İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ “iqtisadi boğaz əməliyyatı”na başladı - İranın “pul damarları” kəsilir

ABŞ ilə İran arasında onsuz da gərgin olan münasibətlərdə yeni və daha sərt mərhələ başlayır. Vaşinqton bu dəfə Tehranı hərbi deyil, iqtisadi cəbhədə sıxışdırmaq və hakimiyyətin maliyyə imkanlarını mümkün qədər məhdudlaşdırmaq niyyətindədir.

ABŞ maliyyə naziri Skott Bessentin sözlərinə görə, Vaşinqton İran hakimiyyətini maliyyələşdirən bütün əsas gəlir kanallarını bağlamaq məqsədilə yeni sanksiyalar tətbiq etməyə başlayıb. Bessent bu siyasəti “İqtisadi təcrid” adlandırıb.

vflkjyA0GTzE8eSxbJMhNL7dnNLZEs0E6M56STvi_1200.jpg (63 KB)

Onun sözlərinə görə, əməliyyatın əsas məqsədi İran hakimiyyətinin və xüsusilə İnqilab Keşikçiləri Korpusunun maliyyələşdirilməsində istifadə olunan gəlir mənbələrini sıradan çıxarmaqdır. ABŞ Maliyyə Nazirliyi artıq İranın neft gəlirləri, sanksiyalardan yayınma şəbəkələri və digər maliyyə kanalları ilə əlaqəli onlarla qurum, şəxs və gəmini hədəfə alan tədbirlər açıqlayıb.

Vaşinqton bununla kifayətlənmək niyyətində də deyil. Skott Bessent xəbərdarlıq edib ki, İranla maliyyə və ticarət əməliyyatlarında ona yardım edən üçüncü ölkələr, şirkətlər və digər qurumlar da Amerika sanksiyalarının hədəfinə çevrilə bilər. Bu isə yeni sanksiya siyasətinin yalnız İran daxilindəki qurumlarla məhdudlaşmayacağı, Tehranla əməkdaşlıq edən xarici tərəflərə də ciddi təzyiq göstəriləcəyi anlamına gəlir.

“İqtisadi təcrid” nə deməkdir?

Sadə dillə desək, iqtisadi təcrid bir ölkənin xarici maliyyə, ticarət və gəlir imkanlarını mümkün qədər məhdudlaşdırmaq, onu beynəlxalq iqtisadi sistemdən sıxışdırmaq siyasətidir. İranla bağlı ABŞ-nin hazırkı siyasətində bu, əsasən ölkənin neft gəlirlərinə çıxışının məhdudlaşdırılması, maliyyə şəbəkələrinin hədəfə alınması, sanksiyalardan yayınma kanallarının bağlanması və İranla işləyən üçüncü ölkə və şirkətlərə də ikinci dərəcəli sanksiya tətbiqi təhlükəsi deməkdir. Bir sözlə, Vaşinqton Tehran üçün “pul qazanmaq, pulu beynəlxalq sistemdə dövriyyəyə buraxmaq və xarici tərəfdaşlarla ticarət aparmaq” imkanlarını daraltmağa çalışır. Məqsəd isə iqtisadi təzyiqi artırmaqla İran hakimiyyətinin maliyyə imkanlarını zəiflətməkdir. Görünən odur ki, ABŞ-nin yeni strategiyası daha geniş miqyasda qurulur. Vaşinqton artıq yalnız İranı deyil, Tehranla əməkdaşlıq edən xarici şirkət və ölkələri də təzyiq altında saxlamağa hazır olduğunu bildirir.

Vaşinqtonun “iqtisadi təcrid” strategiyası Tehranı geri addım atmağa məcbur edəcəkmi? ABŞ İranın bütün əsas gəlir kanallarını həqiqətən bağlaya biləcəkmi? İran hakimiyyəti yeni sanksiyalara qarşı hansı alternativ yolları tapacaq? Tehranla iqtisadi əlaqələrini davam etdirən ölkələr ABŞ-nin təzyiqi qarşısında geri çəkiləcəkmi?

resad_bayramov.jpg (26 KB)

Politoloq Rəşad Bayramov Musavat.com-a deyib ki, Vaşinqtonun planı Tehranı gəlir əldə etmə və maliyyə dövriyyəsi imkanlarından məhrum etməyə hesablanıb:

“ABŞ Maliyyə Nazirliyinin son tədbirləri bu strategiyanın sistemli xarakter aldığını təsdiqləyir. İranın neft satışı, “kölgə donanması”, kölgə bankçılığı, silah tədarük şəbəkələri və SEPAH-la əlaqəli maliyyə kanalları ardıcıl şəkildə hədəfə alınır. Vaşinqtonun əsas üstünlüyü burada dollar sisteminə və beynəlxalq maliyyə infrastrukturuna çıxış üzərindəki təsiridir. İkinci dərəcəli sanksiyalar isə strategiyanı daha da sərtləşdirir. Belə ki, ABŞ artıq yalnız İran şirkətlərini deyil, Tehranla işləyən xarici şirkət və maliyyə institutlarını da seçim qarşısında qoyur. Bununla belə, bu siyasətin ən ciddi sınağı zənnimcə, Çin məsələsidir. İran neftinin əsas alıcısı olan Çinlə ticarəti tamamilə dayandırmaq ABŞ üçün əvvəlki sanksiyalardan daha mürəkkəb məsələdir. Düzdür, son məlumatlara görə, İranın Çinə neft tədarükü avqustda iyuldakı gündəlik 823 min bareldən 534 min barelə qədər azalıb. Lakin çinli emalçılar hələ də endirimli İran neftinə böyük maraq göstərməyə davam edirlər. Bu səbəbdən İranın bütün gəlir kanallarını tamamilə bağlamaq düşünürəm ki, real görünmür. Tehran uzun illər ərzində sanksiyalara uyğunlaşan paralel mexanizmlər formalaşdırıb və vasitəçi şirkətlər, mürəkkəb gəmiçilik marşrutları, başqa ölkələrin maliyyə kanalları, barter və milli valyutalarla hesablaşmalar bu paralel mexanizmlərin əsas elementləridir. Lakin buna baxmayaraq, iqtisadi təcridin təsiri mütləq şəkildə özünü göstərəcək. İran iqtisadiyyatının onsuz da zəif olduğu bir şəraitdə neft gəlirlərinin azalması valyuta çatışmazlığını, inflyasiyanı və rialın təzyiq altında qalmasını daha da gücləndirəcək. BVF hələ iyul ayındakı proqnozunda İran iqtisadiyyatının 2026-cı ildə 5,4 faiz daralacağını bildirmişdi. İndiki sərt iqtisadi təcrid fonunda isə sosial vəziyyətin daha da pisləşməsi, əhalinin alıcılıq qabiliyyətinin azalması və daxili narazılığın artması riski yüksəlmiş olacaq. Düşünürəm ki, burada ən vacib məqam Çin, Rusiya və digər İran tərəfdaşlarının ABŞ sanksiyalarına reaksiyası ilə bağlı olacaq. Onlar ABŞ-nin ikinci dərəcəli sanksiya tətbiqi xəbərdarlıqlarını nəzərə alacaqlarmı? Əgər nəzərə alsalar, bu, İran üçün sözün əsl mənasında iqtisadi və sosial fəlakət olacaq. Əgər onlar Vaşinqtonun hədələrinə məhəl qoymasalar, o zaman Tehran xarici təzyiqi milli təhlükəsizlik məsələsi kimi təqdim edərək daxili səfərbərliyi gücləndirə, Çin, Rusiya və digər tərəfdaşlarla əlaqələri daha da dərinləşdirə bilər”.

Politoloq hesab edir ki, ABŞ-nin “iqtisadi təcrid” strategiyası İranın maliyyə imkanlarını ciddi şəkildə daraltmaq potensialına malikdir:

“İranı bütünlüklə iqtisadi sistemdən çıxarmaq və bununla siyasi nəticə əldə etmək çətin məsələdir. Strategiyanın uğuru əsasən Çin, Rusiya və digər dövlətlərin davranışından, ABŞ-nin ikinci dərəcəli sanksiyaları nə qədər ardıcıl və effektiv tətbiq edəcəyindən və İranın alternativ ticarət kanallarını nə dərəcədə qoruya bilməsindən asılı olacaq. Üstəlik, neft və Hörmüz məsələsində əlavə eskalasiya qlobal enerji bazarına ciddi təzyiq yarada bilər ki, bu məqamı da nəzərə almaq lazımdır. Çünki enerji bazarındakı ehtiyat buferlərinin əhəmiyyətli hissəsi artıq istifadə olunub və yeni sanksiyaların dünya bazarında enerji çatışmazlığı yaratmaq riski olduqca yüksəkdir. Odur ki, qarşıdurmanın növbəti mərhələsi sadəcə ABŞ-İran iqtisadi savaşı deyil, həm də İranla ticarət edən ölkələrin Vaşinqtonun maliyyə sistemi ilə Tehran arasında seçim etməyə məcbur edildiyi daha geniş geoiqtisadi qarşıdurma olacaq”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR