İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan İranı rəsmən “müharibə zonası” elan etdi - niyə indi?

Rəsmi Bakı İran-ABŞ qarşıdurması Azərbaycan sərhədlərinə çatmadan onu necə idarə etmək və mümkün nəticələrini minimuma endirmək barədə düşünür

ABŞ ordusunun İranın Hörmüz boğazındakı strateji Lark adasına hücum etdiyi barədə xəbərlərdən sonra bölgədə gərginlik yenidən artıb. İran İnqilab Keşikçiləri Korpusu daha sonra ABŞ-nin İrana qarşı hücumuna cavab olaraq qisas əməliyyatlarının başladıldığını açıqlayıb. Diqqətçəkən faktdır ki, son hücumdan əvvəl Azərbaycan baş nazirinin qərarı ilə İran Azərbaycan diplomatları üçün “müharibə zonası” siyahısına salınıb. Qərarla yanaşı, diplomatik xidmət əməkdaşlarına zəmanət və kompensasiyaların verilməsi qaydalarına da dəyişiklik edilib. Qərar 31 dekabr 2026-cı ilədək qüvvədə olacaq.

İranın Azərbaycanın diplomatik nümayəndəliklərinin müharibə və silahlı münaqişə şəraitində fəaliyyət göstərdiyi ölkələr siyahısına salınması sıradan inzibati qərar deyil. Bu, Bakının İrandakı təhlükəsizlik vəziyyətinə verdiyi rəsmi qiymətləndirmənin göstəricisidir. Diplomatlara əlavə təminat və kompensasiyaların nəzərdə tutulması da vəziyyətin ciddiliyini göstərən detallardan biridir. Başqa sözlə, Tehran artıq Bakı üçün yalnız qonşu və diplomatik tərəfdaş deyil, təhlükəsizlik risklərinin nəzərə alınmalı olduğu ölkələr sırasındadır.

Siyahıda ümumilikdə 8 dövlət var: Əfqanıstan İslam Respublikası, İraq Respublikası, Liviya Dövləti, Suriya Ərəb Respublikası, Ukrayna, Fələstin Dövləti, İsrail Dövləti və İran İslam Respublikası. 

Yəni İran bu kateqoriyaya daxil edilən 8-ci dövlətdir.

Bu hadisələr Azərbaycan Nazirlər Kabinetinin İranı “müharibə və silahlı münaqişə şəraitində olan” dövlətlər siyahısına daxil etməsi qərarına xüsusi məna qazandırır. Bakı hələ martın 1-dən etibarən İranı diplomatları üçün yüksək riskli ölkələr sırasında rəsmiləşdirib. İndi isə Hörmüz boğazında ABŞ və İran arasında birbaşa hərbi toqquşmanın yenidən baş verməsi həmin qərarın nə qədər ciddi təhlükəsizlik kontekstində qəbul edildiyini göstərir.

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Nazirlər Kabinetinin qərarının arxasında siyasi və təhlükəsizlik mühitinin yenidən qiymətləndirməsi dayanır: “Başqa sözlə, Azərbaycan öz diplomatlarının İrandakı fəaliyyətini artıq adi diplomatik missiya kimi deyil, yüksək riskli təhlükəsizlik şəraitində həyata keçirilən fəaliyyət kimi rəsmiləşdirir. Qərarın praktiki nəticəsi diplomatların və diplomatik heyətin təhlükəli şəraitdə fəaliyyət göstərməsinə görə əlavə təminat və kompensasiya mexanizmlərinin işə düşməsidir. Rəsmi Bakı İran ətrafında formalaşan təhlükəsizlik vəziyyətini bundan əvvəl ciddi risk kimi qiymətləndirib. Qərarın geriyə -1 mart 2026-cı il tarixindən tətbiq edilməsi də bu baxımdan diqqətəlayiqdir. Belə ki, Azərbaycan hökuməti İran ərazisindəki təhlükəsizlik vəziyyətini son günlərdə yaranmış müvəqqəti problem kimi deyil, 2026-cı ilin əvvəlindən davam edən və diplomatik fəaliyyət üçün xüsusi risk yaradan proses kimi qiymətləndirir. Bu isə Bakının bütövlükdə İrana yox, İranda gedən müharibəyə münasibətində yeni təhlükəsizlik prizmasının formalaşdığını göstərir”.

Siyasi şərhçi hesab edir ki, Azərbaycan üçün İranla münasibətlər həmişə ikili xarakter daşıyıb: “Bir tərəfdən iki ölkə arasında uzun sərhəd, tarixi əlaqələr, iqtisadi münasibətlər, nəqliyyat layihələri və ciddi regional maraqlar mövcuddur. Digər tərəfdən isə son illərdə geosiyasi müstəvidə münasibətlərdə təhlükəsizlik problemi getdikcə daha çox ön plana çıxıb. ABŞ-İsrail cütlüyünün İrana qarşı apardığı müharibə vəziyyət daha mürəkkəbləşdirir. Azərbaycanın cənub qonşusunda müharibə gedirsə, bu müharibənin nəticələri Azərbaycan sərhədindən yüzlərlə, bəzi istiqamətlərdə isə daha az məsafədə hiss oluna bilər. Burada təhlükəni yalnız raket və dron zərbələri ilə ölçmək düzgün olmaz. Azərbaycan üçün daha geniş təhlükəsizlik spektri meydana çıxır.

ABŞ-İran qarşıdurmasının İranın bütün ərazisinə və regiondakı ABŞ bazalarına yayılması yeni risklər yaradır. İranın hərbi cavabının müxtəlif istiqamətlərə yönəlməsi hərbi eskalasiyanın coğrafi genişlənməsinin nəzəri ehtimal olmadığını göstərir. İranın bəzi rəsmilərinin tez-tez Azərbaycanı hədəfə alan bəyanatlarla çıxış etməsi vəziyyəti daha da gərginləşdirir. Və Azərbaycan üçün əlavə problemlər yaradır. Müharibə şəraitində hava məkanının bağlanması, uçuşların dayandırılması və sərhəd-keçid rejiminin dəyişməsi Azərbaycan üçün birbaşa logistika problemi yarada bilər. Bundan başqa, Hörmüz boğazında vəziyyətin pisləşməsi yalnız neftin qiymətinə təsir etmir. Bu, bütün regional nəqliyyat və enerji marşrutlarında risklərin yenidən hesablanmasına səbəb olur. İran daxilində hərbi qarşıdurmanın dərinləşməsi həmçinin sərhəd bölgələrində qeyri-sabitlik, qaçqın axını, qaçaqmalçılıq və digər transsərhəd riskləri ehtimalını artıra bilər. Bütün bu amilləri nəzərə alaraq Azərbaycan siyasi və diplomatik dialoqu qorumaqla yanaşı təhlükəsizlik risklərinə hazırlığı artırmaq xəttini tutub. Artıq məlumdur ki, ABŞ-İran müharibəsinin ən həssas məsələsi artıq İranın nüvə proqramı və raket imkanları deyil, Hörmüz boğazına nəzarətdir. Hörmüz boğazına nəzarət məsələsi strateji qarşıdurmanın mərkəzinə çevrilib və bu, bütün region üçün təhlükəlidir. Çünki boğazda hərbi qarşıdurma uzun müddət davam edərsə, məsələ tədricən ABŞ-İran münasibətlərindən çıxaraq qlobal enerji və logistika böhranına çevrilə bilər".

Q.Əlibəylinin fikrincə, belə bir şəraitdə Azərbaycan bir dövlət kimi vəziyyəti xüsusilə həssas olaraq qiymətləndirməlidir: “Azərbaycan bir tərəfdən ABŞ və Qərblə strateji münasibətlərini inkişaf etdirir, digər tərəfdən, İranla yaxın qonşudur. Bu baxımdan Bakı üçün ən optimal strategiya bütün təxribatlara baxmayaraq müharibəyə qoşulmamaq, öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməmək, lakin siyasi kanalları açıq saxlamaqla müharibənin mümkün nəticələrinə hazır olmaqdır. Bu gün Azərbaycanın regional geosiyasi və hərbi qarşıdurmada seçdiyi yol məhz bu yönümdədir. Başqa sözlə, Azərbaycan bu qarşıdurmada tərəf olmaqdan daha çox onun nəticələrinin idarə edilməsinə hazırlaşır. Bu baxımdan diplomatların müharibə zonasında fəaliyyət göstərən əməkdaşlar kateqoriyasına salınması qərarı mühüm mesajdır. Bu qərarın mesajı ilk növbədə İranda fəaliyyət göstərən Azərbaycan diplomatlarına yönəlib və onların fəaliyyət göstərdikləri şəraitdə təhlükəsizlik risklərinin nəzərə alındığını göstərir. Lakin qərardan irəli gələn mesaj təkcə bununla məhdudlaşmır. Azərbaycan bununla göstərir ki, İran ətrafında yaranmış hərbi-siyasi vəziyyəti yaxından izləyir və lazım gəldikdə diplomatik, təhlükəsizlik və inzibati tədbirlər görməyə hazırdır. Başqa sözlə, Azərbaycan artıq İran istiqamətində diplomatik fəaliyyəti yalnız siyasi münasibətlər prizmasından deyil, təhlükəsizlik riskləri prizmasından da idarə edir. Bu qərar həmçinin İran-ABŞ qarşıdurmasının Azərbaycan sərhədlərinə çatmadan onu necə idarə etmək və mümkün nəticələrini necə minimuma endirmək barədə düşündüyünü bir daha nümayiş etdirir. Bu məsələdə sərhəd təhlükəsizliyi, enerji siyasəti, nəqliyyat, fövqəladə vəziyyətlərə hazırlıq və ən başlıcası, Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin nə dərəcədə çevik olması həlledici rol oynayacaq”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR