Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərq və Cənubi Asiyada güc balansını kökündən dəyişdirə biləcək yeni hərbi ittifaqın anonsu verilib.
Musavat.com xəbər verir ki, Pakistanın müdafiə naziri Xoca Məhəmməd Asif Türkiyə və Qətərin Səudiyyə Ərəbistanı ilə imzalanmış Strateji Qarşılıqlı Müdafiə Sazişinə (SMDA) qoşulmasını istədiklərini bəyan edib.
Nazir ictimaiyyətə verdiyi açıqlamada bu iki ölkənin hərbi pakta daxil olmasını regionda təhlükəsizliyin təminatı üçün "çox müsbət bir addım" adlandırıb. Sazişin ilkin bəndlərinə görə, iştirakçı tərəflərdən hər hansı birinə qarşı edilən hərbi təcavüz digər tərəfə də edilmiş hücum kimi qiymətləndirilir.
Bu, əslində İslam dünyasının aparıcı hərbi gücləri arasında NATO tipli bir kollektiv müdafiə sisteminin qurulması deməkdir. Pakistanın bu təşəbbüsü regionda İranla davam edən gərginlik və qlobal enerji yollarına nəzarət uğrunda mübarizə fonunda xüsusi əhəmiyyət kəsb edir.
Ekspertlər hesab edirlər ki, Türkiyənin bu hərbi bloka daxil olması Ankara-Riyad-İslamabad oxunda sarsılmaz bir hərbi-siyasi ittifaq yarada bilər. Qətərin maliyyə imkanları və strateji mövqeyi də bu birliyin iqtisadi-logistik sütunlarını möhkəmləndirəcək. Hazırda Ankara və Dohanın bu sensasion təklifə verəcəyi reaksiya dünya diplomatiyasının əsas müzakirə mövzusudur. Əgər bu dördlü ittifaq rəsmiləşərsə, bu, regionda yeni geosiyasi reallıqların yaranması və xarici hərbi müdaxilələrə qarşı güclü bir sipərin qurulması ilə nəticələnəcək.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ