İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cırtdan”ın “div”ə kəllə vurduğu zəmanə-Lixtenşteyn dərsi...

Azərbaycan futbolunun əsas problemi balaca krallığın həvəskar futbolçuları ilə  heç-heçə deyil – bizi bu səviyyəyə düşürən  səbəblərdir

Dünya futbolu indi elə bir mərhələdədir ki, əvvəlki kimi “cırtdanlar” və “divlər” bölgüsü yalnız kağız üzərində qalıb. Biz heç vaxt “divlər” sırasında özümüzü görmədik, ancaq Cırtdan bizim nağıl qəhrəmanımızdır. Məsələn, divə necə kələk gəlib suda boğduğunu uşaqlıqdan bilirik. Amma dünya nağıllarla deyil, gerçəkliklə qəbul edilir.

Picture backgroundGerçəklik isə budur ki, Millətlər Liqasındakı rəqibimiz, vaxtilə bizi məğlub edən Lixtenşteynin Bakıdan indi 1 xal aparmasına görə yas tutmamaq lazımdır. Başını heç cür yol tapa bilmədiyin qapının dirəyinə vurmamaq, ya da azarkeşlərdən utanıb ayaqların arasında gizlətməmək də olar. Çünki bu bir gerçəkdir ki, biz daha cırtdanlar bölgüsündə mürgüləyən bir komandanın qapısına 90+ dəqiqələrdə bir top belə vura bilmirik.Bu acı bir gerçəkdir, amma məsələn, baş hərfində “A” olan Almaniya da ötən turda Yunanıstana məğlub olursa, Azərbaycan da məğlubiyyətə bərabər heç-heçəyə görə özünü üzməməlidir. Cırtdanın divə kəllə vurduğu (kəllə ilə qol vurmaq da demək olar) bir zəmanədə yaşayırıq – dünya siyasəti də, müharibəsi də, idmanı da, təəssüf ki, belədir indi...

Dünən axşamdan sosial şəbəkələrdə (mən ancaq TikTok-da izləyirəm) futbolçularımıza, baş məşqçiyə və AFFA-ya bu nəticəyə görə etirazlar var. Nəymiş? Rəqib oyunçular peşəkar futbolçulardır deyirlərmiş, 40 minlik əhalisi olan Lixtenşteynin heç öz futbol liqası yoxmuş, olan-qalan klubları da İsveç liqasında top qovurmuşlar və mütləqmiş ki, onların qapısına millimiz 7-8 top vursun və sairə.Deyim ki, millinin bu gündə olmasının əsl səbəbləri həmin “və sairə...”nin içərisindədir və bunu futbolumuza məsul olanlar da, belə nəticəyə görə üzülən, qırılan azarkeşlər də yaxşı bilir.Yəni millimiz “niyə yuvarlanıb D Liqasının 2-ci qrupuna düşüb, indi də orada çabalayır?” sualına cavabı yanlış yerdə – balaca krallığın “lyubitel” komandasında axtarmaq saman çöpündən yapışmaqdır. Əvvəl o suala cavab vermək lazımdır ki, axı biz niyə FIFA sıralamasında 206-cı yerdə olan Lixtenşteynlə bir qrupda rəqibik?

Milli komandaların oyunlarına görə reytinqi müəyyən edən FIFA cədvəlini bir neçə gündən sonra yeniləyəcək, amma hazırda Gürcüstan 72-ci, Ermənistan 107-ci, Azərbaycan isə 126-cı pillədədir. Gürcüstan B2 qrupunda Şimali İrlandiya, Ukrayna və Macarıstanla rəqibdir. Ermənistan isə C2 qrupunda Monteneqro, Kipr və Latviya ilə mübarizə aparır. Yeri gəlmişkən, UEFA-nın hazırkı 2026/27 reytinq cədvəlində Azərbaycan 5,125 xalla Avropada hətta 3-cü yerdədir. Bu da milli komandaya deyil, klublarımızın Çempionlar və Avropa Liqasının liqa mərhələsində iştirakına görədir.

Legioner limitinin ləğvinin onsuz da zəif olan Azərbaycan millisini, necə deyərlər, belə tezliklə zəlil günə salacağı əslində gözlənilməz deyildi. Bu qərar klubların beynəlxalq arenaya çıxmaq şanslarını artırıb, nəticədə elə klub var ki, orada azərbaycanlı futbolçu adı eşidəndə sevinirsən. Bu qərara qarşı mübarizə aparmaq, yerli futbolçuların hüquqlarını müdafiə etmək “yel dəyirmanı ilə savaşmaq” kimidir, yəni mənasız işdir. Amma yenə təkrar etmək də fayda var ki, AFFA bu limiti ləğv edirsə, buna paralel Azərbaycanda milli futbolçuların inkişafını təmin etmək üçün hazır planı olmalı idi.Klubda ehtiyat oyunçular skamyasında oturan bir neçə futbolçunu Lixtenşteynlə qarşılaşmada əsas heyətdə gördüm. Yəni milli komanda əslində, bəzi istisnalarla, ikinci-üçüncü dərəcəli heyətlə meydana çıxır.

5 gün, 4 ölkə: Abbasov futbolu kənardan yox, içəridən izləyir! - Bizim şərh…

Burada milli çempionatı əcnəbi məşqçilərdən daha yaxşı bilən Ayxan Abbasovluq heç nə yoxdur. İllərdir yazırıq ki, bu milliyə lap “Top-5” ölkələrdə işləmiş əcnəbi məşqçi gətirsə belə, faydası az olacaq. Çünki baş məşqçiyə bambuk verib, ondan qoz ağacı kimi möhkəm material düzəltmək tələb etməzlər. Azərbaycan millisi indi ən zəif dövrlərindən birini yaşayır və nəticələrə görə baş məşqçi bəlkə də üçüncü dərəcəli məsuliyyət daşıyır. Amma uğursuzluğa  bəhanə gətirəndə bu işi hətta dövlətin üst düzeyinədək uzadırlar. Dövlət büdcədən pul  ayırır. Hətta klublar beynəlxalq səviyyədə uğur qazananda da bir neçə milyonluq mükafat verilir. O səbəbdən "dövlətə gedib çıxarılan işlər" mənə bəhanə kimi gəlir. AFFA-nın cavab verməli olduğu suallara niyə bütün dövlət cavab verməlidir ki?

Picture backgroundAzərbaycan milli komandası hamımızındır. Bayrağımız və himnimiz var bu oyunlarda. Lixtenşteynin həvəskarları, İmişli boyda olan krallığın himnini gördünüz necə oxudular? Məncə, bizimkilərdən daha ürəkdən.Futbol ürək məsələsi deyil, beyinə və onun hərəkətə gətirdiyi ayaqlara bağlı idmandır. Həm də bu oyunda o komandalar qazanırlar ki, onlar topla rəqiblərini daha yaxşı aldadırlar.

Nağıllarda divi aldatmaq asandır, amma meydanda həvəskar futbolçularla  bacarmırsansa, gərək özünü qınayasan. Yoxsa bir gün sel sənin özünü aparacaq. Bu “xəcalət seli” də ola bilər...

Nazim SABİROĞLU
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR