İnsanlara hürriyət, millətlərə istiqlal!

Müftə pendir olmur

Türkiyədə fond birjalarında dələduzluq edərək xalqın milyardlarla lirə (bəzi hesablamalara görə ümumilikdə 18-25 milyard dollar arası məbləğdən söhbət gedir) pulunu əkişdirən cinayətkar qruplaşma böhranı davam edir. Buna orada “Fon krizi” adı veriblər. Yəqin bunun altında Netanyahunun barmağı vardır. Nırç, nırç, nırç... İmkan vermirlər müsəlmanlar yaşasın.

Əslində bu, dövri-qədimdən bilinən, riyaziyyat məsələsidir. Yadıma gəlir, 1980-ci illərdə rus-sovet alimi Yakov Perelmanın məşhur “Əyləncəli riyaziyyat” kitabında maliyyə piramidasının necə qurulmasının elmi izahı verilmişdi.

Ancaq ümumilikdə bu tip işlərin kökündə elmdən daha çox, insanların tamahı durur. Necə olar bilər ki, sən havayı yerə pul qazanasan? Bir növ, oturduğun yerdə. Dələduzlar məhz bunu elan edib camaatı yolurlar. Əvvəlcə 1 nəfərın pulunu alır, sonra faizlə qaytarırlar. Sonra 1 nəfər 3 olur, 3 5-ə çıxır, “çıxdın beşə, vur on beşə”... Pullar sel kimi dələduzların cibinə axır, əvvəlcə qoşulanlara verilən yüksək faizlər camaatı şirnikləndirir, axırda “divar qurtarır” (pul verəcək adamlar) və birdən ayılırlar ki, it də gedib, ip də.

Maliyyə piramidası üçün dələduzlar, kasıbçılıq, tamahla yanaşı, mühüm şərtlərdən biri də dövlət qurumlarında himayəçilərin olmasıdır. Türkiyədə məhz bunu görürük. Hakim AKP üzvlərininin bu və ya digər formada “Fon krizi”nə qatışdığı aydın görünməkdədir, hətta ən son versiyalara görə işin ucu partiyanın qurucularından Binəli Yıldırıma qədər gedib çıxır. Ona görə bir türk qəzetçi ironiya ilə yazmışdı ki, görəsən Binəli müəllimin BMT-də Ərdoğan çıxış edərkən ağlaşmasının dəyəri neçə lirə olacaq.

Oğurlanan pullarla xaricdə bahalı villa, hotel, maşın, yaxtalar və sairə alınıb, ən karikaturu isə həmin ölkələrin klassik xristian məmləkətləri olmağıdır: İsveçrə, Almaniya, İngiltərə... Bəs görəsən bu hicablı-təsbehli, səccadəli-namazlı, abır-həyalı, Allah qorxusunu daim canında gəzdirən abilər və ablalar o pulları niyə Türkiyəyə yatırmayıb? Ah-uf. Fətullah müəllim qutsal Pensilvaniya diyarında bu haramzadaları izləyib qəbrində fır-fır fırlanır.

AKP İstanbul Gənclər Təşkilatının keçmiş liderlərindən biri “Fon krizi”ndə əsas dələduzlardan biridir və bu qardaşın orda müfti və şeyxləri şəxsi təyyarəsiylə Həcc, Ümrə ziyarətlərinə apardığının videoları var. Baxırsan, həm gülməyin gəlir, həm də bizim ölkədə din ticarəti aparan bəzi “müxalifətçilər”i düşünüb qəmlənirsən. Hərçənd, qəmlənməyə və bədbin proqnozlara heç ehtiyac da yoxdur, bizdə 1990-cı illərin əvvəlində bu cür piramida qurub milyonları əkişdirən əksər yoldaşlar da məhz “həci” çıxmışdılar. Məsələn, məşhur “Vahidbank”ın rəhbəri özünü Hacı Hüseynağa kimi təqdim edərdi.

Əlbəttə, “cinayətkarın nə milliyyəti, nə dini olur”, bu afyorizmi də bilirik. Nə qədər mən bunu mübahisəli fikir saysam da, müəyyən qədər razılaşıram. (Əgər lazımdırsa izah edim. Məsələn, 1945-ci ildə Berlində son küçələrə qədər faşizmi müdafiə edən alman xalqı bütövlükdə cinayətkar deyildisə, nə idi? Bunu mənim fikrim kimi qəbul etməyin, elə almanların özləri – Tomas Mann, Bertold Brext, Erix Mariya Remark, Bernhard Şlink kimi yazıçılar etiraf ediblər. Yaxud, erməni xalqı 30 il bizim torpaqları işğal altında saxlayanda elliklə günahkar deyildimi? Misallar çoxdur).

Bizdə son illər belə maliyyə dələduzları hərdən ortaya çıxır. Məsələn, keçən ildən bəri “Ani Unboxing” deyə bir fırıldağın qurbanları ara-bərə narazılıq edirlər. Bu dələduzlar həmin “şirkəti” hətta Bakı metrosunda reklam edibmişlər!

Sonda bir anekdot. Bir gün hansısa manıs Habil Əliyevə deyir ki, məni təbrik elə, fəxri ad almışam. Habil müəllim deyir: “Onlar verirdi-verirdi, bəs səndə qanacaq harda idi ki, götürürdün?” Yəni, müftə pendir birmənalı olaraq ancaq siçan tələsində olur. Daha doğrusu, olardı. İndi siçanları da yapışdırıb öldürürlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR