İnsanlara hürriyət, millətlərə istiqlal!

Altı aya 10 milyard borc – Əhali üçün SOS?

Bu ilin ilk yarısının yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 9 milyard 917,3 milyon manat istehlak krediti verilib. Təkcə yarım ildə əhalinin banklara borcunun 10 milyarda yaxınlaşması həyəcan doğurur. Çünki eyni templə davam edərsə, ilin sonu 20 milyarda çatacağı istisna deyil.

Bu vəziyyətin bankları nə dərəcədə qane etməsi də sual doğurur. Çünki problemli, gecikdirilən kreditlər, məhkəmələrdə olan kredit işləri kifayət qədərdir.

Problemli kreditlərin həcmi hər ay artır. Bunun da əsas hissəsi istehlak kreditləridir. Vətəndaşlar gəlirləri az olduğu üçün daima istehlak kreditlərinə meylli olurlar. Elə insan var ki, bir neçə banka borcludur.

Bu mənada yaranmış vəziyyət bankları da, əhalini də narahat etməlidirmi, yoxsa başqa ölkələrdə də əhalinin kredit borcu kifayət qədər çoxdur?

Natiq Cəfərli: "Milli Şura rəhbərliyindən üzr gözləyirik"

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a danışıb. İqtisadçı bildirib ki, dünyada problemli kreditlərin ümumi kredit portfelində payının 3 faizi keçməsi riskli hədd kimi qiymətləndirilir: “Azərbaycanda problemli kreditlərin həcmi ümumi kredit portfelinin heç 2 faizinə çatmayıb. Bu, doğrudur. Dünyada problemli kreditlərin həcmi 3 faizi keçəndən sonra təhlükəli vəziyyət yarandığı deyilir və bu zaman stres-testlər keçirilir. Amma bizdə problem ondadır ki, problemli kreditlərin artım tendensiyası narahatlıq doğurur. Yəni, problemli kreditlərin həcmi sürətlə artmağa başlayıb. Bu gedişlə yaxın bir il ərzində kritik həddə çata bilərik.

Problemli kreditlərlə yanaşı, istehlak kreditlərinə meylin artması da ciddi məsələdir. Düzdür, bu, banklara sərfəlidir. Çünki istehlak kreditləri qısamüddətli olur və yüksək faizlə verilir. Vətəndaşlar da buna məcbur qalırlar. Çünki onların müəyyən tələbləri var və bu tələbləri ödəmək üçün qazanc və real gəlirləri kifayət etmir. Buna görə də kreditlərə müraciət etməli olurlar”.

Natiq Cəfərli hesab edir ki, istehlak kreditlərinə tələbin artmasının arxasında əhalinin real gəlirlərinin mövcud xərcləri tam qarşılaya bilməməsi dayanır: “Amma məsələnin kökündə duran daha bir ciddi problem ondan ibarətdir ki, istehsal və bizneslə bağlı kreditlərə maraq azalıb. Həm biznesin marağı azalıb, həm də bankların bu istiqamətdə marağı yoxdur. Çünki biznes kreditləri daha uzunmüddətli olur, bəzən daha aşağı faizlə verilir və riskləri çoxdur. Yəni risk-menecment biznes kreditlərinə və yaxud istehsal kreditlərinə meyl etmir.

İş adamları niyə biznes kreditlərinə meyl etmirlər? Çünki faizlər yüksəkdir, ölkədə iqtisadi artım tempi aşağıdır. Yəni, iqtisadiyyat canlı deyil. İqtisadiyyatın canlanması yollarından biri də məhz biznes kreditlərinin ucuzlaşması ola bilərdi. Dünyanın bir çox ölkələri bu yoldan keçiblər. Bunlar bir-biri ilə çox bağlı məsələlərdir və əsas problem, dediyim kimi, iqtisadi modelin özündən qaynaqlanır. Deməli, artıq zaman yetişib ki, biz iqtisadi modelimizi dəyişək".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR