İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla nüvə dövləti arasında YENİ mərhələ

Xəbər verdiyimiz kimi, Pakistan Milli Müdafiə Universitetinin rəhbər heyəti və "Milli Təhlükəsizlik və Müharibə kursu-26"nın dinləyici və professor-müəllim heyəti Azərbaycana səfər edib. Pakistanlı nümayəndə heyəti Azərbaycan Milli Müdafiə Universitetinin rektoru və rəhbərliyinə daxil olan şəxslərlə görüşüb. Görüşdə Azərbaycanla Pakistan arasında əlaqələrin davamlı inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Azərbaycan-Pakistan: iki qardaş, iki müttəfiq | Milli.Az

Nümayəndə heyəti və dinləyicilərə "Hərbi təhsil və elm sahəsində həyata keçirilən islahatlar" mövzusunda brifinq təqdim olunub.

Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın hərbi təhsil və elmi-tədqiqat istiqamətində dərinləşməsinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Azərbaycan və Pakistan arasında siyasi və hərbi münasibətlər onsuz da yüksək səviyyədədir, lakin müasir dövrdə orduların gücü yalnız silahlarla deyil, peşəkar kadr hazırlığı, hərbi idarəetmə və strateji planlaşdırma qabiliyyəti ilə ölçülür. Bu baxımdan hərbi təhsil sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Pakistanın Milli Müdafiə Universiteti ölkənin ən nüfuzlu strateji təhsil və araşdırma mərkəzlərindən biri hesab olunur. Universitet yalnız hərbçilərin deyil, dövlət idarəçiliyi, təhlükəsizlik və xarici siyasət sahəsində çalışan yüksək vəzifəli şəxslərin hazırlanmasında da mühüm rol oynayır. Burada milli təhlükəsizlik, müasir müharibə konsepsiyaları, geosiyasət, informasiya təhlükəsizliyi və strateji qərarvermə kimi istiqamətlər üzrə tədris həyata keçirilir.


Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, belə bir yüksək səviyyəli universitetlə Azərbaycanın Milli Müdafiə Universiteti arasında əməkdaşlıq bir neçə istiqamətdə Azərbaycan Silahlı Qüvvələrinin inkişafına töhfə verə bilər:

“Birincisi, strateji səviyyəli zabit hazırlığını qeyd edə bilərəm. Müasir müharibələr göstərir ki, uğur yalnız taktiki hazırlıqdan deyil, strateji düşüncə və çevik qərarvermədən asılıdır. Pakistanın uzun illər terrorla mübarizə, sərhəd təhlükəsizliyi və müxtəlif hərbi əməliyyatlar sahəsində topladığı təcrübə Azərbaycan üçün faydalı ola bilər. İkincisi, hərbi elmin inkişafı. Universitetlər arasında birgə tədqiqatlar, elmi konfranslar və müəllim-mütəxəssis mübadiləsi müdafiə sahəsində yeni yanaşmaların öyrənilməsinə imkan yarada bilər. Bu, xüsusilə pilotsuz sistemlər, kiber təhlükəsizlik, süni intellektin hərbi tətbiqləri və hibrid müharibə metodları kimi müasir istiqamətlərdə əhəmiyyətlidir. Üçüncüsü, beynəlxalq hərbi əməkdaşlıq şəbəkəsinin genişlənməsi. Pakistan dünyanın ən böyük ordularından birinə və nüvə silahına malik ölkələrdən biridir. Onun müxtəlif beynəlxalq hərbi platformalarda qazandığı təcrübə Azərbaycan zabitlərinin peşəkar hazırlığına müsbət təsir göstərə bilər”.

Polkovnik Rövşən Məhərrəmov: "Ali Baş Komandanın bir əmri kifayətdir ki..."

Ekspert qeyd edib ki, bu əməkdaşlıq eyni zamanda son illərdə formalaşan Azərbaycan-Türkiyə-Pakistan strateji üçbucağının tərkib hissəsi kimi də qiymətləndirilməlidir:

“Hər üç ölkə müdafiə sənayesi, hərbi təlimlər və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir. Hərbi təhsil sahəsində əlaqələrin inkişafı gələcəkdə ortaq tədris proqramlarının hazırlanmasına, zabit və dinləyici mübadiləsinə, birgə elmi araşdırmalara, regional təhlükəsizlik məsələləri üzrə ortaq analitik platformaların yaradılmasına şərait yaradacaq. Qarşılıqlı təcrübə mübadiləsi həm Pakistan, həm də Azərbaycan üçün faydalıdır”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR