Onlayn ictimai-siyasi qəzet
8 dekabrda dünya elmini sarsıdan hadisə baş verdi: Elm və Təhsil Nazirliyimizin tabeliyindəki 3 elm-istehsalat birliyi baş nazir Əli müəllimin qərarıyla ləğv edildi. Bunların adını son dəfə tarix üçün qeyd edək, min il keçəndə araşdırıcılar necə fəlakətlə üzləşdiklərini başa düşsünlər: “Nafta”, “Aşqar” və “Kompozit”.
“Nafta” indiyəcən nə iş görürmüş, doğrusu, bu haqda heç zad öyrənmək mümkün deyildir. Elə ən maraqlı detallardan biri də budur ki, beynəlxalq axtarış motorunda - Google-da həmin bu 3 zırpı elm-istehsalat birliyimizin ismi-şərifini yazanda yalnız... ləğv olunmaqları haqqında xəbərlər ortaya çıxır. Bəs bu idarələr neçə ildir nə iş görürmüş? Yəqin dövlət sirri olduğu üçün internetdə yazmayıblar.
Məsələn, zənn edək ki, “Nafta” Naftalanda palçıq vannasına hansı böyrü üstə uzanmağı araşdırmışdır. “Kompozit” qarışıq maddələrdən kompozisiya düzəldirmiş. Ya da yemişan kompotunu kəşf ediblər. Zarafat eləmirəm. İndi villa dustağı olan Ramiz müəllim Milli Elmlər Akademiyamızın müdiri işləyəndə eks-nəqliyyat naziri Ziya müəllimin qərdeşi, eks-deputat və qaraj müdiri Elton müəllimlə birgə akademiyanın bazasında... çipsi istehsalını təşkil etmişdilər. O vaxt AMEA-da “Qatıqlı çipsinin xırtıldatma effektlərinin gücləndirilməsində Abel müəllimin nanotexnologiyalarının rolu”, “Kartof diliminin qalınlığı və dilim-dilim olasan dilim folklorumuzun yaddaşında”, “Kitabi-Dədə Qorqud dastanında gizli abır-cubur izləri və bunun Kamal Abdullanın ədəbi irsinə təsiri” kimi elmi temalarda araşdırmalar aparılırdı.
“Aşqar” EİB-in ləğvi isə Misir müəllimin qaranlıq epoxasında məktəbə gedib ana dilimizi öyrənmiş istənilən şagirddə “aşkarlığı eyib olduğu üçün baş nazir ləğv edib” kimi təəssürat oyada bilər. Ancaq təəssüf ki, belə deyil. (Aşkarlığın ləğvi istiqamətində Ağır Cinayətlər Məhkəməsi daha aktivdir, buna görə zəhmətkeşlərimiz adından minnətdarlığımızı bildiririk. Aşkarlıq ziyanlı şeydir. Elementar bir misal çəkim: plyaja gedəndə hamı lüt olur, ancaq qəti maraqlı gəlmir. Paltarlı olanda, başqa məsələ! Əlbəttə, indi mövzumuz bu deyil, sayın oxucular arzu eləsələr bu temaya yenidən qayıda bilərik. Deyəsən hələ vaxtımız var). Burada söhbət aşqarlardan gedir. Qısaca, neftdən alınan və neftə qatılan cürbəcür maddələr.
Maraqlıdır ki, bizdə aşqarlar sahəsi üzrə təkcə EİB yox, elmi-tədqiqat institutu da vardır. Ancaq neftimizi Bakı-Ceyhan kəməri ilə nəql edəndə ona haradasa, kimsə (Adnan müəllimin boynunda qalıb, səhv etmirəmsə) elə aşqar vurmuşdu ki, biabırçılıq oldu, neftimiz dünya bazarında az qala nüfuzdan düşmüşdü. Bəlkə “Aşqar” EİB-i də bir işə yaramadığı üçün ləğv eləyirlər? Allah bilir. Gərək şeyxə yazaq, görək oradan nə məlumat var.
Sözgəlişi, bugünlərdə şeyximizin qərdeşi, deputat Cavanşir müəllim, necə deyərlər, “xoruzların banına qədər 3 dəfə” Allahşükür müəllimi baqaja qoydu. Deyib ki, mən özüm üzünü görməmişəm, ancaq qardaşımın Ramiz Mehdiyevlə əlaqələri olubdur. Şeyximizə başqa düşmən lazım deyil.
Bütün dünyada aşqarlar elmi üzrə alimlər həmçinin neftdən cürbəcür mühərrik yağları alınması üzərində çalışırlar. Bizdə bu sahə də, yumşaq yazsam, yaxşı vəziyyətdə görünmür. İnanmırsınızsa, yol qıraqlarındakı istənilən motor yağı satan sexlərə, dükanlara baxın. Oralarda milli, Azərbaycan istehsalı olan mühərrik yağına rast gəlsəniz mənə də gətirin, başıma sürtəcəm, bəlkə fikirlərim daha yaxşı fırlandı. Beş-on il qabaq Sumqayıt tərəfdə bir mühərrik yağı zavodu açıblar, ancaq onun bazar payı heç beş faiz deyil. Sürücülər mühərrikə xarici yağları tökür. Neft bizdən çıxır, yağını xaricdən alırıq. Xammal satıb, hazır məhsul alırıq, ziyana düşürük.
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ