Onlayn ictimai-siyasi qəzet
“Tez durub sübh sağardım inəyi,
Xansənəmdən diləməzdim köməyi;
Neyləyirdim bəzəyi, уа düzəyi?
Dama, divara yapardım təzəyi”
(Mirzə Ələkbər Sabir)
Mən uşaq olanda kəndimizə qaz xətti çəkilməmişdi, bir qaz maşını vardı, 20 litrlik propan balonları evbəev daşıyırdı. Yusif adlı sürücü orijinal qarmaq aləti ilə dolu balonları yuvalarından dartıb çıxarır, həyət evlərinin darvazası ağzına qoyurdu, boşunu götürüb gedirdi. Beləcə, hər ayın müəyyən günündə bu proses təkrar edilirdi. Hətta bu energetik qaz dövranı bizim kənddə maraqlı folklor yaradıcılığına səbəb olmuşdu. Sevgilisinə qoşulub qaçmağa meylli ərgən qızlar haqqında deyirdilər: “Filankəsin qızı pasportu üstündə, qaz balonu kimi bütün günü qapıdadır”.
Sözü ona gətirirəm ki, ağıllı sayğacların bloka düşməsi, bu əziz bayram günlərində respublika əhalisinin soyuqda qazsız qalmağı yaxşı hal sayılmamalıdır. Bəlkə biz dədə-baba qaydasına qayıtmalıyıq, elektron sayğac haramıza yaraşır? Hətta mən hazırda şükür eləyirəm, çünki 3-4 il qabaq bizim smart qaz sayğacımızı dəyişib yenə mexaniki etdilər. Məsələn, dünən xəbər lentində Sumqayıtda sayğacı bloka düşənlərin yolu bağladığı, Kəlbəcərdə isə heç bir istilik-qaz-maz problemi olmadığı yazılmışdı. Halbuki, adətən, qədim zamanlarda bunun tərsi olardı. Lap o bambılı mahnıdakı kimi: Sumqayıtda “hər yer canlanırdı”.
Odun sobasına keçmək yaxşı olar. Romantik şeydir. Odunlar çırtıldayır, üstündə şabalıd qovur, kartof qızart, kartofu lap istəsən külləmə elə. Yutubda da Nilufərin mahnısını aç, ləzzət al: “Her yerde kar var kalbim senin bu gece, Belki gelirsin sen, bakarken pencereden”. Yoxsa indi pəncərədən qaz idarəsinin əməkdaşını gözləməli olursan.
Hardasa bunu da oxudum, sən demə, keçən illərdə həmin bu qaz sayğacları sistemini ağıllandırmaq üçün idarə 480 milyon manatlıq nəsə proje qayırıbmış. Vallah, halal olsun. Yaxşı işləyirlər. Vaxtilə Oqtay müəllim də su idarəsində Dünya Bankının yüz milyonlarla kreditini hortdadıb içmişdi, axırda spiker qoydular.
Ola bilər, süni intellekt vəziyyətimizə baxıb, “sizin 2026-ya keçməyiniz məsləhət deyil” fikirləşərək sayğacları blok etmişdir. Smart qaz yerinə, romantik odun peçini məsləhət görür.
Məncə, bu qaz sayğacları problemində Ramiz Mehdiyevin barmağı araşdırılsa, dövlətçilik məqsədlərimizə uyğun olar. Gecə biz hamımız yeni ilin girməyini intizarla gözlədiyimiz anda, paytaxt salatı gövşəyəndə Mehdiyev ev dustağı olduğu qorxunc villanın yeraltı bunkerində, Dark-internet üzərindən qaz idarəsinin saytına girmiş, ora pozucu viruslar yerləşdirmişdir.
Salat demişkən, el inancına görə, paytaxt salatı, yaxud ana dilimizdə yazsam, “staliçni” salat qurtarana qədər yeni il bayramı davam edir. Bizdə hələ bir vanna dolusu qalır, ona görə sevinməkdəyik. Hətta ola bilər, Novruz bayramına qədər yedik. Necə deyərlər, inşallah, gələn Novruzda stalişni salatı qaz idarəsinin qabağında yeyək, amin. (Bu yerdə amin deyənlərin qazı açılır, biləsiniz. Yoxlamışıq).
Mən həmin salata niyə paytaxt adı qoyduğumuzu anlamışam. Təxminən paytaxtımız da həmin salatın inqrediyentləri qədər zəngindir. Əlinə keçəni: turşu xiyar, yerkökü, noxud, yumurta, ət, təzə xiyar, keşniş, göy soğan, şüyüd, duz, istiot, mayonezi qarışdırırsan, olur paytaxt salatı. Bizdə paytaxt hazırda təxminən belə vəziyyətdədir: hamı bura yığışıb, sutkanın 25 saatı ya tıxacda keçir, ya da hansısa dava-dalaşda. 4-cü sinifi bitirib çobanlıqan birbaşa tikinti şirkətinə tullananların tikdiyi şəhərdən ayrı nə gözləmək olardı, anlamıram. İnsanlarımızın gözləntiləri, arzuları bacarıqları ilə adətən üst-üstə düşmür. Özümüzdə ağıl varmış kimi, sayğacdan da ağıl gözləyirik.
Keçmişə qayıtmalıyıq. Milli-mənəvi dəyərlərimizə. Milli Məclisin bu istiqamətdə təzə qanunu da var.
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ