İnsanlara hürriyət, millətlərə istiqlal!

Abidələrə qarşı yeni təhlükə - bu dəfə “qızıl ovçuları” yox, qanunsuz rekonstruksiya...

Baş Prokurorluq Bakıda dövlət mühafizəsində olan 3 tarixi abidədə qanunsuz yenidənqurma aşkarladı – milli irsimizi kim və necə qoruyur?

Azərbaycanın tarix və mədəniyyət abidələri təkcə daşdan, kərpicdən, günbəzdən və divardan ibarət deyil. Onlar bir xalqın yaddaşı, keçmişinin canlı sənədi, gələcək nəsillərə ötürdüyü milli mirasıdır. Lakin bu mirasın qorunması məsələsi zaman-zaman ciddi suallar doğurur. Baş Prokurorluğun son açıqlaması isə həmin sualları yenidən gündəmə gətirir.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Mədəniyyət Nazirliyindən daxil olmuş məlumatlar əsasında Bakı şəhərinin Nəsimi və Xəzər rayonlarında dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində qanunsuz işlərin görülməsi ilə bağlı araşdırma aparılıb. Araşdırma zamanı Nəsimi rayonunda Nizami küçəsi 81 və Bülbül prospekti 36C ünvanlarında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan qeyri-yaşayış obyektlərində, həmçinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerli əhəmiyyətli memarlıq abidəsi olan məsciddə müvafiq razılaşdırma aparılmadan yenidənqurma işlərinin həyata keçirildiyi müəyyən edilib.

Yəni söhbət sadəcə bir binanın təmirindən getmir. Söhbət dövlətin xüsusi mühafizəsinə götürdüyü tarixi tikililərə qanunun müəyyən etdiyi prosedurlar pozularaq müdaxilə edilməsindən gedir. Aşkar edilmiş qanun pozuntularının təkrarlanmaması üçün həmin əməllərə yol vermiş şəxslərə prokuror təsir aktı olan xəbərdarlıq elan edilib.

Amma burada daha mühüm sual yaranır: Tarixi abidənin görünüşü dəyişdirildikdən, divarı söküldükdən, memarlıq xüsusiyyəti pozulduqdan sonra xəbərdarlıq kifayət edirmi?

Abidə bir dəfə dəyişdirildisə, onu əvvəlki vəziyyətinə qaytarmaq həmişə mümkün olmur.

Musavat.com illərdir bu problemin müxtəlif tərəflərini gündəmə gətirir.

“Qızıl axtaranlar tarixi abidələrimizi məhv edir” sərlövhəli araşdırmamızda Azərbaycanın bölgələrində qədim abidələrin qızıl axtaranlar tərəfindən dağıdılması barədə yazılmışdı. Həmin yazıda Zaqatala və Balakən ərazisində qədim alban məbədlərinin özüllərinin qazıldığı, qala divarlarının və bürclərin baxımsız vəziyyətdə qaldığı qeyd olunurdu.

Sonrakı illərdə problem başqa formalarda da özünü göstərdi. 2015-ci ildə Musavat.com Şəkinin Cəfərabad kəndində dövlət qeydiyyatında olan tunc dövrünə aid kurqanda “qızıl axtaranlar” tərəfindən qanunsuz qazıntı aparıldığını yazmışdı.

Deməli, tarixi irsə təhlükə yalnız zamanın və təbiətin dağıdıcı təsiri deyil. Bəzən insanın özü abidənin ən böyük düşməninə çevrilir.

“Qızıl qızdırması”ndan qanunsuz tikintiyə qədər...

Bu problemin ən dramatik nümunələrindən biri isə son illərdə İsmayıllıdakı Niyal qalası ətrafında baş verənlərdir.

Musavat.com-un 2026-cı ilin yanvarında dərc etdiyi məqalədə 2023-cü ilin noyabrında IX-XII əsrlərə aid Niyal qalasının Qərb bürcündə “dəfinə” ümidi ilə qanunsuz qazıntı aparılmasından söhbət açılırdı. Dövlət mühafizəsində olan abidədəki qazıntılar nəticəsində qala divarlarının bir hissəsi uçurulub. 2025-ci ilin fevral-mart aylarında isə qazıntıların yenidən davam etdirildiyi, nəticədə qalanın ön hissəsindən 5,38 metr, arxa hissəsindən 2 metr uzunluğunda divarın dağıdıldığı qeyd olunurdu.

Daha sonra, may ayında Musavat.com Niyal qalası ilə bağlı məhkəmə qərarını da işıqlandırdı. Yazıda qala ərazisində qanunsuz qazıntı aparmaqda və abidəyə ciddi ziyan vurmaqda ittiham olunan şəxslərlə bağlı cinayət işinə xitam verildiyi bildirildi. Bu hadisə başqa bir mühüm məqamı ortaya çıxarır: tarixi abidənin dağıdılması bəzən bir neçə nəfərin “xəzinə axtarışı” kimi təqdim olunur, amma nəticədə itirilən təkcə daş və divar olmur.

WhatsApp Image 2026-08-28 at 13.25.37.jpeg (221 KB)

İtirilən arxeoloji qat, tarixi məlumat, elmi tədqiqat imkanı və milli yaddaşdır. İndi isə təhlükənin başqa üzü görünür. Niyal qalasında təhlükə metal detektor və qazma alətləri ilə gəlmişdisə, Bakının mərkəzindəki abidələrdə başqa mənzərə ilə qarşılaşırıq. Burada təhlükə “qızıl axtarışı” deyil. Təhlükə abidənin qanunsuz şəkildə yenidən qurulmasıdır. Bir qədim binanın fasadının dəyişdirilməsi, tarixi elementlərinin sökülməsi, yeni konstruksiyaların əlavə edilməsi, memarlıq görünüşünün dəyişdirilməsi ilk baxışda “təmir” kimi qəbul olunur. Amma abidə üçün belə müdaxilə bəzən onun tarixi kimliyinin itirilməsi deməkdir.

2023-cü ildə də Musavat.com Bakının mərkəzi küçələrində yerləşən bir sıra tarix-memarlıq abidələrinə qanunsuz müdaxilə faktlarının qarşısının alındığını yazmışdı. Səbail rayonunda yerli əhəmiyyətli memarlıq abidəsinin fasadında icazəsiz rəngləmə işləri aparılmış, müdaxilə aradan qaldırılaraq tarixi tikili ilkin görkəminə qaytarılmışdı. Həmçinin bəzi abidələrə vurulan qanunsuz reklam lövhələri sökülmüşdü. Bu faktlar göstərir ki, problem sistemli diqqət tələb edir.

Qanun nə deyir?

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsinə, toxunulmazlığının pozulmasına, habelə onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, bərpa, yenidənqurma və digər işlərin qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmadan aparılmasına yol verilmir. Baş Prokurorluğun açıqlamasında da bu prinsip xüsusi vurğulanır. Bundan başqa, qanunvericiliyin tələblərinin pozulması inzibati məsuliyyət yarada bilər. İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsində mədəni sərvətlərin qorunması ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına, o cümlədən müvafiq razılaşdırma aparılmadan rekonstruksiya, bərpa, konservasiya və digər işlərin görülməsinə görə məsuliyyət nəzərdə tutulur. Daha ağır nəticələr isə cinayət məsuliyyətinə səbəb ola bilər. Dövlət tərəfindən qorunan mədəni sərvətlərin qəsdən korlanması və ya məhv edilməsi Cinayət Məcəlləsinin 246-cı maddəsi, ehtiyatsızlıqdan məhv edilməsinə səbəb olan əməllər isə 246-1-ci maddə ilə qiymətləndirilə bilər. Başqa sözlə, “mən binanın sahibiyəm, istədiyim kimi dəyişə bilərəm” yanaşması tarixi abidələrə münasibətdə keçərli deyil. Tarixi abidənin sahibi olmaq onun tarixini dəyişmək hüququ vermir.

Burada xüsusilə bir məqamı ayırmaq lazımdır. Tarixi abidənin fiziki olaraq hansısa şəxsin və ya qurumun istifadəsində olması həmin şəxsin abidənin memarlıq simasını sərbəst şəkildə dəyişməsi anlamına gəlmir. Çünki belə tikililər yalnız konkret sahibinin əmlakı deyil, cəmiyyətin və dövlətin qoruduğu mədəni irs obyektidir.

Musavat.com-un əvvəlki araşdırmalarında göstərildiyi kimi, dəfinə ovçularının qanunsuz qazıntıları arxeoloji qatları geridönməz şəkildə məhv edir.

2026-cı ilin yanvarında dərc olunan araşdırmada da vurğulanırdı ki, bir qanunsuz qazıntı təkcə divarı dağıtmır, gələcək elmi tədqiqat imkanlarını da məhv edir. Amma eyni məntiq qanunsuz rekonstruksiyaya da aiddir. Abidənin üzərinə müasir konstruksiya əlavə edilirsə, tarixi fasad dəyişdirilirsə, qədim materiallar sökülürsə və ya binanın memarlıq quruluşuna müdaxilə edilirsə, nəticədə tarix “təmir” adı altında da zədələnə bilər. Bir halda abidənin altını qazırlar. Digər halda üstünə və içinə müdaxilə edirlər. Nəticə isə eynidir - tarixi irs itirir.

Baş Prokurorluğun xəbərdarlıq etməsi, şübhəsiz ki, hüquqi profilaktikanın bir formasıdır. Lakin abidələrin qorunması yalnız pozuntu baş verdikdən sonra reaksiya verməklə məhdudlaşmamalıdır. Əsas məsələ pozuntunun baş verməsinin qarşısını almaqdır. Bunun üçün dövlət mühafizəsində olan abidələrin vahid və daim yenilənən elektron reyestrinin, onların foto və texniki vəziyyətinin mütəmadi monitorinqinin, qanunsuz tikinti və rekonstruksiyaların erkən aşkarlanması mexanizmlərinin daha da gücləndirilməsi vacibdir. Çünki tarixdə bir çox şeyi bərpa etmək mümkündür. Amma məhv edilmiş tarixi qatın, dəyişdirilmiş memarlıq detalının və itirilmiş autentikliyin geri qaytarılması həmişə mümkün deyil. Bu gün Niyal qalasında qızıl axtaranların qazdığı çuxur, sabah Bakıda qədim bir binanın sökülmüş fasadı, başqa gün isə bir kənd məscidinin dəyişdirilmiş memarlıq görünüşü eyni problemin müxtəlif üzləridir. Azərbaycanın abidələri nə qızıl axtaranların xəzinə xəritəsidir, nə də sahibinin istədiyi kimi dəyişdirə biləcəyi adi tikililər. Onlar xalqın tarixidir. Tarix isə bir dəfə dağıldımı, onu yenidən tikmək mümkün olsa belə, itirilmiş əsli geri qaytarmaq olmur.

E.Məmmədəliyev
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR