İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda İLK: kriptovalyuta dövlət nəfinə keçirildi – 830 rəqəmsal aktivin taleyi necə olacaq?

Azərbaycanda kriptovalyuta ilə bağlı daha bir ilk yaşanıb. Məhkəmə hökmü ilə Binance platformasındakı hesabda saxlanılan 830 ədəd kriptoaktiv dövlət nəfinə müsadirə edilib.

Musavat.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə Yasamal Rayon Məhkəməsində proses başa çatıb.

Hər iki şəxs xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xaricə və ya xaricdən Azərbaycana gizli köçürülməsi fəaliyyətinin təşkilində təqsirli bilinib. Hökmə əsasən, istintaq dövründə məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş Binance hesabındakı 830 kriptoaktiv də dövlət nəfinə müsadirə olunub.

Burada diqqətçəkən məqam yalnız kriptovalyutanın müsadirə edilməsi deyil. Əsas məsələ ondan ibarətdir ki, söhbət fiziki formada mövcud olmayan, xarici platformada saxlanılan rəqəmsal aktivlərdən gedir.

Məsələnin hüquqi tərəfi isə artıq kifayət qədər aydındır. Azərbaycan Cinayət Məcəlləsinin 99-1-ci maddəsi xüsusi müsadirəni məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınması kimi müəyyən edir. Daha maraqlısı budur ki, Azərbaycan qanunvericiliyində virtual aktivlər artıq cinayət yolu ilə əldə edilmiş əmlak anlayışının daxilində nəzərdə tutulur. Müvafiq qanunda cinayət yolu ilə əldə edilmiş əmlakın tərkibinə açıq şəkildə “virtual aktivlər” də daxil edilib.

Tanınmış vəkilə Gömrük Komitəsində yüksək vəzifə verildi | Modern.az

Məsələyə hüquqi baxımdan münasibət bildirən tanınmış vəkil Ceyhun Yusifovun Musavat.com-a deyib ki, burada Azərbaycan hüquq sistemi üçün kifayət qədər mühüm presedent formalaşır. Vəkilin fikrincə, bu hadisəni sadəcə “830 kriptovalyuta müsadirə edildi” kimi qiymətləndirmək düzgün olmaz: “Burada əsas məsələ kriptovalyutanın hansı adla və hansı platformada saxlanılması deyil. Əsas məsələ məhkəmənin rəqəmsal aktivə də digər əmlak növləri kimi cinayət-hüquqi tədbirin tətbiq edilməsini təsdiqləməsidir. Yəni rəqəmsal formada olan aktiv də cinayət yolu ilə əldə edildiyi müəyyənləşdirildiyi halda xüsusi müsadirənin predmeti ola bilər”.

Ceyhun Yusifova görə, işin digər mühüm tərəfi Binance hesabına çıxışın və həmin aktivlərin faktiki olaraq bloklanmasının təmin edilməsidir. “Kriptovalyutanın fiziki ünvanı yoxdur. Buna görə onun müsadirəsi avtomobilin, evin və ya bank hesabındakı pulun müsadirəsindən texniki baxımdan fərqlənir. Burada istintaq orqanı, məhkəmə və virtual aktiv xidməti təminatçısı arasında koordinasiya məsələsi ortaya çıxır. Bu baxımdan konkret işdə tətbiq edilmiş mexanizm gələcək cinayət işləri üçün də mühüm təcrübə yarada bilər”.

Bəs müsadirə edilən 830 kriptoaktivin sonrakı taleyi necə olacaq? Onlar Binance hesabında saxlanılacaqmı? Dövlətin müəyyən etdiyi kripto-cüzdana köçürüləcəkmi? Satılacaqmı? Əgər satılacaqsa, hansı qaydada və hansı qurum tərəfindən? Hərrac keçiriləcəkmi? Satışdan əldə olunan vəsait dövlət büdcəsinə köçürüləcəkmi?

Vəkil cavabında deyib ki, xüsusi müsadirə faktının özü aktivlərin dövlət nəfinə keçməsi deməkdir, lakin bundan sonrakı idarəetmə və realizə mexanizmi ayrıca praktiki və hüquqi məsələdir: “Kriptovalyutanın qiyməti çox sürətlə dəyişdiyi üçün burada şəffaflıq və hüquqi prosedur məsələsi xüsusi əhəmiyyət daşıyır. Bu məqam xüsusilə vacibdir. Çünki dövlət əmlakının idarə olunması ilə kriptoaktivin idarə olunması eyni şey deyil. Kriptovalyutanın dəyəri saniyələr ərzində dəyişə bilər, aktivin saxlanıldığı rəqəmsal açarın təhlükəsizliyi isə ayrıca texniki risk yaradır.

Üstəlik, Azərbaycanın virtual aktiv bazarını bütövlükdə və ayrıca tənzimləyən geniş qanunvericilik çərçivəsinin formalaşdırılması prosesi hələ davam edir. Hazırkı hüquqi baza cinayət yolu ilə əldə edilmiş virtual aktivlərin müsadirəsinə imkan versə də, kriptoaktivlərin dövlət əmlakı kimi sonrakı idarə olunması məsələsi ayrıca diqqət tələb edir. Yəni kriptovalyutanı müsadirə etmək bir məsələdir, onu dövlət əmlakı kimi saxlamaq, qiymətləndirmək və gələcək taleyini müəyyənləşdirmək isə tamam başqa məsələ”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR