İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “No-War”çılar, Rusiyada “Yabloko”...

Azərbaycan 30 il işğalda qalmış torpağının azadlığı uğrunda müharibə aparırdı, Ukrayna savaşı isə Rusiyanın vətən müharibəsi deyil...

Rusiyada almanın qurdlaması, yəni “Yabloko”nun sentyabrda keçiriləcək parlament seçkilərinə buraxılmaması qərarını, bunun həm də guya dövlətin Ali Məhkəməsinin hökmü ilə qanuniləşdirilməsini Kremlin “müharibə qırğıları”nın qələbəsi kimi qiymətləndirmək olar. Rusların almaya faydalarına görə xüsusi rəğbətləri var, bəllidir ki, liberal-demokratik dəyərləri müdafiə edən partiyanın əsası 1993-cü ildə qoyulub. (Təşkilatın adı əvvəlcə Qriqori Yavlinski, Yuri Boldırev və Vladimir Lukinin soyadlarının ilk hərflərindən yaranmış “YABLOKO” seçki blokunun adından gəlirdi. Sonradan ad “alma” mənasını verən rusca “яблоко” sözü ilə də assosiasiya olunmağa başladı). “Yabloko” Rusiyada demokratik küləklərin əsdiyi çox qısa aralıqda (mənə görə, 1993-1999-cu illər) parlamentdə ciddi siyasi qüvvə hesab olunurdu, hətta Dövlət Dumasında “Yabloko” fraksiyası da vardı.

Picture backgroundYavlinski Rusiya siyasi isteblişmentində həmişə “Amerikanın adamı” kimi tanınırdı, indi də elədir. Seçki debatlarının birində Jirinovski Yavlinskiyə hücum etmiş, “Səni döyərdim, amma bilirəm ki, o dəqiqə qaçıb ABŞ səfirliyində şikayətçi olarsan” dediklərini də yaxşı xatırlayıram. Qərbi Ukraynada (Lvov) doğulan Yavlinski “Yabloko”nun ipini çoxdan buraxıb, amma bizim indiki bəzi müxalifətçi liderlər kimi fəxri statusda qalır. Son prezident seçkilərində müxalifət hətta ona son ümid kimi baxırdı, Yavlinski isə 10 milyon imza toplamalı idi, amma on dəfə az imza toplaya bildi. O, həm Krımın ilhaqına, həm də Şərqi Ukraynada (Donbas) separatizm meylləri başlayandan (2014) bu siyasətin əleyhinə çıxıb. 2022-ci ilin fevralından da “Yabloko” Ukraynadakı müharibəyə qarşı ən açıq mövqedə duran siyasi təşkilata çevrilib. “Alma”çıların son illər Rusiyanın siyasi həyatında xüsusi fəallıqları olmayıb, ona görə federal səviyyədə ciddi xalq dəstəyi də yoxdur. Seçkilərdən qanunsuz kənarlaşdırılması da xüsusi etiraz doğurmadı, amma son günlər partiyaya 500-dək yeni üzv qoşulub, bank hesabına isə qısa müddətdə 4 milyon rubl ianə olunub. “Yabloko”nun Moskva bürosunun rəhbəri deyib ki, bu seçkilərə referendum kimi yanaşırdılar. “Yabloko”ya səs vermək hakimiyyətin müharibə qərarına qarşı səs vermək demək olacaqdı...

Picture background

Rusiyada müharibə əleyhinə təbliğat cinayət əməli sayılır, ona görə “almaçılar” payız seçkilərində iştirakın əngəllənəcəyini bilirdilər. Amma partiyanı seçkilərə buraxmamaq üçün bəhanə Kremlin dəstəkçisi “Rodina” partiyasından gəldi. “Rodina” “Yabloko”nu Qərbdən qanunsuz seçki dəstəyi almaqda ittiham etdi və Rusiya Ali Məhkəməsi 10 saat davam edən prosesin yekununda onların iddiasını əsaslı saydı. Ali Məhkəmənin qərarının tam mətnində deyilir ki, “Yabloko”nun seçkilərdən kənarlaşdırılmasının səbəbləri sırasında əqli mülkiyyətdən qanunsuz istifadə də göstərilib. Bunlara partiyanın təsisçisi Yavlinskinin səsləndirdiyi “Qoy həmişə günəş olsun” və “Kaş ki, müharibə olmasın” ifadələri daxildir. Partiya qərardan şikayət vermək niyyətindədir, amma hamı üçün aydındır ki, Kremldən verilmiş hökm elə-belə geri oxunmur. Həm də indiki situasiyada...

bakida-aksiya-kecirildi-foto

Xatırlayırsınızsa, 2020-ci ilin sentyabr ərəfəsi, Azərbaycanda da müharibə əleyhdarları kiçik bir qrup halında meydana çıxmışdılar. “No-War Movement” (“Müharibəyə yox” hərəkatı) kimi tanınan qrupda solçular, liberallar, feministlər və müxtəlif vətəndaş cəmiyyəti fəalları yer alırdı. Amma heç bir dəstəkləri olmadığı üçün tez də susdular. Yəni “o alma” Rusiyadakı “Yabloko”dan fərqli idi. Azərbaycan 30 il işğalda qalmış torpağının azadlığı uğrunda müharibə aparırdı. Ukrayna savaşı isə Rusiyanın vətən müharibəsi deyil. Bunu tarixən bir çox müharibələrdən keçmiş rus xalqına “vətən” adı ilə sırımaq mümkün olmur, ona görə açıq müharibə əleyhdarları kimi çıxış edən yeganə partiyanı seçkidən uzaqlaşdırmaq zorunda qaldılar.  Zatən budəfəki seçkilərdə digər 10 partiyanın siyahılarının yuxarılarında SVO – müharibə iştirakçılarına yer veriblər. Putin hesab edir ki, onlar yeni Rusiyanın elitası, gələcək hakimiyyətin özəyini təşkil etməlidirlər. Bu piar hələ uğurlu işləyir, amma savaş dayandırılsa, səngərdən çıxanlara iş və ya hökumətdə vəzifə vermək mümkün olmayacaq. O travmalı adamların isə dinc dövrdə reaksiyalarını proqnozlaşdırmaq çətin deyil. Rusiya bu travmanı, məsələn, Əfqanıstan və iki Çeçenistan savaşından sonra yaşayıb. Yəni Rusiya hakimiyyətinin müharibəni dayandırmaq istəməməsinin səbəbi təkcə hərbi iqtisadiyyat deyil, ordunu da indilikdə dinc dövrə keçirmək Kremlə riskli görünür.

Ona görə “Yabloko”dan “qurd tapmaq” müharibəni dayandırmaqdan qat-qat asan yoldur...

Nazim SABİROĞLU
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR