Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın cənub bölgəsində ev quşlarının, xüsusilə də toyuqların kütləvi şəkildə tələf olması ilə bağlı narahatedici məlumatlar yayılır. Lənkəran və Cəlilabad rayonlarının bir sıra kəndlərindən daxil olan məlumatlara görə, son günlər fərdi təsərrüfatlarda quşlar naməlum səbəbdən qısa müddət ərzində ölür.
Yerli sakinlərin sözlərinə görə, xəstəlik əvvəlcə quşların halsızlaşması, yemdən kəsilməsi və hərəkətsiz qalması ilə başlayır. Bir neçə saat və ya bir neçə gün ərzində isə toyuqlar tələf olur.
Ən narahatedici məqamlardan biri odur ki, bir təsərrüfatda xəstəlik aşkarlandıqdan sonra çox qısa müddətdə bütün quşlar məhv olur.
Sakinlər bildirirlər ki, müxtəlif dərman preparatlarından və dezinfeksiya tədbirlərindən istifadə etsələr də, bu, xəstəliyin qarşısını almağa kömək etmir. Nəticədə kənd təsərrüfatı ilə məşğul olan ailələr ciddi maddi zərərlə üzləşirlər.
Musavat.com-a daxil olan məlumatlara əsasən, analoji hallar yalnız Lənkəranda deyil, Cəlilabadın da bir sıra kəndlərində müşahidə olunur. Son günlər sosial şəbəkələrdə kənd sakinləri tərəfindən “bütün toyuqlarımız qırıldı”, “heç bir dərman təsir etmir, hər gün bir neçə quş ölür” məzmunlu çoxsaylı paylaşımlar edilib. Bununla belə, həmin məlumatların rəsmi şəkildə təsdiqi hələlik yoxdur.
Mütəxəssislər bildirirlər ki, belə əlamətlər müxtəlif yoluxucu xəstəliklər zamanı müşahidə oluna bilər. Bunlara yüksək patogen quş qripi, Nyukasl xəstəliyi, pasterellyoz, infeksion laringotraxeit və digər virus və bakterial infeksiyalar daxildir. Dəqiq diaqnoz yalnız laborator müayinələrdən sonra qoyula bilər. Baytarlıq mütəxəssislərinin fikrincə, quşlarda kütləvi tələfat müşahidə edildiyi halda ölən quşlar satılmamalı və istehlak edilməməlidir. Təsərrüfatdan digər quşların çıxarılması dayandırılmalı, quşların saxlanıldığı yerlər dezinfeksiya edilməlidir.
Qeyd edək ki, Azərbaycan son illərdə köçəri quşların miqrasiyası dövründə bir neçə dəfə yüksək patogen quş qripi riski ilə bağlı monitorinqlər aparıb. Bu səbəbdən ev quşlarında baş verən kütləvi tələfat halları həmişə xüsusi nəzarətdə saxlanılır.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi açıqlama yayıb.
Açıqlamada deyilir:
"Məlumat üçün bildiririk ki, son günlər ərzində Lənkəran və Cəlilabad rayonları üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə və müvafiq regional bölmələrinə ev quşlarının tələf olması ilə bağlı hər hansı rəsmi müraciət və ya məlumat daxil olmayıb.
Mediada yayılan məlumatlar əsasında Agentliyin əməkdaşları tərəfindən Lənkəran rayonunda bir ailə təsərrüfatında ev quşlarının tələf olması faktı ilə bağlı araşdırma aparılıb. Araşdırma zamanı təsərrüfatdan müvafiq nümunələr götürülərək laboratoriyaya göndərilib, eyni zamanda, xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə ərazidə zəruri baytarlıq-sanitariya tədbirləri, dezinfeksiya işləri həyata keçirilib.
Hazırda götürülmüş nümunələr üzrə laborator müayinələr davam etdirilir. Müayinələrin nəticələrindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüləcək".
E.Məmmədəliyev,
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ