İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağacda yaşamaq

“Komediya çəkmək üçün mənə üç şey kifayətdir: park, polis və gözəl qız”

                                                                                               (Çarli Çaplin)

Poçtumda çoxdan gözləyən oxucu məktubu ilə başlayaq. Ruslan bəy yazır ki, kəndə getmişdim, kəndimizdə əhalinin ekologiyaya marağı dəhşət artmışdır: “Camaat həyətindəki ağacları budaya bilmir. Ekologiyanın əməkdaşları post-patrul xidməti ilə o dəqiqə gəlib çökürlər evə ki, ekologiyanı korlamısan. Bir az rüşvət alıb gedirlər. (Budamanın həcmindən asılı olaraq rüşvətin həcmi dəyişir: 100 manatdan üzü yuxarı). Uşaqlar gülə-gülə deyir daha heç kim qorxusundan ağac əkmir ki, birdən sabah ağac böyüyəndən sonra nəyəsə mane olar, onu kəsmək lazım gələr. Bu da bunların ekologiyaya xeyri”.

Doğrudan da, maraqlı vəziyyətdir. Əgər məktubda yazılanlar düzdürsə, yaxın illərdə ölkəmiz meşəlik, cəngəllik olmaq perspektivləri ilə üzləşər. Hətta kimdənsə xoşun gəlmirsə, gecəylə gedib onun həyət-bacasında ağac toxumları basdırmaq lazımdır. Qoy ağacların içində qalıb ölsün.

Ağaclara “uşaq pulu” verilməsi yaxşı haldır. Hələ zubrların dağlarımızda bərpa edilməsi, alpaka tövləsinin açılması, bəzi yerlərdə bəbirlərin fotosunun çəkilməsi planetə verdiyimiz saysız töhfələr sırasındadır. Hətta mən dünən Xəzərin sahilində gəzişərkən suiti meyitinə rast gəldim, indi bunun özü nadir hadisədir, halbuki, 90-cı illərdə çimərliklərimiz suiti cəsədləriylə dolu olardı. Deməli, münbit şəraitdən, heyvanlar üçün yaradılan müsbət vəziyyətdən istifadə edən suitilər dənizimizə geri dönmüşlər. Yeganə mənfi cəhət Xəzərin özünün qurumağıdır, yəqin buna çarə taparıq. Bu il dağlara çox qar yağdı, güman edirəm dəniz bir qədər dolar. Yoxsa şəxsi limanlara kontrabanda qayıqlarının yan alması çətinləşmişdir.

Sözgəlişi, keçən ay rəsmi şəkildə elan edildi, bayram tortu da kəsdilər, dedilər, yük limanımıza ildə 100 mininci konteyner qəbul olunmuşdur. O vaxtdan bəri mənim qəlbimdə bir sual fırlanır: Ruslan müəllimin şəxsi limanında qəbul elədiyi konteynerlər də o statistikaya daxil idimi, yoxsa fərdi limanlar ayrı hesablanır? İnşallah, əlaqədar təşkilatlar tətildən qayıdan kimi, boyat aş yeyib ölməyiblərsə, bu həyati əhəmiyyətli sualıma cavab verərlər. Yoxsa gözümə yuxu getmir.

Qanunçuluq vacibdir. Elə fikir verin, hazırda bir video çox paylaşılır, orada Venesuela prezidenti Maduro müəllim övrətini qoltuğuna vurub Bakı bulvarında dolaşır. Nə bir mühafizə gözə dəyir, nə Trampın “Delta” spesnazı. Əgər ölkəmizdə sabitlik, hüquqi sistem bərqərar olmasaydı, Maduro burada belə arın-arxayın dolaşardımı? Video 2019-cu ilə aiddir, deyəsən, amma heç nə dəyişmir, çünki amerikalılar bu adamı çoxdan hərləyirdilər. Bakıda tuta bilmədilər, öz ölkəsinin paytaxtında isə yorğan-döşəkdən apardılar. Bu baxımdan, mən bəzi erməni yoldaşlara da Bakı türməsində qalmağı məsləhət görürəm. İrəvana qayıtsalar Paşinyan hamısını tutduracaq.

Hüquqi bərabərliyimizin növbəti isbatı dəmiryol idarəsinin İmişli vağzalından gəlmişdir. Orda 70 ton dizel yanacağı əkişdirdikləri üçün neftbaza rəisi ilə teplovoz maşinisti 5-6 illiyə türməyə salınıbdır. Lokomotiv yerindən tərpənmədiyi vəziyyətdə, guya onun harasa gedib-gəldiyini sənədləşdirir, yanacağı alıb satırmışlar. Bu, bizim sistemdə ən geniş yayılmış korrupsiya üsullarından biridir. Məsələn, əsgərlikdə hərbi hissəmizin avtomobili var idi, təkər yerinə kubikin üzərində dayanmışdı, heç akkumulyatoru da yox idi, amma guya il ərzində 3500 kilometr qət etmişdi. Mən o vaxt bunu sənədlərdə görəndə xeyli güldüm, cavabdeh gizirə də dedim ki, hətta bu maşın işlək vəziyyətdə olsaydı, o qədər məsafə gedə bilməzdi, çünki bizim hərbi hissənin perimetri 20 kilometri keçmirdi. Tərxisdən sonra eşitdim, yoxlama gəlib, hamısını içəri basıblar.

İnsafən, dizeli saxta sənəd üzərində “işlədib” pulunu yeməyin ekologiyaya dolayısı ilə faydası vardır. Yəqin məhkəmə bunu nəzərə almışdır. Həm ağaclarla birgə, həm də ağacda yaşamağı öyrənməliyik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR