Onlayn ictimai-siyasi qəzet
"Şərqi Aralıq dənizində İsrail, Yunanıstan və Kipr (Yunanıstan Respublikası) arasında formalaşan strateji əməkdaşlıq son illər təkcə siyasi və təhlükəsizlik müstəvisində deyil, enerji və infrastruktur sahəsində də yeni məzmun qazanır".
Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, hər üç ölkə aralarındakı ittifaqı gücləndirir, müxtəlif ortaq layihələr reallaşdırmağa çalışırlar. Politoloqun sözlərinə görə, ABŞ-da yəhudi və yunan lobbilərinin güclü olması bu ölkələrin Konqresdəki təşəbbüslərinə də təsir göstərir:
"ABŞ-da yəhudi və yunan lobbiləri güclüdür və onlar Konqresə təsir edərək adı çəkilən ölkələr arasındakı ittifaqın dəstəklənməsini təmin etməyə çalışırlar. Hazırda 3 ölkə arasında elektrik şəbəkələrini birləşdirən “Great Sea Interconnector” (GSI) layihəsi mövcuddur. ABŞ qanunvericiləri layihəni elektrik bağlantısı kimi görürlər. Onlar bunu regional dayanıqlığı gücləndirə və Avropa, Yaxın Şərq və Hindistan arasında daha sıx iqtisadi əlaqələri dəstəkləyə biləcək daha geniş strateji şəbəkənin bir hissəsi kimi təqdim edirlər.
Mövcud layihənin dəstəklənməsi təşəbbüsünə İllinoys ştatından konqresmen Bred Şnayder və Florida ştatından olan konqresmen Qas Bilirakis rəhbərlik edib. Onların rəhbərliyi altında bir qrup amerikalı konqresmen Vaşinqtonun həmin layihəni dəstəkləməsini istəyiblər".
Elxan Şahinoğlu qeyd edib ki, konqresmenlərin çağırışı ilk növbədə dövlət katibi Marko Rubioya və ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının İcraçı direktoru Ben Blekə ünvanlanıb:
"Çağırışı imzalayan konqresmenlər hesab edirlər ki, layihə ABŞ-ın maraqlarına cavab verir. Konqresmenlər Vaşinqtonun bu layihəni dəstəkləməsiylə ABŞ-nin Şərqi Aralıq dənizindəki maraqlarının güclənəcəyini iddia ediblər. Konqresmenlər ayrıca, məktubda Hindistandan başlanan Yaxın Şərqi və Avropanı əhatə edən dəhlizin (IMEC) ABŞ strateji maraqlarına cavab verdiyini vurğulayıblar. Konqresmenlərin məktubunda bu layihə bölgədə sabitliyə və rifaha xidmət edəcəyi bildirilib. Onlar hesab edirlər ki, “Great Sea Interconnector” şəbəkəsi IMEC layihəsinin reallaşmasında əsas rol oynayacaq. Konqresmenlər layihəyə dəstəyin vacibliyini belə əsaslandırıblar ki, elektrik şəbəkəsi Kirp (Yunan) Respbulikasının Avropanın elektrik sisteminə qoşulmasına şərait yaradacaq, İsrailin elektrik təchizatı təhlükəsizliyini gücləndirəcək və Avropa ilə Şərqi Aralıq dənizi arasında etibarlı, təmiz və ikitərəfli elektrik axını üçün platforma yaradacaq. Layihəyə Fransa da dəstək verib. Fransa şirkətləri layihənin reallaşmasına maraq göstərir, yatırım imkanlarını öyrənirlər".
Müraciətdə diqqət çəkən məqamlardan biri isə konqresmenlərin Donald Tramp administrasiyasından layihənin tamamlanmasına təsir göstərə biləcək geosiyasi çətinliklərlə bağlı məxfi məlumat tələb etməsidir.
Elxan Şahinoğlu hesab edir ki, bu detal xüsusi əhəmiyyət daşıyır:
"Konqresmenlərin məktubunda maraqlı məqam da var. Onlar Tramp administrasiyasından layihənin tamamlanmasına təsir göstərə biləcək geosiyasi çətinliklər barədə məxfi məlumat tələb ediblər. Bu o deməkdir ki, konqresmenlər layihənin reallaşmasına mane olan geosiyasi amillərin varlığını qəbul edirlər. Bölgə ölkələrinin bir qrupu IMEC layihəsinə müsbət yanaşmır. Digər tərəfdən Yaxın Şərqdəki mövcud gərginlik layihənin reallaşması yolunda ən böyük əngəldir".
Xalidə Gəray
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ