İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT yeni reallıqlara uyğunlaşa biləcəkmi? 

BMT-nin yaradılmasından 80 ildən artıq vaxt keçir. 1945-ci ildə formalaşdırılan bu sistemin əsas məqsədi dövlətlərarası münaqişələrin qarşısının alınması, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi, mübahisələrin hüquqi və diplomatik mexanizmlərlə həlli idi. Xeyli müddətdir dünyanın müxtəlif bölgələrində münaqişələr davam edir, beynəlxalq hüququn tətbiqində ziddiyyətlər var, böyük güclər arasında da geosiyasi qarşıdurmalar artıb. Belə olan halda BMT-nin öz missiyasını effektiv icra edə bilmədiyi barədə suallar gündəmdən düşmür. Analitiklər vurğulayırlar ki, BMT-nin institusional imkanları ilə qlobal siyasətin reallıqları arasında uzun müddətdir ciddi uyğunsuzluq müşahidə olunur. Təşkilat universal beynəlxalq platforma olaraq qalır, lakin qərarların icrası, xüsusilə də böyük dövlətlərin maraqlarının toqquşduğu məsələlərdə ciddi məhdudiyyətlərlə üzləşir.

BMT uzun illər Azərbaycanın da gözləntilərini doğrultmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib ki, Azərbaycan öz hüquqlarını döyüş meydanında bərpa etməli olub:

“Beynəlxalq mexanizmlər işləsəydi və BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq, bu qədər itki olmazdı”.

88Vq7rWcmZGjsIklylbeBltzpPUegGnGTyP9FkCJ_1200.jpg (129 KB)

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a şərhində bildirib ki, hazırkı dünya siyasətində, beynəlxalq münasibətlər sistemində BMT-nin rolu xeyli aşağı düşüb.

METİN YENİ.jpeg (33 KB)

O xatırladıb ki, BMT yaradılarkən öz üzərinə çox böyük funksiyalar götürmüşdü:

“BMT-nin universal beynəlxalq təşkilat kimi dünyada sülhü, ədaləti, təhlükəsizliyi təmin etməklə bağlı böyük missiyası var idi. Görünən odur ki, 80 il ərzində BMT öz funksiyalarını böyük ölçüdə yerinə yetirə bilməyib. Xüsusilə son illərdə dünya sistemi yeni transformasiya mərhələsindədir - yeni dünya nizamı qurulur. 1945-ci ildə qurulmuş nizamın əsaslandığı sütunlardan biri də məhz BMT idi. Yeni dünya nizamı quruculuğu prosesində isə köhnə nizamın əsaslandığı sütunlar, xüsusilə BMT ciddi böhran keçirir”.

Mətin Məmmədli qeyd edib ki, keçid dövründə beynəlxalq münasibətlər sistemində - istər ikitərəfli, istərsə də çoxtərəfli diplomatiyada orta güclərin rolunun artdığı müşahidə olunur:

“Dünyada oyun qaydalarının müəyyənləşməsində artıq orta güclər də iştirak edirlər. Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində əsas aktorlar dövlətlər və onların maraqlarıdır. Xüsusilə son illərdə dövlətin aktor olaraq xeyli önə keçdiyini müşahidə edirik. Belə olan halda BMT və digər beynəlxalq təşkilatların rolu da xeyli azalır”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR