Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti ilə 2015–2025-ci illərdə ölkədə aqrar sahənin inkişafı istiqamətində genişmiqyaslı və inqilabi islahatlar həyata keçirilib.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib.
O bildirib ki, bu dövr ərzində üzümçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq, fındıqçılıq, tütünçülük, baramaçılıq və pambıqçılığın inkişafına dair dövlət proqramları qəbul edilib. Nəticədə aqrar sahəyə dövlət dəstəyi artırılıb, bir sıra sahələrdə istehsal və ixrac potensialı yüksəlib, əsas məhsullar üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb.
X.Əhədovun sözlərinə görə, meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə əldə olunub, ət, süd, balıq və kartof məhsulları üzrə isə müsbət dinamika müşahidə edilir.
O qeyd edib ki, kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün iri infrastruktur layihələri həyata keçirilib, müasir suvarma sistemləri genişləndirilib, yeni su anbarları inşa olunub və kanallar yenidən qurulub. “Kənd təsərrüfatı sahəsinin texnika ilə təminatı istiqamətində çox böyük işlər görülüb, texnika parkı demək olar ki, tam yenilənib. Eyni zamanda, əkin dövriyyəsindən çıxmış və istifadə olunmayan 169,1 min hektar torpaq sahəsi yenidən dövriyyəyə qaytarılıb”, – deyə X.Əhədov vurğulayıb.
Prezidentin köməkçisi əlavə edib ki, 32 rayonda 52 aqropark yaradılıb. Onun sözlərinə görə, aqroparklar sahibkarlığın inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalına, idxaldan asılılığın azaldılmasına və məşğulluğun artırılmasına mühüm töhfə verib.
Aqrar sektora ayrılan subsidiyalar və dövlət dəstəyi mexanizmləri fermerlərin fəaliyyətinə necə təsir göstərib? Son on ildə aqrar sahədə görülən işlər ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün kifayət edirmi?
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Aqrar sektora ayrılan subsidiyalar, güzəştli kreditlər, texnika təminatı və digər dövlət dəstəyi mexanizmləri fermerlərin istehsal imkanlarının genişlənməsinə mühüm təsir göstərib. Bu tədbirlər kənd təsərrüfatında investisiya qoyuluşlarını artırıb, bəzi məhsullar üzrə məhsuldarlığın yüksəlməsinə və istehsal xərclərinin müəyyən qədər azalmasına şərait yaradıb. Xüsusilə, aqroparkların yaradılması, suvarma infrastrukturunun yaxşılaşdırılması və istifadədən çıxmış torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması kənd təsərrüfatının inkişafına əlavə stimul verib”.
İqtisadçı əlavə edib ki, bununla belə dövlət dəstəyinin təsiri bütün fermerlər üçün eyni səviyyədə hiss olunmur: “Kiçik təsərrüfatlar bəzi hallarda maliyyə resurslarına çıxış, satış bazarları, su təminatı və istehsal xərclərinin artması kimi problemlərlə üzləşməkdə davam edirlər. Buna görə də dövlət proqramlarının səmərəliliyi ilə yanaşı, onların fermerlərə çatdırılma səviyyəsi və praktik nəticələri də mühüm əhəmiyyət daşıyır. Son on ildə görülən işlər ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm nəticələr verib. Meyvə-tərəvəz və yumurta üzrə yüksək özünütəminetmə səviyyəsinin əldə olunması, digər məhsullar üzrə müsbət dinamikanın müşahidə edilməsi bunu göstərir. Lakin ərzaq təhlükəsizliyi yalnız istehsal həcmləri ilə məhdudlaşmır. İqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, əhalinin artan tələbatı və qlobal bazarlardakı risklər gələcəkdə yeni çağırışlar yarada bilər.
Bu səbəbdən son illərdə görülən işlər əhəmiyyətli nəticələr versə də, ərzaq təhlükəsizliyinin tam və davamlı təminatı üçün su resurslarının səmərəli idarə olunması, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və kənd təsərrüfatının rəqabət qabiliyyətinin daha da yüksəldilməsi istiqamətində tədbirlərin davam etdirilməsi vacib hesab olunur”.
Afaq Mirayiq,
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ