İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdədə bir gecədə 100-dən çox artezianı söküblər- Sakinlərdən şikayət  

Bərdə rayonunun Şatırlı bələdiyyəsinə daxil olan 10 kəndin sakinləri ağır su böhranı ilə üz-üzə qalıb. Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları gecə saatlarında kəndlərə daxil olaraq 100-dən çox artezian quyusunun elektrik qurğularını söküb aparıblar. Nəticədə ərazidə su təchizatı tamamilə dayanıb.

Musavat.com-a müraciət edən sakinlər çox çətin duruma salındıqlarını deyiblər. Kəndin mərkəzinə toplaşan yüzlərlə fermer və sakin ciddi təşviş içindədir. Payızlıq əkin mövsümünün qızğın vaxtında suyun kəsilməsi təsərrüfatları məhv olmaq həddinə çatdırıb. Fermerlərin sözlərinə görə, əgər bir neçə gün ərzində suvarma bərpa olunmazsa, min bir əziyyətlə əkilən sahələr tamamilə batacaq və kəndlilər böyük maddi zərərə uğrayacaqlar.

Kəndlilər deyir ki, yaranmış kritik vəziyyətlə bağlı Bərdə Su Meliorasiya Sistemləri İdarəsinin rəhbərliyi sakitliyini qoruyur və onlarla görüşməkdən boyun qaçırır. Çarəsiz qalan kəndilər Kənd Təsərrüfatı Nazirliyinə müraciət etsələr də, oradan da müsbət cavab ala bilməyiblər - nazirlik məsələyə baxmaq əvəzinə, vətəndaşları Meliorasiya Komitəsinə yönəldib.

İdarə əməkdaşları şifahi şəkildə problemin guya su borcları ilə bağlı olduğunu iddia edirlər. Lakin bu iddiaları təsdiqləyən heç bir rəsmi sənəd və ya fakt təqdim olunmur. Sakinlər bildirirlər ki, Bərdədə su pulları hələ də köhnə qaydada - nağd şəkildə əldən toplanır. Amma toplanan vəsaitlərin haraya yönəldilməsi bilinmir.

Əkinləri batmaqda olan kənd sakinləri yaranmış özbaşınalığın aradan qaldırılması və su təchizatının təcili bərpa edilməsi üçün ölkə başçısından kömək xahiş edirlər.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR