İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixin üzərinə yazı yazmaq olmaz!

Tarixi abidənin divarına ad yazmaq, qədim qayanın üzərinə ürək şəkli çəkmək, bir binanın fasadına boya ilə “xatirə” qoymaq... Bəziləri üçün bu, bəlkə də, adi hərəkət, hətta “xatirə saxlamaq” cəhdi kimi görünə bilər. Amma əslində söhbət bir neçə hərfdən, bir neçə cızıqdan və ya bir neçə damcı boyadan getmir.


Son aylarda Azərbaycanda baş verən iki hadisə bu problemin nə qədər ciddi olduğunu bir daha ortaya qoydu. Apreldə Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzinin binasına qraffiti çəkilməsi cəmiyyətdə ciddi narazılıq yaratdı. Hazırda isə diqqət Şuşaya yönəlib. Sentyabrın əvvəlində Şuşaya səfər edən bəzi şəxslərin şəhərdəki qaya və daşların üzərinə müxtəlif yazılar yazması ilə bağlı görüntülər yayıldı. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bildirdi ki, belə hallar ilk dəfə deyil, əvvəllər də baş verib və qayaları korlayan şəxslər barəsində tədbirlər görülüb, cərimələr tətbiq olunub.


Daha acınacaqlısı isə odur ki, yazıların silinməsi özü qayalara zərər vurub. Qoruq İdarəsindən bildirilib ki, turistlərin yazdığı yazılar təmizlənsə də, bu proses zamanı Cıdır düzündəki qayalara xeyli ziyan dəyib.

Beləliklə, “bir yazı yazdım, sonra da sildilər” məntiqi ilə məsələyə yanaşmaq mümkün deyil. Çünki tarixi irs asfalt yol deyil ki, üzərinə boya tökülsün və sabah yuyulsun. Memar Cahid Həsənov da məsələ ilə bağlı Musavat.com-a açıqlamasında son vaxtlar bu kimi hadisələrin ənənəvi hala çevrilməsindən narahatlığını ifadə edib.

Onun sözlərinə görə, şəhərin ümumi estetik tərtibatı memarlıq və şəhərsalmanın ayrılmaz hissəsidir: “Son vaxtlar bu hadisənin ənənəvi hal alması insanı təəccübləndirir. Şəhərin ümumi estetik tərtibatı memarlıq və şəhərsalmanın ayrılmaz bir hissəsidir. Təbii ki, bu kimi hallar şəhər memarlığına ən ciddi mənfi təsir göstərən amillərdir və bunu da məhz insan edir”.


Memar hesab edir ki, həm yerli sakinlərin, həm də şəhərlərə gəzintiyə gələn turistlərin tarixi və memarlıq abidələrinə münasibəti daha ciddi nəzarətdə saxlanmalıdır: “Çox təəssüf ki, yerli sakinlər və ya bura gəzintiyə gələn turistlər insan amilinə xidmət edən bu abidələrə zərər vururlar”, – deyə Cahid Həsənov bildirib.

Onun sözlərinə görə, burada problem təkcə vurulan boyanın sonradan yuyulmasından ibarət deyil: “Söhbət təkcə vurulan rəngin yuyulmasından getmir. Əsrlərlə bizə əmanət gəlib çatmış materiallara kimyəvi tərkibli təmizləyicilər vurulduqda, onlar korroziyaya uğrayır. Bu, küçə asfaltına atılan zibil deyil ki, süpürülsün, keçib getsin”.

Memarın fikrincə, bu cür hərəkətlərə birmənalı şəkildə yol verilməməlidir. Cahid Həsənov daha sərt cəza mexanizminin tətbiq edilməsini təklif edir: “İstərdim ki, Azərbaycanda ən böyük cərimə məbləği məhz bu hallara tətbiq olunsun. Təkcə memarlıq abidələrində deyil, ümumiyyətlə hasarlarda, darvazalarda, binalarda, dəhliz və qapılarda, eləcə də tarixi abidələrdə hər hansı bir yazı yazan, şəkil və ya rəsm çəkən şəxslərə minlərlə manat cərimə kəsilməlidir”, – deyə memar vurğulayıb.


Burada bir məqamı da qeyd etmək vacibdir: qanunvericilikdə artıq 2026-cı ildən mədəni sərvətlərin qorunmasına görə məsuliyyət əhəmiyyətli dərəcədə sərtləşdirilib. Yanvarın 28-də dərc edilmiş qanunla İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsinə dəyişiklik edilib. Mədəni sərvətlərin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə fiziki şəxslər üçün cərimə 700 manat, vəzifəli şəxslər üçün 1000 manat, hüquqi şəxslər üçün isə 3000 manat müəyyənləşdirilib.

Daha ciddi nəticə yarandıqda isə məsələ inzibati xəta çərçivəsindən çıxaraq cinayət məsuliyyətinə qədər gedib çıxa bilər. 2026-cı ildə Cinayət Məcəlləsinə əlavə edilən yeni redaksiyaya əsasən, dövlət tərəfindən qorunan mədəni sərvətin qəsdən korlanması və xeyli miqdarda – yəni 3000 manatdan yuxarı ziyan vurulması cinayət məsuliyyəti yarada bilər. Belə halda vurulmuş ziyanın iki mislinədək cərimə, yaxud iki ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə nəzərdə tutulur. Dövlət tərəfindən qorunan daşınmaz mədəni sərvətin qəsdən məhv edilməsinə görə isə daha ağır sanksiyalar tətbiq oluna bilər. Qanunvericilikdə daha bir mühüm yenilik də var: mədəni sərvətin ehtiyatsızlıqdan məhv edilməsinə görə də ayrıca cinayət məsuliyyəti müəyyənləşdirilib.

Yəni artıq “mən bilmirdim”, “sadəcə yazmışdım”, “ziyan vurmaq niyyətim yox idi” kimi izahların hər vəziyyətdə məsuliyyəti aradan qaldıracağı düşünülməməlidir. Əməlin hüquqi qiyməti konkret obyektə, onun statusuna, vurulan ziyana və digər hallara əsasən müəyyən edilir.

Memar hesab edir ki, problemin həlli yalnız cərimə ilə məhdudlaşmamalıdır: “İkinci tərəfdən, turizm agentlikləri ölkəyə və ya şəhərə gəzintiyə gətirdikləri turistlərlə müqavilə bağlayarkən xüsusi protokollar imzalatmalıdırlar”, – deyə Cahid Həsənov bildirib.

Onun fikrincə, turistlər əvvəlcədən məlumatlandırılmalıdırlar ki, abidələrə və ümumiyyətlə müxtəlif səthlərə boya, təbaşir, qələm və karandaşla yazı yazmaq, şəkil çəkmək qadağandır və belə hərəkətlər məsuliyyət yaradır.

Bu təklif xüsusilə Şuşa kimi tarixi şəhərlər üçün əhəmiyyətlidir. Çünki Şuşaya gələn turist yalnız bir şəhəri gəzməyə gəlmir. O, Azərbaycanın tarixinin, mədəniyyətinin və milli yaddaşının mühüm məkanlarından birinə daxil olur. 2026-cı ilin iyununda qanunvericiliyə edilən dəyişikliklə də Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, habelə onların toxunulmazlığını pozan müəyyən işlərin razılaşdırılmadan aparılması açıq şəkildə qadağan edilib.


Cahid Həsənov başqa bir mühüm məsələyə – maarifləndirməyə də diqqət çəkib. Onun sözlərinə görə, açıq məkan reklamlarına cavabdeh qurumların sosial reklam imkanlarından bu istiqamətdə daha geniş istifadə edilməlidir: “Ən azından memarlıq abidələrinin ərazisində və girişlərində bir neçə dildə xəbərdarlıq lövhələri yerləşdirilməlidir: «Hörmətli qonaq və turist, xoş gəlmisiniz! Abidələrə zərər vurmaq, üzərində yazı yazmaq qadağandır və cərimə tətbiq olunur»”, – deyə memar bildirib. Onun fikrincə, bu istiqamətdə maarifləndirmə işi demək olar ki, yox dərəcəsindədir.

Bu məqam xüsusilə vacibdir. Çünki hüquqi məsuliyyətin mövcudluğu qədər onun ictimaiyyətə çatdırılması da əhəmiyyətlidir. Turist bilməlidir ki, qarşısındakı qaya və ya divar “boş səth” deyil. Yerli sakin bilməlidir ki, qədim binanın fasadı onun şəxsi gündəliyi deyil.


Məsələnin ən həssas tərəfi isə Şuşadır. Cahid Həsənov hesab edir ki, Şuşanın özünün ruhu belə davranışlara yol vermir: “Əvvəla, Şuşanın abu-havası buna yol vermir. Bu gün hansısa bir məkanı süni şəkildə şoulaşdırmaq bizim bağışlanmaz səhvimiz olar”.


Memar hesab edir ki, hətta həmin qaya və ya daş konkret olaraq tarixi abidə statusunda olmasa belə, onun üzərinə yazı yazılması doğru deyil: “Əgər belə bir yanaşma mümkünsə, onda bizim dünyaşöhrətli rəssamlarımız, dizaynerlərimiz var – elə mən özüm də memar-dizaynerəm – gedib o daşların üzərində dünya turistlərinin baxması üçün möhtəşəm əsərlər yaradarıq. Amma belə bir icazə yoxdur və olmamalıdır da. Dünyanın heç bir yerində belə bir təcrübəyə rast gəlinmir. Rəsmin, yazının və şounun da özünəməxsus yeri var”, – deyə Həsənov qeyd edib.


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR