İnsanlara hürriyət, millətlərə istiqlal!

Açıqlandı: Mandat uzadılmır, İrəvanın arzusu gerçəkləşmir

Ermənistanın Avropa İttifaqı müşahidəçilərini sərhəddə daha uzun müddət saxlamaq cəhdləri gözlənilən nəticəni verməyib. Avropa İttifaqınin Ermənistandakı mülki müşahidə missiyasının rəhbəri Markus Ritterin bu günkü açıqlamaları bunu deməyə əsas verir.

O, açıq şəkildə bildirib ki, missiyanın mandatının uzadılması ilə bağlı hazırda heç bir rəsmi müzakirə aparılmır. Bu açıqlama rəsmi İrəvanın siyasi istəkləri ilə Brüsselin real mövqeyi arasında ciddi ziddiyyəti üzə çıxarır.

Paralel olaraq, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ missiyasının ölkədə qalmasını istədiklərini desə də, paraflanmış sülh sazişinin üçüncü ölkə qüvvələrinin sərhəddə yerləşdirilməsini istisna etməsi bu planların gələcəyini sual altına salır.

Müşahidə missiyası qalacaq, ya gedəcək? Müddətin uzadılması ehtimalları varmı?

Politoloq Əli Orucov Musavat.com-a bildirdi ki, 44 günlük müharibədə Azərbaycanın parlaq qələbəsi işğalçıların öz yuvalarına qovulması Cənubi Qafqazda oyun qaydalarını kökündən dəyişdi: "Regionla bağlı bütün məsələlərdə Bakının mövqeyi əsas götürüldü və bunu qəbul etməyənlər oyundankənar vəziyyətə düşdü. Bəzi dövlətlər və regional təşkilatlar düşündülər ki, əvvəlki kimi şantaj və təhdid dilində Azərbaycandan hansısa güzəştlər qopara biləcəklər. Avropa İttifaqının Ermənistanda hər iki dövlətin şərti sərhədləri boyunca yerləşdirdiyi mülki müşahidə missiyasının da əsil niyyəti bu idi. Həmin missiya 6 ay müddətinə razılaşdırılsa da, sonradan Azərbaycanın rəyi öyrənilmədən həm tərkib genişləndirildi həm də müddət uzadıldı. Belə olan halda Bakı kəskin etirazını bildirdi və Ermənistan- Azərbaycan arasında normallaşma prosesinə mənfi təsir göstərdiyini ona görə də regionu tərk etməsinin zəruriliyini dəfələrlə vurğuladı. Həqiqətən də müşahidə missiyası NATO-nun kəşfiyyat qrupuna çevrildi və müntəzəm olaraq Azərbaycanın sərhəd boyu ərazilərində qanunsuz müşahidələr aparmağa başladı. Binokl diplomatiyası Qərbin istədiyi effektli təzyiq və təhrik etmə aləti ola bilmədi. Çünki Bakı buna şərait, imkan və bəhanə vermədi. Aİ-nin Ermənistanda yerləşdirdiyi müşahidə missiyasına Moskvanın da mövqeyi gözlənildiyi kimi neqativ oldu. Aİ artıq almamağa başladı ki, ötən ilin 8 avqustda Ağ Evdə liderlərin görüşlərindən və razılaşmalarından sonra Brüsselə yer yoxdur. Missiya da əlavə yük və məsrəfdir. Ona görə çox ehtimal ki, ordan müşahidə missiyası çıxarılacaq. Lakin Ermənistan hər vəchlə çalışır ki, hətta sülh sazişinin imzalanmasından və ratifikasiyasından sonra da həmin qrup qalsın. Məqsəd regiona daha çox oyunçu cəlb etməklə mürəkkəb situasiyanı saxlamaqdır. Paşinyan iqtidarı konkret hədəflənmiş, aydın və sistemli uzunvadəli siyasət yürüdə bilmədiyindən tez- tez mövqeyini dəyişməyə məcbur qalır. Aİ müşahidə missiyasına münasibətdə də eyni xətt aydın sezilir".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR