Onlayn ictimai-siyasi qəzet
ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın rəhbərlik etdiyi Vaşinqton administrasiyasına Çikaqo şəhəri və İllinoys ştatına Milli Qvardiyanı bu mərhələdə yerləşdirməyi qadağan edib.
Musavat.com xəvər verir ki, bu, ABŞ-ın ən yüksək məhkəməsinin dərc olunmuş qərarında əksini tapıb: "İcraatın bu ilkin mərhələsində hökumət ordunun İllinoys ştatında qanunları müdafiə etməsinə imkan verəcək səlahiyyət mənbəyini müəyyən edə bilməyib".
Qərarda qeyd olunur ki, Vaşinqton administrasiyasının bu cür addımları yalnız müstəsna hallarda mümkündür. Lakin qərar qəti deyil; Ali Məhkəmə məsələni nəzərdən keçirməyə davam edəcək.
Tramp administrasiyası iğtişaşları yatırmaq və ölkədən qanunsuz immiqrantların kütləvi şəkildə çıxarılmasında iştirak edən şəxsi heyətin təhlükəsizliyini təmin etmək adı altında Çikaqoya Milli Qvardiya qoşunlarını yerləşdirməyə çalışır. İllinoys qubernatoru J. Robert Pritzker və Çikaqo meri Brandon Johnson Milli Qvardiya qoşunlarının bu əraziyə yerləşdirilməsinə qarşı çıxırlar. Pritzker və Johnson Vaşinqton administrasiyasını miqrantlara qarşı həddindən artıq sərt tədbirlər görməkdə ittiham edən müxalifət Demokrat Partiyasını təmsil edirlər.
Oktyabr ayında İllinoys ştatındakı federal rayon məhkəməsi Trampın Çikaqodakı iğtişaşlarla mübarizə aparmaq üçün Milli Qvardiyanı yerləşdirməsini qeyri-müəyyən müddətə qadağan edib. Ölkə daxilində bir neçə məhkəmə artıq prezidentin Milli Qvardiya qoşunlarını Demokratların nəzarətində olan ştatlara yerləşdirmək qərarını bloklayıb.
8 oktyabrda ABŞ Şimal Komandanlığı federal hakimiyyət orqanlarının İllinoysda hüquq-mühafizə orqanlarının fəaliyyətini təmin etmək üçün təxminən 500 Milli Qvardiya əsgəri yerləşdirdiyini və onları Çikaqoya göndərdiyini bildirib.
Tramp dəfələrlə İllinoys qubernatorunu ştatın ən böyük şəhərində təhlükəsizliyi təmin etmədiyi iddiası ilə tənqid edib. Amerika liderinin sözlərinə görə, Çikaqo dəhşətli cinayətkarlıq səviyyəsinə görə "cəhənnəm yuvasına" çevrilib. Pritzker isə bildirib ki, Tramp özünü diktator kimi görür və şəhərə qarşı müharibə ilə hədələyir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ