Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ukrayna müharibəsində Kiyevin təhlükəsizliyi ilə bağlı narahatlıqlar yenidən artır. ABŞ Dövlət katibi Marko Rubio Kiyevdəki ABŞ səfirliyinin fəaliyyətinin dayandırılması ehtimalını istisna etməyib və diplomatik nümayəndəliyin ölkədə qalmasının təhlükəsiz olub-olmadığını qiymətləndirdiklərini bildirib. Vaşinqtonun bu açıqlaması Rusiyanın xarici vətəndaşlara və diplomatik nümayəndəliklərin əməkdaşlarına Kiyevdən çıxmaq barədə xəbərdarlığından sonra səslənib.
ABŞ kimi böyük dövlətin diplomatik nümayəndəliyinin belə təhlükəsizlik səbəbilə fəaliyyətinin dayandırılmasını nəzərdən keçirməsi Kiyevdə vəziyyətin nə qədər həssas olduğunu göstərir. Digər tərəfdən, bir sıra Avropa ölkələrinin səfirlikləri fəaliyyətlərini davam etdirmək qərarındadır. Yəni diplomatik nümayəndəliklərin təhlükəsizliklə bağlı yanaşmaları fərqlənir və hər bir dövlət öz risk qiymətləndirməsinə əsasən qərar verir.
Bu vəziyyət Azərbaycanda da müəyyən suallar doğurur. Ölkəmizin Kiyevdəki səfirliyi və diplomatik heyəti müharibənin ilk günlərindən etibarən fəaliyyətini davam etdirir. Ukraynada yaşayan və ya müharibə şəraitində ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının təhlükəsizliyi də Bakı üçün xüsusi əhəmiyyət daşıyır. Buna görə də Kiyevdə hərbi risklərin artması fonunda Azərbaycanın diplomatik nümayəndəliyinin təhlükəsizlik protokollarının yenidən nəzərdən keçirilməsi gündəmə gəlir. Burada söhbət mütləq səfirliyin bağlanmasından getmir. Məsələ diplomatik heyətin təhlükəsizliyinin hansı səviyyədə təmin olunduğu, zərurət yaranarsa heyətin sayının azaldılması, müvəqqəti köçürülməsi və ya fəaliyyət formatının dəyişdirilməsi kimi alternativlərin qiymətləndirilməsindən gedir. ABŞ-ın açıqlaması da göstərir ki, belə qərarlar təhlükəsizlik vəziyyətindən asılı olaraq istənilən vaxt yenidən nəzərdən keçirilə bilər.
Azərbaycanın Ukrayna ilə münasibətlərinin strateji əhəmiyyəti və iki ölkə arasında humanitar, iqtisadi və siyasi əlaqələrin mövcudluğu fonunda Bakı üçün əsas prioritet isə diplomatik fəaliyyətin davam etdirilməsi ilə yanaşı, öz diplomatlarının və vətəndaşlarının təhlükəsizliyinin maksimum səviyyədə qorunmasıdır. Kiyevdə ABŞ səfirliyinin belə fəaliyyətini dayandıra biləcəyi bir şəraitdə Azərbaycan da öz diplomatik heyətinin təhlükəsizliyini yenidən nəzərdən keçirməlidirmi?
Azərbaycan Parlamentinin üzvü Bəhruz Məhərrəmov Musavat.com-a dedi ki, Rusiya-Ukrayna müharibəsinin mövcud eskalasiya fazasında Kiyevdə diplomatik nümayəndəliklərin fəaliyyət rejimi və təhlükəsizlik protokolları məsələsi həm beynəlxalq hüquq, həm də dövlətlərin xarici siyasət strategiyaları baxımından kompleks analiz tələb edir: "Müharibə şəraitində diplomatik korpusun təhlükəsizliyinin təmin edilməsi ilk növbədə 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsaslanır. Həmin konvensiyanın 22-ci maddəsinə görə, qəbul edən dövlət, yəni indiki halda Ukrayna, diplomatik missiyanın binalarını hər cür təcavüzdən və zərərdən qorumaq, onun xüsusi statusuna hörmət olunmasını təmin etmək öhdəliyi daşıyır. Lakin aktiv hərbi əməliyyatlar və hava hücumları şəraitində göndərən dövlətin öz heyətinin həyat və sağlamlığını qorumaq üçün daxili risk qiymətləndirməsi aparması və operativ təhlükəsizlik tədbirləri görməsi həm hüquqi haqqı, həm də siyasi cavabdehliyidir. ABŞ daxil olmaqla, bəzi Qərb dövlətlərinin diplomatik fəaliyyəti müvəqqəti dayandırmaq və ya heyəti təxliyə etmək variantlarını gündəmə gətirməsi institutlaşmış risk-menecment standartları və kəşfiyyat məlumatlarının xarakteri ilə birbaşa bağlıdır. Azərbaycan üçün isə Kiyevdəki diplomatik missiyanın fəaliyyət formatı yalnız sırf təhlükəsizlik riskləri ilə deyil, həm də strateji-siyasi prioritetlərlə müəyyən olunur. Bakı müharibənin ilk günlərindən etibarən prinsipial mövqe nümayiş etdirərək səfirliyinin fəaliyyətini dayandırmayıb və bu, Ukrayna ilə ikitərəfli münasibətlərin strateji xarakterini, eləcə də regionda yaşayan on minlərlə Azərbaycan vətəndaşının konsulluq və hüquqi müdafiə ehtiyaclarını təmin etmək zərurətini əks etdirir".
Deputat onu da xüsusi olaraq vurğuladı ki, diplomatik heyətin təhlükəsizliyinin yenidən nəzərdən keçirilməsi səfirliyin tam bağlanması anlamına gəlməməlidir: " Beynəlxalq təcrübədə kritik təhlükəsizlik riskləri yarandıqda tətbiq olunan bir neçə mərhələli hüquqi-təşkilati mexanizm mövcuddur, qeyri-vacib diplomatik heyətin təxliyəsi ilə dəstək heyətinin azaldılması, missiyanın müvəqqəti olaraq daha təhlükəsiz bölgəyə pərdəarxası və ya rəsmi köçürülməsi, yaxud fəaliyyətin distant və hibrid rejimə keçirilməsi. Bu addımlar diplomatik münasibətlərin kəsilməsi və ya siyasi dəstəyin geri çəkilməsi kimi şərh olunmur, əksinə fors-major şəraitdə dövlət aparatının funksionallığını saxlamasına xidmət edir.
Yəni əsas vəzifə diplomatik varlığın siyasi-simvolik əhəmiyyəti ilə insan resurslarının təhlükəsizliyi arasında hüquqi və rasional balansın saxlanılmasıdır. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən risklərin davamlı qiymətləndirilməsi, operativ təxliyə planlarının yenilənməsi və ehtiyac yarandıqda diplomatik heyətin optimallaşdırılması tamamilə legitimləşdirilmiş və beynəlxalq hüquq normalarına uyğun addımdır. Bu, Azərbaycanın öz vətəndaşlarına və diplomatlarına qarşı dövlət cavabdehliyini təmin edərkən, Ukrayna ilə strateji tərəfdaşlıq xəttini də zədələmədən qoruyub saxlamağa imkan verir".
Cavanşir Abbaslı
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ