Onlayn ictimai-siyasi qəzet
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Musavat.com xəbər verir ki, MHP lideri bu barədə partiyasının iclasında çıxışı zamanı danışıb.
Baxçalı bildirib ki, Qarabağ 30 il ərzində əsarət və zülm altında qalıb:
“Qarabağ 30 il boyu əsarətin və zülmün kölgəsində idi. 5 il əvvəl baş vermiş 44 günlük Vətən müharibəsindən sonra ədalət yerini tapdı, Qarabağ həqiqi və əbədi sahibi ilə birləşdi”.
MHP sədri Azərbaycan xalqını bu münasibətlə təbrik edib, Vətən uğrunda canını qurban vermiş qəhrəman şəhidlərə rəhmət diləyib:
“Bu münasibətlə Azərbaycan xalqının 8 Noyabr - Zəfər Gününü və 9 Noyabr - Dövlət Bayrağı Gününü ürəkdən təbrik edirəm. Qarabağın azadlığı uğrunda mübarizə apararkən torpağın qoynuna girən əziz şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Türk dünyasının birliyindən danışan Dövlət Baxçalı vurğulayıb ki, Azərbaycanla Türkiyə bir millət, iki dövlət prinsipi əsasında daim həmrəy olublar:
“Dinimiz bir, dilimiz bir. Biz bir millət, iki dövlətik - Azərbaycan və Türkiyə. İki ölkə arasındakı bağlar çox güclü və köklüdür. Bu birliyin bəzi dairələri narahat etməsi bizi yolumuzdan döndərə bilməz”.
MHP sədri həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyənin suverenliyinə təhdid yaradan hər hansı qüvvə açıq şəkildə düşməndir:
“Azərbaycan və Türkiyənin suverenlik hüquqlarına pusqu quran, yan baxan hər bir mərkəz bizim üçün düşməndir. Onların niyyətləri qursaqlarında qalacaq. Türk dövrünün iki parlayan dövləti - Azərbaycan və Türkiyə - qaranlıq ssenarilərə və təxribatlara qarşı birgə dayanacaq”.
Şahanə Rəhimli
Musavat.com
18 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ