İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avroviziya”da Azərbaycan üçün həyəcan təbili 

Nəticələr zəifləyir, amma yarışdan imtina etmək çıxış yolu deyil - ekspert: “Azərbaycan öz musiqisini dünyaya daha yaxşı təqdim etməlidir”

Niderland “Avroviziya 2027" mahnı müsabiqəsində iştirakını təsdiqləyib. Niderlandla yanaşı, İrlandiya, İslandiya, İspaniya və Sloveniya da ”Avroviziya 2026"da İsrailə görə iştirak etməmişdi. Bu ölkələrin gələn il yarışa qayıdıb-qayıtmayacağı isə hələ tam aydın deyil.

“Avroviziya 2027" Bolqarıstanın Burqas şəhərində keçiriləcək. Hazırda 30 ölkənin iştirakı təsdiqlənib. Siyahıda Azərbaycanın olmaması isə ölkəmizin gələcəkdə bu yarışda iştirakının davam edib-etməyəcəyi ilə bağlı suallar yaradır.

Avropa Yayım Birliyinin (EBU) layihəsi olan “Avroviziya” 1956-cı ildən keçirilir. Müsabiqə tarixində ən çox qələbə qazanan ölkələr İrlandiya və İsveçdir - hər biri 7 dəfə. Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna isə 3 dəfə qalib gəlib. Azərbaycan isə 2011-ci ildə Ell və Nikki dueti ilə yarışın qalibi olub.

Azərbaycan “Avroviziya”da ilk illərdə kifayət qədər yüksək nəticələr əldə etsə də, son dövrlərdə göstəricilər əvvəlki uğurlu dövrlə müqayisədə zəifləyib. Bu da müsabiqədə iştirak üçün xərclərin və əldə olunan nəticələrin nə dərəcədə səmərəli olduğu barədə müzakirələri aktuallaşdırır.

Aydın Xan Əbilov: ““Uşaq pulu” tələb edirik və pulu bahalı telefonlara,  əyləncələrə xərcləyirik” Pravda.az

Aydın Xan Əbilov

Mövzu ilə bağlı yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri Aydın Xan Əbilov “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın “Avroviziya”da iştirakının yalnız nəticə ilə ölçülməməli olduğunu bildirib.

Ekspertin sözlərinə görə, beynəlxalq musiqi yarışmaları ölkənin tanıdılması və mədəni imkanlarının dünyaya təqdim edilməsi baxımından əhəmiyyətlidir:

""Avroviziya" və ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq yarışmalar, forumlar və tədbirlər Azərbaycanı dünyada PR etmək, beynəlxalq aləmdə tanıtmaq, ölkənin imkanlarını dünyaya göstərmək baxımından hər zaman bizim üçün maraqlı olub. Təmsilçilərimiz vaxtilə "Avroviziya"da kifayət qədər yüksək nəticələr də əldə ediblər”.

Aydın Xan Əbilov Azərbaycanın 2012-ci ildə “Avroviziya”ya ev sahibliyi etməsini də ölkənin mədəniyyət və turizm imkanlarının təqdimatı baxımından mühüm hadisə hesab edir. Onun sözlərinə görə, yarış üçün inşa edilən Bakı Kristal Zalı müsabiqədən sonra da müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi üçün istifadə olunur.

Ekspert hesab edir ki, “Avroviziya” Azərbaycan mədəniyyətinin təqdimatı üçün də imkan yaradıb: ""Avroviziya"dan sonra Azərbaycanın incəsənətinə, mədəniyyətinə, ədəbiyyatına, musiqisinə, xüsusən də muğamına, milli-mənəvi dəyərlərinə çox ciddi maraq yarandı. Avroviziyaya gedərkən Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün müəyyən elementlərdən istifadə edirdik. Bunlar tar, kamança, muğam, xalq havaları və digər milli atributlarımız idi”.

Kulturoloq bildirir ki, müsabiqəyə yalnız yüksək yer tutmaq məqsədilə yanaşmaq düzgün deyil. Onun fikrincə, əsas məsələlərdən biri Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə təsəvvür formalaşdırmaq, ölkəyə turist marağını artırmaq və milli mədəniyyəti tanıtmaqdır: “Biz milyonlarla pul xərcləyib Avroviziyaya ona görə getmirdik ki, orada hansısa yüksək nəticə əldə edək. Sadəcə, gedirdik ki, Azərbaycanı tanıdaq, ölkəmizə turistləri cəlb edək”.

Aydın Xan Əbilov Azərbaycanın müsabiqədə milli musiqi elementlərindən daha çox istifadə etməli olduğunu düşünür. O, son illərdə xaricdən mütəxəssislərin cəlb olunmasına böyük vəsaitlər xərclənməsini də müzakirə mövzusu kimi qiymətləndirir: ""Avroviziya"da kifayət qədər Azərbaycan xalq mahnılarından, musiqilərindən, havalarından və milli atributlarından istifadə etmirik. Həmişə etirazımı bildirmişəm və tənqid etmişəm ki, "Avroviziya" ilə bağlı xaricdən çox baha qonorarlarla mütəxəssislər, bəstəkarlar, eyni zamanda son illər hətta müğənnilər çağırılırdı, amma onlar heç bir nəticə vermirdilər”.

Onun fikrincə, Azərbaycan öz milli musiqi irsini müasir musiqi ilə birləşdirərək daha fərqli təqdimat yarada bilər. O, bu işdə yerli bəstəkarların, gənc musiqiçilərin və kulturoloqların prosesə daha geniş cəlb olunmasını vacib sayır.

Ekspert “Avroviziya”nı həm də kreativ sənayenin inkişafı üçün platforma hesab edir. Onun sözlərinə görə, Azərbaycanın musiqi, rəssamlıq, milli mətbəx və digər mədəni məhsullarını beynəlxalq bazara çıxarmaq imkanları var: “Bizim əsas imkanlarımızdan biri kreativ biznes və sənayenin inkişafıdır. Onun da ən üst qatlarından biri Avroviziyadır. Bunu inkişaf etdirməklə yeməklərimizi, musiqimizi, mahnılarımızı, bəstəkarlıq nümunələrimizi, rəssamlıq məhsullarımızı dünyaya çıxarıb sata bilərik”.

Aydın Xan Əbilov hesab edir ki, “Avroviziya” ilə bağlı yanaşma da dəyişməlidir. Onun fikrincə, yalnız televiziya rəhbərliyi və müğənnilərin deyil, mədəniyyətşünasların, kulturoloqların və gənclərin də prosesə cəlb olunması vacibdir: “Kulturoloqlar Avropanın tələbləri ilə yanaşı, Azərbaycanın maraqlarını ifadə edən xüsusi mexanizmlər işləməlidirlər”.

Kulturoloq Azərbaycanın mövcud beynəlxalq yarışlarda iştirak etməklə kifayətlənməyərək özünün də yeni musiqi layihələri yaratmasını təklif edir. Onun fikrincə, Bakı “Şərq-vision” və ya Şərq ölkələrinin televiziya mahnı müsabiqəsi kimi regional layihəyə təşəbbüs göstərə bilər.

“Türk dünyası, TÜRKSOY və s. bununla bağlı addımlar atıblar, amma onlar istədikləri effekti verməyib. Mən isə inanıram ki, azərbaycanlılar bu işə başlasalar, oradan yaxşı qazanc əldə edə bilərik, eyni zamanda Azərbaycanı yaxşı PR edə bilərik”, - deyə ekspert bildirib.

Beləliklə, “Avroviziya 2027"də Azərbaycanın iştirakı məsələsi yalnız müsabiqədə nəticə əldə edib-etməməklə bağlı deyil. Burada ölkənin beynəlxalq tanıtımı, mədəni diplomatiyası, kreativ sənayesi və milli musiqinin dünyaya təqdimatı da mühüm amillərdir. Azərbaycan üçün əsas məsələ isə bu platformadan gələcəkdə hansı strategiya ilə istifadə ediləcəyidir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR