Onlayn ictimai-siyasi qəzet
“Bu Zəfər elə şərəfli və çətin mübarizənin nəticəsi idi ki...” – Türkiyədən Qarabağa gələnlərin təəssüratları - FOTOLAR
Bu gün, avqustun 6-da Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzində (BMTMM) Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Kültürlerarası Ağ Dərnəyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sülhün coğrafiyası: Qarabağ - Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı çərçivəsində Türkiyədən Azərbaycana səfərə gələn media nümayəndələri və qeyri-hökumət təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə heyəti ilə avqustun 6-da yekun görüş keçirilib.
Musavat.com-un məlumatına görə, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev Azərbaycanın xarici siyasətinin əsas prioritetləri, Mərkəzi Asiya dövlətləri ilə müttəfiqlik münasibətlərinin inkişafı, ölkəmizin Yaxın Şərq siyasəti və regional proseslər barədə ətraflı məlumat verib.
C.Vəliyev Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə xələl gətirməyə çalışan dairələrin fəaliyyətinə toxunaraq, iki qardaş ölkənin münasibətlərinin möhkəm siyasi iradə və ortaq maraqlar əsasında inkişaf etdiyini qeyd edib. O həmçinin, regionda formalaşan yeni geosiyasi reallıqlar və dəyişən beynəlxalq münasibətlər sisteminin yaratdığı gözləntilərdən bəhs edib, bu proseslərdə Azərbaycan ilə Türkiyənin koordinasiyalı fəaliyyətinin əhəmiyyətini önə çəkib. C.Vəliyev Türkiyədən gəlmiş heyətin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın artırılması və ictimai diplomatiyanın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri, professor Aygün Attar da çıxışında Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri və bütövlükdə Türk dünyası üçün müstəsna əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, bu qələbənin həqiqi dəyəri zaman keçdikcə daha dərindən dərk olunur. A.Attar qeyd edib ki, 30 il işğal altında qalan Azərbaycan torpaqları bu gün genişmiqyaslı bərpa və quruculuq işləri sayəsində yenidən dirçəlir və bu proses Azərbaycanın gücünü, dövlət iradəsini, eləcə də regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasına yönəlmiş siyasətini nümayiş etdirir.
Tədbirdə iştirak edək Türkiyənin media nümayəndələri və qeyri-hökumət təşkilatlarının rəhbərləri də görüşü yüksək qiymətləndirməklə yanaşı, bu cür təmasların və fikir mübadilələrinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsinə, media və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişlənməsinə, eləcə də koordinasiyalı fəaliyyətin gücləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.
Azərbaycan media təmsilçilərinin də iştirak etdiyi tədbirdə çıxış edən Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar həmçinin bildirib ki, Qarabağ müharibəsində möhtəşəm bir Zəfər qazanıldı: “Bu Zəfər elə böyük, elə şərəfli və çətin mübarizənin nəticəsi idi ki, onun həqiqi dəyərini zaman keçdikcə daha dərindən dərk edirik. Bu qələbənin həm Azərbaycan, həm Azərbaycan–Türkiyə münasibətləri baxımından, həm də bütövlükdə Türk dünyası üçün nə qədər böyük əhəmiyyət daşıdığını illər ötdükcə daha aydın anlayırıq”.
A.Attar qürur hissi ilə bildirib ki, 30 il ərzində Ermənistanın işğalı altında qalan, dağıntılar və ağrılarla xatırlanan Azərbaycan torpaqları bu gün yenidən həyat qazanır.
Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir deyib ki, Türkiyə ilə Azərbaycan arasında media sahəsində əməkdaşlığın daha da gücləndirilməsi vacibdir.
O, qeyd edib ki, Şuşa Bəyannaməsindən dərhal sonra Türkiyə-Azərbaycan Birgə Media Platforması inşa edildi, quruldu. Və ötən il İstanbuldakı Strateji Kommunikasiya Sammitində bu platforma bir daha yeniləndi: “Ötən il İstanbulda keçirilən Strateji Kommunikasiya Zirvəsi çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tərəfindən media sahəsində beynəlxalq əməkdaşlığa dair anlaşma memorandum imzalanıb.
Əsas məqsəd media və ictimai diplomatiya sahəsində fəaliyyət göstərən qurumlar arasında əlaqələri daha da dərinləşdirməkdir. Vurğulanıb ki, son dövrlər Türkiyə və Azərbaycan arasında bu istiqamətdə əməkdaşlıq sürətlə genişlənir, media qurumları arasında münasibətlər möhkəmlənir və yeni birgə layihələr həyata keçirilir. Sevinclə, qürurla görürük ki, hər keçən gün bu əlaqələr daha da dərinləşir, yayğınlaşır və genişlənir. Və məqamı gələndə tək bir media kimi hərəkət edə bilən Türkiyə və Azərbaycan mətbuatı daha güclü bir əməkdaşlıq zəmini qazanır. Bildiyiniz kimi, bu il Azərbaycan milli mətbuatının 151-ci ildönümüdür. Burada çox köklü bir mətbuat ənənəsi var.
Həmçinin Türkiyədə də çox güclü mətbuat ənənəsi mövcuddur. Hər iki ölkənin media potensialını bir araya gətirən bu cür layihələrin sayının artırılması mühüm əhəmiyyət daşıyır”.
Səfirliyin təmsilçisi media əməkdaşlığının bütün səviyyələrdə - gənc jurnalistlərdən media rəhbərlərinə, müxbirlərdən ictimai diplomatiya nümayəndələrinə qədər daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulayıb: “Biz də Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və Səfirliyimiz olaraq bu layihələri dəstəkləməyə davam edəcəyik. Mən bir daha dəyərli sədrimiz, hörmətli müəllimimiz Aygün Attar xanıma, dəyərli müəllimimiz, dəyərli Cavid bəyə, Türkiyədən gələn bütün dostlarıma, hər zaman bu fəaliyyəti də işıqlandırarkən həyəcanla bizim işlərimizi mətbuatda işləyən, dəyərləndirən çox qiymətli Azərbaycan mətbuatına qəlbən təşəkkürlərimi, hörmət və məhəbbətimi təqdim edirəm”.
A.Attar bildirib ki, Azərbaycanda olduqları üç gün ərzində çox zəngin proqram həyata keçirilib. Təşkilat rəhbəri xüsusilə də Prezidentin köməkçisi Hikmət Hacıyevlə keçirilən, 3 saatdan çox davam edən görüşdən məmnunluqla bəhs edib. Bildirib ki, Prezidentin köməkçisi regionda baş verən hadisələr, Azərbaycanın yürütdüyü siyasət, Azərbaycan - Türkiyə iş birliyi və digər önəmli məsələlərlə bağlı çox mükəmməl bir şəkildə Türkiyə heyətinə açıqlamalar verib, brifinq keçirib: “Günlərdir Türkiyə mətbuatında o açıqlamalar yayılır. Mən görürəm ki, siz Azərbaycan mətbuatı da Türk mətbuatına istinad edib, bəzi məlumatları tirajlayırsınız”.
A.Attar Qarabağa səfərin də çox unudulmaz olduğunu söyləyib: “Bakıdan, Ağdama, Xankəndiyə, Şuşaya, Laçına səfər etdik. Qəhrəman Azərbaycan ordusu və şəhidlərimizin sayəsində azad olunan ərazilərin ziyarətində olduq, Qubadlının kənarından, Xanlıqdan keçdik. Ondan sonra Horadiz yolu ilə yenə də qayıtdıq. Bu gün burada toplantımızı həyata keçiririk”.
A.Attar qeyd edib ki, Şuşa Bəyannaməsinin imzasının atıldığı o gözəl yerdə olmaq çox qürurverici idi və Şuşa Bəyannaməsinin ruhuna uyğun Türkiyə-Azərbaycan münasibətlərinin davamında olacaqlarla bağlı da müzakirə elədik: “Bu, bir başlangıc idi. Bundan sonra bu fəaliyyətlərimiz davam edəcək. Amma bununla birlikdə biz yeni bir yol xəritəsini də çəkmiş olduq və bu mərkəzimizlə də beynəlxalq münasibətləri çox analitik bir şəkildə incələyən, bunlara uyğun strategiyalar hazırlayan bu mərkəzimizlə də birlikdə fəaliyyətlərimiz bundan sonra da davam edəcək”.
Yeri gəlmişkən, “Yeni Müsavat” Media Qrupunun əməkdaşı olaraq Türkiyə və Azərbaycan arasında ixtilaflar salmaq, könül bulandırmaq üçün vaxtaşırı ortaya çıxan, aranı qarışdırmaq istəyənlərin operativ şəkildə cavabını vermək, hər iki ölkənin ictimaiyyətini dərhal məlumatlandırmaq və kənar qüvvələrə fürsətlər verməməkdən ötrü ortaq platformaların yaradılması zərurətindən bəhs etdik. Hörmətli Aygün xanım bu təklifi məmnunluqla qarşılayıb.
Bildirib ki, biz Türk Dünyasına yönəlik Xeberçapar adında internet xəbər saytı hazırlayırlar: “Onun bir WhatsApp qrupunu da qurarıq, bu, çox gözəl olar”. Eyni zamanda A.Attar bu təklifdən çıxış edərək vurğuladı ki, Cavid Vəliyevin təmsil olunduğu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin də iştirakı ilə Azərbaycanda da bənzər bir sayt yaratmaq, qarşılıqlı şəkildə məlumat mübaduiləsi və səfərlər həyata keçirmək olar.
Görüşdən və brifinqdən sonra Türkiyədən gəlmiş heyət Fəxri Xiyabana, Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarətə yollandı. Bildirildi ki, bu ziyarətlə Türkiyənin 20-dən çox media orqanının təmsilçilərinin iştirakı ilə reallaşan səfər başa çatır.
Elşad Paşasoy,
Musavat.com
04 Sentyabr 2026
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ