablara daxil olduğu bildirilir.

Standard Chartered 2025-ci ilin fevralında şübhəli əməliyyatları müəyyən etdikdən sonra A7 ilə əlaqəli alıcıların hesablarını bağlayıb. Bundan sonra şəbəkə ödənişlərini daha fəal şəkildə BƏƏ üzərindən həyata keçirməyə başlayıb.

First Abu Dhabi Bank FT-yə A7 ilə əlaqəsi müəyyənləşdirilmiş bütün hesabların artıq bağlandığını bildirib. Standard Chartered, Citigroup, JPMorgan və Deutsche Bank isə çirkli pulların yuyulmasına qarşı tələblərə əməl etdiklərini bəyan ediblər.

A7-nin sanksiyalardan yayınma mexanizmlərində iştirakı ilə bağlı iddialar bundan əvvəl də səsləndirilmişdi. ABŞ Maliyyə Nazirliyi 2025-ci ilin avqustunda A7-ni sanksiya siyahısına daxil edərkən şirkəti Rusiyaya transsərhəd hesablaşmalar və sanksiyalardan yayınmaq üçün istifadə edilən platforma kimi xarakterizə edibmiş. ABŞ qurumunun məlumatına görə, A7 sanksiya altında olan moldovalı oliqarx İlan Şor və Rusiyanın Promsvyazbankı ilə əlaqəlidir.

FT-nin yeni araşdırması isə şəbəkənin kriptovalyutadan istifadə etməklə yanaşı, ənənəvi beynəlxalq bank sisteminə də geniş çıxış əldə etdiyini və milyardlarla dolları böyük maliyyə institutları üzərindən hərəkət etdirə bildiyini göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR