Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan və Qırğızıstan arasında münasibətlər son illərdə siyasi tərəfdaşlıqdan strateji iqtisadi əməkdaşlıq mərhələsinə keçməkdədir. Dövlətlərarası Şuranın 3-cü iclasında qəbul edilən qərarlar da göstərir ki, tərəflər ticarət dövriyyəsini artırmaqla kifayətlənməyərək birgə investisiya və istehsal layihələrinə üstünlük vermək niyyətindədirlər”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a şərhində bildirib.

Deputat qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın ciddi perspektivləri var:
“Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına çatdırılması iri biznes layihələrinin maliyyələşdirilməsi üçün ciddi imkan yaradır. Fond vasitəsilə kənd təsərrüfatı, logistika, emal sənayesi, turizm və istehsal sahələrində birgə müəssisələrin yaradılması mümkün olacaq. Hər iki ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) iştirakçısıdır. Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və müasir logistika infrastrukturu Qırğızıstan məhsullarının Avropa bazarlarına daha qısa müddətdə çıxarılmasına imkan verir. Bu isə yükdaşımaların həcmini artıracaq və tranzit gəlirlərini yüksəldəcək. Qərarda Qırğızıstana neft və neft məhsullarının müntəzəm tədarükü ilə bağlı tapşırıq verilməsi Azərbaycanın Mərkəzi Asiyada etibarlı enerji tərəfdaşı kimi rolunu gücləndirəcək. Gələcəkdə bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində də əməkdaşlıq üçün imkanlar mövcuddur”.
Aydın Hüseynov deyib ki, Azərbaycan və Qırğızıstan kənd təsərrüfatı məhsullarının istehsalı üzrə potensiala malikdir. Toxumçuluq, heyvandarlıq, emal sənayesi və aqrar texnologiyalar sahəsində birgə layihələr qarşılıqlı ticarətin həcmini artırmağa kömək edə bilər.
Deputatın sözlərinə görə, Qırğızıstanın Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına məktəbin tikintisində iştirakı təkcə humanitar deyil, həm də iqtisadi əməkdaşlığın simvoludur. Bu təcrübə gələcəkdə digər yaşayış məntəqələrinin bərpası, tikinti, xidmət və infrastruktur layihələrində qırğız şirkətlərinin iştirakını genişləndirə bilər.
Həmsöhbətimiz vurğulayıb ki, azərbaycanlı və qırğız sahibkarlar arasında birbaşa əlaqələrin qurulması, biznes forumlarının keçirilməsi və ixrac imkanları barədə məlumat mübadiləsi ticarət dövriyyəsinin artmasına, yeni investisiya layihələrinin yaranmasına şərait yaradacaq:
“Azərbaycan və Qırğızıstan iqtisadi əməkdaşlığı klassik alqı-satqı münasibətlərindən daha çox birgə investisiya, logistika, enerji və istehsal əməkdaşlığı modelinə keçir. Bu model təkcə iki ölkənin iqtisadiyyatına deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi inteqrasiyanın güclənməsinə, Orta Dəhlizin rəqabət qabiliyyətinin artmasına və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək”.
Etibar Seyidağa,
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ