Onlayn ictimai-siyasi qəzet
ABŞ Ali Məhkəməsi Tennessi ştatında ölüm cəzasına məhkum edilmiş 50 yaşlı Krista Paykın edamının dayandırılması ilə bağlı vəkillərinin verdiyi son müraciəti rədd edib. Bu qərardan sonra Payk, son 200 ildən çox müddətdə Tennessi ştatında edam edilən ilk qadın kimi tarixə düşəcək.
Musavat.com xəbər verir ki, edam hökmü Neşvill şəhərindəki “Riverbend” həbsxanasında ölümcül iynə vasitəsilə icra olunması nəzərdə tutulur.
Krista Payk 1995-ci ildə Noksvill şəhərində problemli yeniyetmələr üçün nəzərdə tutulmuş təlim düşərgəsində 19 yaşlı sinif yoldaşı Kollin Slemmeri amansızlıqla döyərək, işgəncə verərək öldürməkdə təqsirli bilinib. O zaman 18 yaşı olan Payk bu cinayəti sevgilisi ilə birgə törədib. Cinayətə səbəb kimi Paykın zərərçəkəni onun sevgilisini əlindən almağa çalışmaqda ittiham etməsi göstərilib.
Slemmerin meyiti sinəsinə tərs çevrilmiş pentaqram – bəzi şeytani qruplarla əlaqələndirilən simvol həkk olunmuş vəziyyətdə tapılıb. Payk simvolu özünün həkk etdiyini inkar etsə də, düşərgənin digər sakinləri onun qətldən sonra öyündüyünü və hətta qurbanın kəllə sümüyünün bir hissəsini onlara göstərdiyini bildiriblər. 1996-cı ildə məhkəmənin çıxardığı qərarla o, həbs olunduğu zaman ABŞ-da ölüm hökmü alan ən gənc şəxs olub. Paykın vəkilləri son ana qədər edamın dayandırılması üçün mübarizə aparıblar. Onlar müdafiə çıxışlarında 18 yaşlı şəxsin beyninin tam formalaşmadığını, cinayət törədilən zaman Paykın psixoloji cəhətdən yetkin olmadığını və bu səbəbdən ölüm cəzasına layiq görülməməli olduğunu iddia ediblər.
Lakin Tennessi qubernatoru Bill Li Paykın əfv tələbini qətiyyətlə rədd edərək prosesə müdaxilə etməyəcəyini açıqlayıb. Ali Məhkəmənin də son müraciəti geri çevirməsi ilə edamın qarşısındakı bütün hüquqi maneələr aradan qalxıb.
ABŞ-da ölüm cəzasının tətbiqi həm cinsi disproporsiya, həm də ştatlar üzrə hüquqi fərqliliklər baxımından diqqət çəkir. Xüsusilə, Ali Məhkəmənin 1976-cı ildə ölüm cəzasını bərpa etməsindən bu günə qədər ölkə üzrə icra edilən 1600-dən çox edam hökmünün yalnız 18-i qadınların payına düşüb ki, bu da ümumi göstəricinin 1 faizindən azını təşkil edir. Hazırda ABŞ-ın 27 ştatında ölüm cəzası hüquqi olaraq qüvvədə qalsa da, Federal Hökumət və bir çox ştatlar (məsələn, Kaliforniya, Pensilvaniya və Oreqon) edamların icrasına moratorium tətbiq edib. Paykın edamı ABŞ-da ölüm cəzası ətrafında gedən etik və hüquqi mübahisələri yenidən alovlandırıb.
ABŞ-da edam edilən qadınların törətdiyi cinayətlər isə əsasən maliyyə qazancı, ailəiçi zorakılıq və ya amansız qətllərlə bağlı olub.
ABŞ-da ölüm cəzasının bərpasından sonra edam edilən ilk qadın Velma Barfield olub. O, Şimali Karolina ştatında öz anası və sevgilisi də daxil olmaqla bir neçə nəfəri sığorta pulu və maliyyə mənfəəti üçün arsenic zəhəri ilə qətlə yetirmişdi. Digər səs-küylü işlərdən biri Texasda Karla Faye Tuckerin icra edilən edamı idi. O, 1983-cü ildə iki nəfəri külünglə amansızcasına öldürmüş, lakin həbsxanada dini qəbul edərək tamamilə dəyişdiyini bildirməsi beynəlxalq miqyasda böyük müzakirələrə səbəb olmuşdu.
Florida ştatında edam edilən Judy Buenoano “Qara dul” ləqəbi ilə tanınmışdı. O, sığorta ödənişləri almaq üçün ərini zəhərləmiş, əlil oğlunu suda boğmuş və digər sevgilisinə sui-qəsd təşkil etmişdi. Oxşar şəkildə Texasda Betty Lou Beets 5-ci ərini güllələyərək həyətində basdırmışdı. Məhkəmə araşdırması zamanı onun əvvəlki ərlərinin də oxşar şəraitdə qətlə yetirildiyi ortaya çıxmışdı.
Maliyyə tamahı və sığorta dələduzluğu qadınlar tərəfindən törədilən ağır cinayətlərin əsas motivlərindən biri olub. Marilyn Plantz Oklahomada sığorta pulunu mənimsəmək üçün sevgilisi ilə birgə ərini döyərək avtomobildə yandırmışdı. Texasda Frances Nevton öz əri ilə yanaşı 7 yaşlı oğlunu və 21 aylıq qızını güllələyərək öldürmüş, Virciniyada Teresa Levis isə ailə üzvlərini qətlə yetirmək üçün 2 muzdlu qatil tutmuşdu.
Uşaqlara və yaxınlarına qarşı törədilən amansız cinayətlər də bu siyahıda xüsusi yer tutur. Kristina Marie Riggs Arkanzasda 2 azyaşlı övladına ölümcül doza dərman vuraraq onları boğub öldürmüşdü. Texasda Lisa Ann Coleman rəfiqəsi ilə birgə 9 yaşlı uşağı ac saxlayaraq və işgəncə verərək ölümünə səbəb olmuşdu.
Bəzi işlər isə cəmiyyətdə dərin psixoloji sarsıntı yaratmışdı. Onların arasında ən məşhuru Florida ştatında 7 kişini güllələyərək öldürən seriyalı qatil Aileen Vuornos idi. Onun həyatı və törətdiyi cinayətlər sonradan Hollivudda “Monster” filminə mövzu olmuşdu. Federal səviyyədə edam edilən Lisa Marie Montgomery isə hamilə bir qadını boğaraq onun bətnindəki körpəni kəsib oğurlamışdı. Montgomery 67 ildən sonra ABŞ-da federal hökumət tərəfindən edam edilən ilk qadın kimi tarixə düşmüşdü.
Hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı hücumlar və şəxsi qisas motivli cinayətlər də cəzasız qalmayıb. Lynda Lyon Block Alabamada həyat yoldaşı ilə birgə polis zabitini güllələmişdi. Vanda Jean Allen və Lois Nadean Smith Oklahomada şəxsi münaqişə zəminində yaxınlarını qətlə yetirmişdilər. Son illərdə isə Kelly Gissendaner Corciyada ərinin öldürülməsini təşkil etdiyi üçün, Kimberly McCarthy və Suzanne Basso Texasda soyğunçuluq və işgəncə cinayətlərinə görə edam ediliblər. Siyahıdakı sonuncu şəxs – Amber McLaughlin isə Missuri ştatında keçmiş sevgilisini izləyərək öldürmüş və ABŞ tarixində edam edilən ilk transseksual qadın olub.
E.Məmmədəliyev,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ