Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ukrayna cəbhəsində artan itkiləri yeni genişmiqyaslı hücum planlarını sual altına alıb.
Musavat.com xəbər verir ki, Bloomberg nəşrinin yaydığı məlumata görə, artıq üç aydır ki, döyüş itkiləri aylıq cəlb edilən canlı qüvvə sayını üstələyir.
Qərb rəsmilərinə istinadən bildirilir ki, aylıq itkilər 30–35 min nəfər civarındadır. Bu isə o deməkdir ki, cəbhədə itirilən qüvvə yeni müqaviləli hərbçilərlə tam kompensasiya olunmur. Moskva rəsmi statistikanı açıqlamasa da, yüksək ödənişli müqavilələr və xarici vətəndaşların cəlbi ilə boşluğu doldurmağa çalışır.
Məlumata görə, müxtəlif ölkələrdən – o cümlədən Şimali Koreya, Hindistan, Pakistan, Nepal, Kuba, Nigeriya və Seneqaldan olan şəxslər müxtəlif formalarda hərbi strukturlara cəlb olunub. Bu isə Rusiyanın insan resursu ilə bağlı ciddi çətinlik yaşadığını göstərən əsas siqnallardan biri kimi qiymətləndirilir.
Eyni zamanda mümkün hücum istiqamətləri kimi Donetsk vilayətində “qala zolağı” adlandırılan müdafiə xətti və Zaporojye bölgəsi göstərilir. Lakin ekspertlər hesab edirlər ki, canlı qüvvə itkisi bu templə davam edərsə, genişmiqyaslı irəliləyiş real görünmür və planlaşdırılan əməliyyatlar ya gecikdirilə, ya da məhdud miqyasda həyata keçirilə bilər.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ