Onlayn ictimai-siyasi qəzet
"Ötən ilin bu günü Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamənin imzalanması, eyni zamanda sülh sazişinin paraflanması Cənubi Qafqazın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu hadisə Azərbaycan-Ermənistan münasibətlərində dönüş nöqtəsi olmaqla yanaşı, həm də Azərbaycan–ABŞ əlaqələrinin strateji məzmun qazanmasının göstəricisinə çevrildi".
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, Ağ Evdə əldə olunan nəticə təsadüfi deyildi: "Azərbaycan illər boyu regionda dayanıqlı sülhün bərqərar olması üçün ardıcıl diplomatik fəaliyyət göstərdi, sülh sazişinin mətnini qarşı tərəfə təqdim etdi, danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirdi və beynəlxalq vasitəçilərin təzyiqlərinə baxmayaraq, milli maraqlarından geri çəkilmədi. Bütün bunların məntiqi nəticəsi olaraq bu gün region dayanıqlı sülhün astanasına gəlib çatıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirib". Bu bəyanat Azərbaycanın sülh təşəbbüslərinin siyasi nəticəsini ifadə etməklə yanaşı, ölkəmizin bölgədə formalaşdırdığı yeni geosiyasi reallığın da təsdiqidir. Bununla belə, prosesin tam başa çatması üçün Ermənistanın üzərinə düşən mühüm vəzifələr qalmaqdadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Ermənistanın ev tapşırıqları da var". Bu, ilk növbədə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır.
Dövlət başçısının söylədiyi kimi , məhz həmin müddəalar yekun sülh sazişinin imzalanmasına imkan vermədi. Konstitusiya dəyişiklikləri həyata keçirildikdən sonra isə sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmayacaq.
Bu baxımdan, Ermənistanın prosesi ləngitməsi artıq yalnız Azərbaycan qarşısında deyil, Vaşinqton platformasının və ABŞ Prezidentinin vasitəçiliyi ilə əldə olunmuş razılaşmalar qarşısında da məsuliyyət məsələsinə çevrilir".
Milli Məclis təmsilçisi onu da qeyd etdi ki, İrəvan nə qədər tez öhdəliklərini yerinə yetirsə, bu, ilk növbədə Ermənistanın öz milli maraqlarına xidmət edəcək: "Azərbaycanın əldə etdiyi diplomatik uğur eyni zamanda son illərdə ölkəmizə qarşı aparılan çoxşaxəli təzyiq siyasətinin iflasını nümayiş etdirdi. Bayden–Blinken administrasiyası dövründə, Avropa İttifaqının bəzi institutları, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentində fəaliyyət göstərən anti-Azərbaycan dairələr müxtəlif vasitələrlə rəsmi Bakını güzəştlərə məcbur etməyə çalışırdılar. Siyasi bəyanatlar, sanksiya hədələri, beynəlxalq mediada aparılan qarayaxma kampaniyaları, insan hüquqları mövzusundan siyasi alət kimi istifadə edilməsi və digər təzyiq mexanizmləri Azərbaycanın prinsipial mövqeyini dəyişdirə bilmədi. Prezident İlham Əliyev bütün bu təzyiqlər fonunda milli maraqları qətiyyətlə müdafiə etdi və bir addım belə geri çəkilmədi. Nəticədə bu gün həmin dairələr Azərbaycanın regionun əsas siyasi, iqtisadi və nəqliyyat mərkəzi olduğunu qəbul etməyə məcbur olublar".
Parlamentarinin sözlərinə görə, Vaşinqton görüşündən sonra ötən bir il ərzində Azərbaycan-ABŞ münasibətlərində nəzərəçarpacaq müsbət dinamika formalaşıb: Qarşılıqlı etimadın artması, siyasi dialoqun intensivləşməsi və yüksək səviyyəli təmasların genişlənməsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. ABŞ Prezidenti Donald Tramp son bir il ərzində müxtəlif çıxışlarında Azərbaycanın regionda artan rolunu yüksək qiymətləndirərək, Prezident İlham Əliyevin liderliyini xüsusi qeyd edib. O, Azərbaycanın regionda sabitliyin təmin olunmasında mühüm tərəfdaş olduğunu bildirərək, Vaşinqtonun Bakı ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Tramp IV Şuşa Qlobal Media Forumu ilə bağlı sosial şəbəkə paylaşımında da Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qlobal informasiya müzakirələrinin mühüm mərkəzlərindən birinə çevrildiyini qeyd edib".
K.Nurullayeva onu da xüsusi olaraq vurğuladı ki, ABŞ administrasiyasının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfərləri münasibətlərdə yaranmış yeni xarakterin göstəricisidir: "ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri iki ölkə arasında siyasi dialoqun dərinləşməsi baxımından mühüm hadisələrdən biri idi.
Səfər çərçivəsində regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat-kommunikasiya layihələri, Orta Dəhlizin inkişafı və sülh gündəliyi ətrafında geniş fikir mübadiləsi aparıldı. ABŞ nümayəndə heyətinin Bakıda keçirdiyi görüşlər Vaşinqtonun Azərbaycanın geosiyasi əhəmiyyətini daha aydın şəkildə dərk etdiyini nümayiş etdirdi. Siyasi dialoqun intensivliyi bir daha göstərdi ki, Azərbaycan artıq regionun taleyini müəyyən edən proseslərin ayrılmaz iştirakçısı kimi qəbul olunur. Təəssüf ki, Azərbaycanın diplomatik uğurlarını həzm edə bilməyən qüvvələr də mövcuddur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bəzi dairələr bölgədə sülhün bərqərar olmasından məyus olurlar. Çünki onların maraqları münaqişənin davam etməsinə hesablanmışdı. İşğal siyasətinə illərlə siyasi dəstək vermiş dairələrin, həmçinin müxtəlif xarici mərkəzlərin təsiri altında fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrinin narahatlığı başadüşüləndir. Onlar Azərbaycanın diplomatik qələbəsini, Prezident İlham Əliyevin Ağ Evdə xüsusi ehtiramla qarşılanmasını və ölkəmizin beynəlxalq nüfuzunun artmasını qəbul etmək istəmirlər. Lakin bu cəhdlər reallığı dəyişə bilməz. Azərbaycan 2020-ci ildə hərbi-siyasi qələbə qazandığı kimi, bu gün də postmünaqişə dövrünün əsas qalibi kimi çıxış edir. Regionun gələcək inkişaf modeli artıq Bakı tərəfindən müəyyənləşdirilən sülh, əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır. Bu gün Cənubi Qafqazda müşahidə olunan yeni geosiyasi mənzərə Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışının və prinsipial siyasətinin nəticəsidir. Məhz Prezident İlham Əliyevin praqmatik siyasəti Ermənistanın baş
naziri Nikol Paşinyanı sülhə məcbur etdi. Azərbaycan hərbi qələbəni diplomatik uğurla tamamlayaraq regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına nail olub. Vaşinqtonda paraflanan sülh sazişi, ABŞ ilə münasibətlərdə yaranmış yeni dinamika, yüksək səviyyəli qarşılıqlı səfərlər və beynəlxalq platformalarda Azərbaycanın artan nüfuzu göstərir ki, ölkəmiz qlobal siyasi gündəliyin mühüm iştirakçılarından biridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bu gün Azərbaycan ilə Ermənistan arasında baş verənlər Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyənlərin hamısı üçün, bütün region üçün çox əhəmiyyətli olacaq".
Cavanşir Abbaslı
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ