Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın xarici siyasətində baş verən son proseslər Qərbdə ciddi narahatlıq doğurur. “The Guardian” yazır ki, Vaşinqtonun beynəlxalq davranışı getdikcə “Putinizm” adlandırılan modelə yaxınlaşır və bu, ABŞ-ın onilliklər boyu müdafiə etdiyi qaydalar əsaslı dünya nizamından açıq uzaqlaşma deməkdir.
Musavat.com xəbər verir ki, Guardianın geniş analitik məqaləsində xüsusilə Venesuela ətrafında baş verən hadisələr fonunda ABŞ-ın gücə əsaslanan, birtərəfli və beynəlxalq hüququ ikinci plana atan siyasətinin ön plana çıxdığı vurğulanır.
Qəzet yazır ki, Vaşinqton artıq demokratiya, beynəlxalq konsensus və çoxtərəfli diplomatiya ritorikasından daha çox, birbaşa hərbi və siyasi təzyiq mexanizmlərinə üstünlük verir. Bu isə uzun illər Rusiyanın Vladimir Putin dövründə tətbiq etdiyi xarici siyasət üslubunu xatırladır.
Guardianın təhlilinə görə, “Putinizasiya” anlayışı burada təsadüfi işlədilmir. Söhbət lider mərkəzli qərarvermədən, beynəlxalq hüququn selektiv tətbiqindən, suveren dövlətlərin daxili işlərinə zor gücü ilə müdaxilədən və “güc haqlıdır” prinsipinin normaya çevrilməsindən gedir. Qəzet vurğulayır ki, bu yanaşma indiyədək ABŞ-ın əsas rəqibi kimi təqdim etdiyi Rusiyanın davranış modeli ilə təəccüblü dərəcədə oxşardır.
Məqalədə Venesuela nümunəsi xüsusi yer tutur. ABŞ-ın bu ölkəyə qarşı atdığı addımlar, suveren dövlət rəhbərliyinin taleyi ilə bağlı sərt bəyanatlar və hərbi təzyiq ritorikası beynəlxalq hüquq çərçivəsində ciddi suallar doğurur. Guardian qeyd edir ki, Vaşinqtonun “ədalət” adı altında atdığı bu addımlar əslində klassik güc siyasətidir və Kremlin Ukrayna, Gürcüstan və digər regionlarda tətbiq etdiyi yanaşmanı xatırladır.
Analitik yazıda bir başqa təhlükəli məqam da qabardılır: ABŞ-ın bu xətti davam etdirməsi qlobal sistemdə domino effekti yarada bilər. Əgər Vaşinqton qaydalara əməl etmirsə, digər böyük güclər niyə etsin? Bu isə beynəlxalq münasibətləri daha xaotik, daha təhlükəli və proqnozlaşdırılmaz mərhələyə sürükləyə bilər.
Guardian sonda xəbərdarlıq edir ki, ABŞ-ın “Putinizasiya” olunan xarici siyasəti təkcə rəqiblər üçün deyil, müttəfiqlər üçün də ciddi risklər yaradır. Qərb daxilində etimad sarsılır, beynəlxalq institutlar zəifləyir və dünya nizamı getdikcə güc balansına əsaslanan kobud bir sistemə çevrilir.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ