İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan yeni mesaj verdi - nə Moskvanın, nə də Kiyevin orbitində...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya reallaşdırdığı rəsmi səfər Cənubi Qafqazdan kənarda da diqqətlə izlənilən diplomatik hadisələrdən biri oldu. Xüsusilə, bu səfərin Rusiyaya baş tutan təmaslardan dərhal sonra gerçəkləşməsi rəsmi Bakının xarici siyasətdə balanslı, praqmatik və milli maraqlara söykənən kursunu növbəti dəfə nümayiş etdirdi.

Belə ki, Azərbaycan bir tərəfdən Moskva ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlərini davam etdirir, digər tərəfdən isə Kiyevlə siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafına xüsusi önəm verir. Məhz bu yanaşma Bakının mürəkkəb geosiyasi şəraitdə heç bir qarşıdurmanın tərəfinə çevrilmədən, bütün tərəfdaşlarla konstruktiv dialoqu qoruyub saxlamasına imkan yaradır.

Ceyhun Bayramovun Kiyev səfərinin əsas mesajları nədən ibarətdir? Bu təmaslar Azərbaycan-Ukrayna münasibətlərinə hansı yeni imkanlar vəd edir? Rusiyadan sonra Ukraynaya edilən bu səfər regional geosiyasi balans baxımından hansı məna daşıyır?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirdi ki, bu səfəri anlamaq üçün onun məzmunundan daha çox nə vaxt baş verdiyinə baxmaq kifayətdir: " Ceyhun Bayramov iyulun 17-də Moskvada idi, Lavrovla görüşürdü. Üç həftə sonra, avqustun 6-da Kiyevdə Zelenski onu qəbul etdi. Bu iki səfər arasındakı müddət çox qısadır və diplomatiyada belə şeylər təsadüfən olmur. Bakı ardıcıllığı özü seçib və elə bilirəm ki, mesaj hər iki tərəf üçün eynidir. Azərbaycanın xarici siyasəti heç kimin icazəsindən keçmir. Səfərin ən çox müzakirə olunan hissəsi enerji mövzusu oldu. Nazir zərurət yaranarsa Ukraynaya qaz tədarükünə hazır olduqlarını bildirdi, Ukraynanın yeraltı qaz anbarlarından istifadə imkanı gündəmə gətirildi. Burada söhbət real həcmlərdən çox mövqe tutmaqdan gedir. Ukraynanın anbar sistemi Avropanın ən böyüyüdür və ora giriş Azərbaycanı sadəcə ixracatçı deyil, Avropanın enerji təhlükəsizliyi memarlığının iştirakçısı edir. Postmüharibə dövründə isə bu, birbaşa bərpa işlərində yer deməkdir".

Siyasi təhlilçi bir vacib məqamı da önə çəkdi: "İrpen ziyarəti səfərin simvolik dilidir. İrpen 2022-ci ildə rusların Kiyevə yürüşünün dayandırıldığı yerdir. Azərbaycanın xarici işlər naziri məhz orada dayanıb, bərpa olunan xəstəxanaya, məktəbə baxıb, həlak olan Ukrayna əsgərlərinin abidəsi önünə gül qoyub. Bunu Moskvada başa düşməmək mümkün deyil. Amma diqqət yetirmək lazımdır ki, Bakının ritorikası ölçülü qalır. Rusiya adla təcavüzkar elan edilmir, "döyüşlərin ən qısa müddətdə dayandırılması" kimi neytral formul işlədilir, dəstək humanitar və bərpa çərçivəsində saxlanılır. Yəni simvolika uzağa gedir, verbal öhdəlik isə qəsdən geridə saxlanılır. Bu da təsadüf deyil, bu siyasətdir. Ərazi bütövlüyü məsələsində Bakının Kiyevə yaxınlığı da yeni bir prinsip deyil. Azərbaycan onilliklər boyu müdafiə etdiyi hüquqi mövqeyi Ukraynada deməkdən çəkinmir. Məhz bu ritorika Bakıya beynəlxalq müstəvidə etibarlılıq qazandırır. Bu xəttin riskləri də var. Rusiya Ukraynadakı SOCAR obyektlərini artıq bir neçə dəfə hədəf alıb. Enerji əməkdaşlığı dərinləşdikcə zərbə altına düşən Azərbaycan aktivlərinin sayı da artacaq. Digər tərəfdən, Kiyev və Qərb zamanla daha açıq siyasi mövqe gözləyə bilər. Manevr sahəsi genişləndikcə balansı qorumaq asanlaşmır, əksinə çətinləşir. Hər bir halda səfərin məzmunu da, ritorik dili də göstərir ki, Azərbaycan tərəf seçən deyil, öz maraqları ilə ayrıca tərəf kimi mövqe tutur".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR