Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Türkiyənin arasına nifaq salmağa çalışanlara Türkiyənin öz içindən — cəmiyyətin dərin qatlarından tutmuş siyasi çevrələrədək — etiraz səsləri yüksəlir. Bu etirazların ən qətiyyətli nümunələrindən biri keçmiş millət vəkili, MHP-nin keçmiş başqan müavini, Ülküçü hərəkatın əfsanələrindən sayılan Atilla Kayanın mövqeyidir. 1992–1993-cü illərdə Azərbaycan torpaqları uğrunda döyüşmüş Azərbaycan kökənli Atilla Kaya bu yazısında iki qardaş ölkənin münasibətlərini hədəfə alanlara sərt cavab verir. Özünün "X" hesabında paylaşdığı fikirlərini Musavat.com olaraq oxucularımıza təqdim edirik.
***
Azərbaycan–Türkiyə
Türkiyə islamçı və məzhəbçi siyasətlərin bədəlini hələ də ödədiyi halda, yaşananlardan dərs çıxarmaq əvəzinə, eyni düşüncə sahibləri bir müddətdir “bir millət, iki dövlət” şüarını paylaşdığımız Azərbaycanla münasibətlərimizi hədəfə alırlar.
Türkiyədə oğurluq, korrupsiya, ədalətsizlik başda olmaqla, yeyilən hər cür haramın üstünü örtmək üçün vasitəyə çevrilən islamçılığın xarici münasibətlərdə də istifadə olunması sanki Türkiyə üçün kifayət qədər böyük təhlükə deyilmiş kimi, bu islamçı və məzhəbçi siyasətlər Azərbaycan üçün də məcburi edilmək istənilir.
Ziya Gökalpın banilərindən sayıldığı türk millətçiliyinə və Türkiyə Cümhuriyyətinə bağlılıq hissi duyan heç kəs Gökalpın ilk ilham mənbələrindən olan Hüseynzadə Əli bəyin irsini daşıyan Azərbaycanı sorğu-suala çəkməyə cəhd etməməlidir.
“Dövlət ağlı”nın mövcudluq şərti dünyəvilikdir. Hüququn mənbəyini dinlə bağlayan, dini və məzhəbi maraqları milli maraqlardan üstün tutan siyasət dövlət ağlının təmsilçisi ola bilməz. Millətçiliyin heç bir tərifinə görə, dünyanın heç bir yerində millətçi sayıla bilməz.
Kardinal olmasına baxmayaraq, “Məni Papalığın deyil, Fransanın maraqları düşündürür”, – deyən Rişelye Qərbdə “Dövlət ağlı”nın (Raison d’État) banilərindən biri hesab olunur.
Azərbaycan islamçı düşüncənin anlamadığı və düşüncə tərzini dəyişmədiyi müddətcə anlaya bilməyəcəyi bir həqiqəti dərk edib: milli maraqları din, məzhəb və sinif maraqlarından üstün tutmaq lazımdır və bunun ən mühüm şərti dünyəvilikdir. Bu vəziyyət həm iki dövlət, həm də bir millət üçün ümid mənbəyi olmalıdır, narahatlıq səbəbi yox.
Netanyahu bu gün dünyada nifrət obyektlərinin bir nömrəlisidir və buna sonadək layiqdir. Digər tərəfdən, bəşəriyyətdən nəsibini almamış soyqırımçı uşaq qatili bir vasitəyə çevrilərək nə ümmətçi siyasətlər həyata keçirilməyə çalışılmalı, nə də bu məqsədlə Azərbaycan qurban edilməyə cəhd göstərilməlidir.
Türk millətçiliyinin məqsədi türklərin birliyi və bütövlüyüdür. Bu birliyi və bütövlüyü HƏMAS düşüncəsinə qurban vermək deyil.
Bizim qan qardaşımız da, can qardaşımız da Azərbaycandır; Ərəb körfəzində tapdıqlarınız da, okeanın o tayında axtardıqlarınız da deyil!
Türkiyədə və Azərbaycanda yaşayan türklər Türkiyə və Azərbaycan məsələsində eyni həssaslığı göstərməlidirlər. Oğuzun övladları, qan qardaşları kimi, bu fitnəyə qarşı əl-ələ verməli, çiyin-çiyinə mübarizə aparmalıdırlar.
Türkiyə–Azərbaycan münasibətlərindən söhbət gedəndə heç kəs Bəxtiyar Vahabzadənin sözünün üstünə söz deməyə cəhd etməməlidir:



Atilla Kaya 1992-93-cü illərdə Azərbaycanda, döyüş bölgələrində. Yanındakı şəxs Türk Ordusunun zabiti Hamit İltaşdır.
Atilla Kaya,
23, 24, 25 ve 26 dönəm Türkiyə Millət vəkili
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ