Onlayn ictimai-siyasi qəzet
Elmi proqnozların dışında, kimsə irəli durub gələcəyə yönəlik fal ilə, “öncəgörmələr”lə çıxış edəndə, gərək mütləq təkzibedici, ifşaedici nəsə yazasan. Bunu ona görə etmək lazımdır ki, nə falçılar insanları, nə də insanlar özlərini kütləvi şəkildə aldatmasınlar.
Proqnozu yalnız elm adamları, analitiklər verə bilər. Bisavad, yarımçıq elmli adamlar düzgün proqnoz verə bilməzlər. Mümkün deyil. onlar olsa-olsa, ehtimalla çıxış edə bilərlər, o da üç halın ikisində yanılacaqlar. Yalnız biri düz gələ bilər.
Məsələn, bir futbol biləndarı götürək. Hansısa matçdan qabaq o, belə bir proqnoz verə bilər: “Oyun ya ağ-qara, ya da sarı-qırmızı komandanın qələbəsi ilə bitəcək, ya da heç-heç olacaq”. İndi bu proqnoz oldumu? Əlbəttə, bu üç nəticədən biri olacaq. Düzdür, oyun təxirə salına, ya da hansısa fors-major hal səbəbindən yarımçıq saxlana bilər, amma bu da yüzdə bir halda olan şeydir.
Seysmoloqların proqnozuna şübhə yoxdur. Onlar bunu havadan demirlər, hava cərəyanlarını, atmosfer dəyişikliklərini, iqlim proseslərini həssas qurğularla izləyib deyirlər, ta fincandakı qəhvənin dib çöküntüsünə əsasən demirlər.
Siyasətşünasların proqnozları bəzən doğrulmasa da əsasən düz gəlir. Onlar tarixi prosesləri, ölkələrin siyasətləriniı bilirlər, təcrübədən çıxış edir, gedişatın hara varacağını anlayırlar.
Ancaq 8-ci sinifdən çıxıb, peşə məktəbində oxuyan, sonra tırtılı tez-tez çıxan traktorunun gavahanına babat bir təpik ilişdirib Bakıda “özünə iş qurmağa” gələn fırıldaqçının heç bir proqnozu düz çıxa bilməz.
Bunu bir neçə dəfə də yazmışıq. “Qışda şimal ölkələrində qar yağacaq”, “Banqladeşdə musson yağışları selə səbəb olacaq”, “Nepalda, Yaponiyada, Türkiyədə zəlzələ qeydə alınacaq” kimi proqnozlar rutin şeylərdir. Bunlar həmişə olub və həmişə də olacaq. Meşə yanğınları, çay daşqınları, Amerikada tornadolar, İtaliya və İslandiyada vulkan püskürmələri də o cümlədən.
Tərs kimi, hər ilin bu vaxtları gələn ilə dair proqnoz verənlər saytların səhifələrini başlarına götürür. Əslində xalqa da maraqlıdır ki, görsünlər, gələn il nələr olacaq. Proqnozçular da deyirlər: “Gələn il bir neçə tanınmış adam vəfat edəcək”. Əlbəttə, elə olacaq. Ölkə 85-90 yaşlı tanınmış şəxslərlə doludur, bir neçəsi mütləq gedəcək.
Budur, məşhur öncəgörən Zirəddin Rzayev görür ki, Ramiz Mehdiyevlə bağlı işə görə "iki böyük vəzifəli şəxs həbs olunacaq" və “bu həbslər cəmiyyətdə ciddi rezonans doğura bilər”.
Pah! Evin tikilişin! Ortada o boyda dövlət çevrilişi cəhdi var. Tutulanlar, əlbəttə, olacaq. Rezonansa gəlincə, bizdə bir rayon başçısı tutulanda da cəmiyyət ajiotaja girir. Saytlar yazır, tv-lər göstərir, xalq xeyirdə-şərdə danışır, adamların əmlaklarının siyahısı tirajlanır, qohumlar bu barədə yazan jurnalistləri “yıxılana balta vurmaq”da qınayır və s.
Biz belə seriallara çox baxmışıq, “Məşədi İbad”ın filminin bütün replikalarını bildiyimiz kimi əzbər bilirik. Sən bizə de görək, işin axırı necə olacaq, Cəlilabad cəbhəçisi Təzəxan Ramiz Mehdiyevlə gizli müzakirələr apardığını boynuna alacaqmı, adamlara neçə il iş kəsiləcək və s.
Bizə bilmədiyimiz yerlərdən proqnoz deyin. İl on iki ay siyasi mövzularda “filan şey filan cür olacaq” yazırıq, ilin axırında bir “dahi proqnozçu” çıxır, yazdıqlarımızı özümüzə qaytarır və deyir, Azərbaycan və Ermənistanın dövlət başçılarının görüşü olub, münasibətlər zamanla normallaşa bilər.
Ona qalsa, üstümdə gələn ilə dair bir neçə proqnoz var, yazıram, qalsın burada. Yol qəzalarında 1000 civarında adam həlak olacaq; müxtəlif əməllərə görə 2-3 min adam tutulacaq; qiymət dəyişiklkləri, differsiallaşdırma, indeksləşdirmə, təqaüd artımları ola bilər; neftin qiymətinin artıb-azalması mümkündür; mart ayında alçanın bir stəkanı 100 manat olacaq; Qurban bayramı ərəfəsində ətin qiyməti qalxacaq və düşməyəcək; Ramazanda restoranlar bahalı iftar süfrələri təklif edəcəklər; toy menyusunun qiymətləri oynaya-oynaya qalxacaq və s.
Başqa bu kimi proqnozlar lazımdırsa, deyin, il bitməmiş yazım. Bəlkə gələn il qəzet-filan da çıxmadı daha.
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ