Onlayn ictimai-siyasi qəzet
ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana səfəri Vaşinqtonun regionun geosiyasi xəritəsini yenidən formalaşdırmaq niyyətini nümayiş etdirir.
Musavat.com xəbər verir ki, bu barədə erməni ekspert Tiqran Meloyan danışıb.
Onun sözlərinə görə, Vaşinqton iqtisadi və infrastruktur sazişləri vasitəsilə Rusiya və İranın regiondakı mövcudluğuna meydan oxumağa çalışır. Bununla belə, ABŞ-nin bölgədə iştirakı hələ genişmiqyaslı xarakter daşımır. ABŞ tərəfi yalnız indi Ermənistanla ilk iri müqavilələrin bağlanması mərhələsinə qədəm qoyur və bu layihələrin həyata keçirilməsi üçün hər iki tərəf maliyyə mənbələri tapmalı olacaq. Meloyan vurğulayıb ki, ciddi resurs yatırımı və sərt öhdəliklər olmadan belə, ABŞ artıq İrəvanın geniş etimadını və rəğbətini qazana bilib.
Erməni analitikin iddiasına görə, Cənubi Qafqaz istiqamətində yeni strategiya çərçivəsində Vaşinqton Ermənistanı uzunmüddətli perspektivdə ABŞ servis və texnologiyalarından asılı vəziyyətə salmaq xəttini izləyir. Təsadüfi deyil ki, ABŞ-Ermənistan danışıqlarında atom energetikası, nəqliyyat kommunikasiyaları, pilotsuz sistemlər və süni intellekt əsaslı məlumat emalı mərkəzləri əsas yer tutur. Bu istiqamətlər Ermənistan iqtisadiyyatının Qərb standartlarına uyğun şəkildə yenidən qurulmasına və İrəvanın “Rusiyadan enerji və texnoloji suverenlik” əldə etmə kursunun möhkəmlənməsinə xidmət etməlidir.
Meloyanın fikrincə, İrəvanla Vaşinqton arasında əldə olunan razılaşmalar Rusiya üçün çağırış xarakteri daşıyır. Çünki strateji baxımdan əhəmiyyətli regionda iri iqtisadi layihələr ABŞ və Avropa İttifaqının nəzarətinə keçə bilər. Qərb şirkətlərinin Ermənistan bazarında möhkəmlənməsi və İrəvanın Moskvaya münasibətdə qeyri-müəyyən siyasəti nəticədə “Rosatom”, “Rosneft”, RJD kimi Rusiya korporasiyalarının payının azalmasına, hətta uzun illər investisiya qoyduqları Ermənistan ərazisində fəaliyyətlərinin tam dayanmasına gətirib çıxara bilər. O xatırladıb ki, İrəvan artıq Moskvanın Cənubi Qafqaz Dəmir Yoluna dair konsessiyanı üçüncü ölkəyə satması təklifi ilə çıxış edib və Vaşinqtonla dinc atom sahəsində əməkdaşlıq sazişi imzalayıb.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ