İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən Lənkərana gələn ən təhlükəli "qonaq" – Nazirlik hərəkətə keçdi

Adına baxanda adamın ağlına başqa şey gəlir. Sanki okeanın o tayından gəlmiş xüsusi qonaqdır. Amma bu dəfə söhbət siyasətdən, diplomatiyadan və ya beynəlxalq münasibətlərdən getmir. Lənkəranın bağlarına səfər edən Amerika kəpənəyidir. Görünüşü nə qədər zərif olsa da, gördüyü iş heç də zərif deyil – ağacları yarpaqsız qoymaq, məhsula zərbə vurmaq və fermerlərin zəhmətini heçə endirmək gücündədir. Söhbət təhlükəli invaziv zərərvericilərdən sayılan Amerika ağ kəpənəyindən gedir.

Musavat.com xəbər verir ki, hazırda Lənkəran rayonunda onun yayılmasının qarşısını almaq məqsədilə genişmiqyaslı mübarizə tədbirləri həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssisləri Nərimanabad, Üzümçülük, Liman, Port, Şirinsu, Boladi və Zövlə kəndlərində monitorinqlər apararaq zərərvericinin yayıldığı ocaqları müəyyən ediblər. Daha sonra həmin ərazilərdə operativ mübarizə tədbirlərinə başlanılıb.

Məlumata görə, zərərvericinin daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün ümumilikdə 500 hektar sahədə xüsusi aqrotexniki və kimyəvi mübarizə tədbirləri görülür. Müasir texnika və təsdiqlənmiş preparatlardan istifadə olunmaqla aparılan çiləmə işləri nəticəsində Amerika ağ kəpənəyinin populyasiyasının əhəmiyyətli dərəcədə azaldılması hədəflənir.

Amerika ağ kəpənəyi görünüşcə zərərsiz təsir bağışlasa da, tırtılları yüzlərlə bitki növünün yarpaqları ilə qidalanır. Bu isə ağacların fotosintez prosesini zəiflədir, inkişafını ləngidir və məhsuldarlığı ciddi şəkildə aşağı salır. Zərərverici xüsusilə tut, qoz, alma, armud, gilas, alça, ərik, gavalı, xurma, fındıq və digər meyvə ağaclarına, eləcə də park və meşə ağaclarına ciddi ziyan vurur.

Təhlükə bu mövsümlə məhdudlaşmır. Vaxtında məhv edilmədikdə sürfələr qısa müddətdə geniş ərazilərə yayılır, növbəti illərdə daha böyük populyasiya yaradır və mübarizə xərclərini dəfələrlə artırır. Buna görə də erkən monitorinq və operativ müdaxilə ən effektiv mübarizə üsulu hesab olunur.

Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər həm kənd təsərrüfatı məhsullarının qorunmasına, həm də yaşıllıq sahələrinin sağlam saxlanılmasına xidmət edir. Mütəxəssislər fermerlərə və torpaq mülkiyyətçilərinə də çağırış edirlər ki, ağacların üzərində hörümçək toruna bənzər yuvalar, yarpaqların sürətlə məhv olması və digər xarakterik əlamətlər müşahidə etdikdə dərhal aidiyyəti qurumlara məlumat versinlər. Erkən xəbərdarlıq yeni ocaqların vaxtında ləğv edilməsində həlledici rol oynayır.

Qeyd olunur ki, bitki mühafizəsi tədbirləri vegetasiya mövsümü ərzində davam etdiriləcək.

Ekspertlər hesab edirlər ki, belə mübarizə yalnız Lənkəranla məhdudlaşmamalıdır. İqlim dəyişiklikləri, havaların uzun müddət isti keçməsi və zərərvericilərin yayılma imkanlarının artması fonunda Aran, Şimal, Qərb və digər kənd təsərrüfatı bölgələrində də mütəmadi monitorinqlər aparılmalı, profilaktik tədbirlər genişləndirilməli və əhali maarifləndirilməlidir. Çünki zərərvericilər inzibati sərhəd tanımır və vaxtında qarşısı alınmasa, bu gün bir rayonda müşahidə olunan problem sabah ölkənin digər bölgələri üçün də ciddi təhlükəyə çevrilə bilər.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR