Onlayn ictimai-siyasi qəzet
ABŞ-də münsiflər heyəti “Nyu-York Tayms” qəzetini Alabama Universitetinin keçmiş basketbolçusu Key Spirsə mənəvi ziyan vurduğuna görə 9,25 milyon dollar təzminat ödəməyə məhkum edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qəzet universitetdə 2023-cü ildə baş verən atışma ilə bağlı məqalədə onun adını səhvən çəkib.
Alabama Universitetinin basketbolçusu Darius Miles 15 yanvar 2023-cü ildə kampus yaxınlığında atəş açıb. Nəticədə 23 yaşlı bir qadın həlak olub, bir neçə tələbə yaralanıb. Mart ayında “NYT” anonimlik şərti ilə şahidlərlə danışan bir müxbirin reportajını dərc edib. Jurnalistin həmsöhbətlərindən biri bildirib ki, atışma zamanı başqa bir basketbolçu Key Spirs kampus yaxınlığında park edilmiş avtomobildə olub. Tezliklə nəşr səhvini etiraf edib və mətndəki qeyri-dəqiqliyi göstərib.
Buna baxmayaraq, Spirs qəzetin onun şəxsi həyatına müdaxilə etdiyini və ona ağır emosional stress yaratdığı iddiası ilə qəzeti böhtan iddiası ilə məhkəməyə verib. Münsiflər heyəti iddiaçının tərəfini tutub.
Hökmlə bağlı hesabatında “Nyu-York Tayms” 50 ildən çoxdur ki, bir məqalə ilə bağlı böhtan iddiasını uduzmadığını qeyd edib. Qəzet əvvəlki yüksək səviyyəli işlərdə (o cümlədən Sara Peylin və Donald Trampın işlərində) qalib gəlmişdi.
“NYT” sözçüsü Çarli Stadtlander bunu "açıq-aşkar səhv" adlandırıb və nəşrin qərardan məyus olduğunu, onu əsassız hesab etdiyini və apelyasiya şikayəti vermək imkanlarını araşdırdığını bildirib.
Gerçəkdən də adi bir cümləyə görə dünyanın ən nüfuzlu qəzetinə 9.25 milyon dollar cərimə kəsiləcəksə, bu bütün dünya nəşrləri üçün olduqca yoluxucu və zərərli presedent olacaq. İstənilən məqalədə adları necəsə çəkilən adamlar məhkəmə yolu tutacaqlar.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ