İnsanlara hürriyət, millətlərə istiqlal!

Canlı yayımda öldürülən fenomenin qətli ilə bağlı yeni detallar üzə çıxdı

Meksikada TikTok yayımı zamanı güllələnərək qətlə yetirilən 23 yaşlı fenomen və kosmetoloq Valeriya Markesin ölümü ilə bağlı aparılan istintaqda yeni detallar məlum olub.

Musavat.com xəbər verir ki, istintaqı aparan hüquq-mühafizə orqanları qətlin Meksikanın ən təhlükəli cinayət qruplarından biri hesab olunan Xalisko Yeni Nəsil Karteli (CJNG) ilə əlaqəli şəxslər tərəfindən təşkil edildiyini araşdırır.

Məlumata görə, CJNG-nin yüksək vəzifəli üzvü Ramon Angel Alvarez Ayalaya ("El R1") Valeriya Markesin qətli ilə bağlı ittiham irəli sürülüb. Bildirilir ki, o, Xalisko ştatında keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Meksikanın Təhlükəsizlik katibi Omar Qarsiya Harfuçun sözlərinə görə, El R1-in oğlu Fransisko Alvares Markesin keçmiş sevgilisi olub. İddiaya əsasən, o, gənc qadının öldürülməsi üçün atasından kömək istəyib.

İstintaq materiallarında qeyd olunur ki, silahlı şəxs gözəllik salonuna kuryer qismində daxil olub. O, əvvəlcə Valeriya Markesin şəxsiyyətini dəqiqləşdirib, daha sonra ona yaxın məsafədən atəş açıb. Dəhşətli hadisə həmin an TikTok-da canlı yayımlandığı üçün minlərlə izləyici qətlin şahidinə çevrilib.

Araşdırmalar zamanı Markesin ölümündən əvvəl paylaşdığı sosial media paylaşımları da diqqət mərkəzinə düşüb. O, həmin paylaşımlarında özünü təhlükədə hiss etdiyini və həyatında yeni bir səhifə açmaq istədiyini qeyd etmişdi.

Qətl istintaqının ilk mərhələsində şübhəli kimi adı hallanan Rikardo Ruiz Velasko ("Doble R") barədə isə hüquq-mühafizə orqanları yeni açıqlama verib. Bildirilib ki, onun hadisə ilə əlaqəsini təsdiqləyən kifayət qədər sübut əldə olunmadığından hazırda əsas şübhəlilər sırasında yer almır.

Valeriya Markesin qətli Meksikada kartellərin təsiri, mütəşəkkil cinayətkarlıq və sosial media fenomenlərinin təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR