Onlayn ictimai-siyasi qəzet
Ötən əsrin 89-cu ilindən bu günə qədər mətbuata, mediaya haradan baxırıqsa baxaq, oradan bir Rauf Arifoğlu görünür. Rauf bəyə baxanda təpədən-dırnağa qəzet görürsən. Sanki qarşındakı qəzetdir - mediadır. Sən onu oxuyursan, izləyirsən, o da səninlə danışır, söhbət edir.
89-cu ildən, Gəncədən onu elə tanıdım. Cəsarətli, mübariz, yenilikçi, özünəməxsus fikirləri olan, amalı uğrunda döyüşən! Öz mübarizəsi uğrunda özünün mübarizə yolu ilə usanmadan gedən adam kimi! 37 ildən sonra da elə həmin Raufdur. Qazandıqlarını mübarizə ilə qazanan, uğurlarının altında zəhməti dayanan...
Usanmadan əmək sərf edib – Əməkdar jurnalistdir!
Nə edibsə, Vətənə xidmət edib – 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub!
Hər zaman da mübarizəsinə, yoluna sadiq qalıb. Hansı yolun Vətənə faydalı olacağını, millətə uğur gətirəcəyini düşünürsə, o yolu seçir və o yolda sona qədər olur!
Sözü olub və sözünün sahibi olub! Bu, mənim də tanıdığım Raufun xarakteridir!
Bəzi dostlarım bunu bilir, danışmışam. 27 il bundan qabaq “Cümhuriyət”in ən çətin günləri idi. Qəzetin bütün hesablarına nahaqdan həbs qoyulmuşdu və qəzetin həm özünün, həm də əlavələrinin hesabları qapadılmışdı. Rəhmətlik Sirus Təbrizli də Mətbuat və İnformasiya naziri idi. Problemi onunla müzakirə edirdik. Qəfildən bir sual verdi və bəlkə eşitmək istədiyi, bəlkə də eşitmək istəmədiyi bir cavabla qarşılaşdı və dedi: “ Sizə də, Raufa da ona görə hörmətim var. Amma o birilər sizin kimi deyil, oradakı mövqelərini burada, burada dediklərini orada danırlar”. Mövzumuzun aşağı-yuxarı Rauf bəy, yaxud “Yeni Müsavat”la heç bir əlaqəsi yox idi. Sadəcə, cavabdan təsirlənib cəsarət və sözünün sahibi olmasına görə Raufdan danışdı.
Zaman bir məsafədir! O məsafəni kim necə qət edirsə, elə o qədər yaşayır. Rauf bəy o məsafənin ortasında olumu qazanıb. Eşqlə başladığı işinə olan sevgisi zamanı belə dayandırıb! Azərbaycanın müasir mətbuat tarixinin patriarxlarından biridir...Və bu ifadələrdə mübaliğə yoxdur.
Bir gün belə bir yerdə rəsmi şəkildə işləməmişik. Amma dostluq, etibarlılıq baxımından illərdir onu tanıyıram.
Tale ona bir missiya verib. Bu missiyanı 60 illik ömürdə daşımağı hər adam bacarmazdı. O, bacardı, bacarır və bacaracağı şübhəsizdir.
Ona görə də bəzən özü olmayan yerdə onun haqqında medianın beynəlxalq dərəcəli qrossmeysteri deyirəm. Mediaya bir şahmat kimi yanaşsaq, o, ən usta qrossmeysterdir. “Samizdat”dan (“özümnəşriyyat”) print mediaya, qəzetçilikdən rəqəmsal texnolgiyaya qədər keçilən 60 illik bir ömür. Bu ömürdə hər şey var. Siyasət də, media da, ictimai fəaliyyət də...
Özünün de dediyi kimi Bakıya bir çemodanla gəlib indi bütün ölkənin köşklərini bəzəyən və arxasında imzası duran “Yeni Müsavat”a sahibdir. İnternet resurslarında adı və imzası görünən Ustaddır!
Rauf Arifoğlu mətbuata "Yeni Müsavat"la gəlsə də, onun taleyində başqa mətbuat orqanları da var. Onlardan biri də "Cümhuriyət"dir. "Cümhuriyət"in ilk baş redaktoru olub. Xələf-sələf dəyərləri cəmiyyətimizin zaman-zaman ağrılı yeri olub, amma bizim üçün müqəddəs dəyərlər unudulmaz. Sələflərin dəyərini bilməliyik. Rauf bəy "Cümhuriyət" üçün özünün o zaman olduğu qədər əzizdir, dəyərlidir.
Təbrik edirəm, dəyərli Rauf bəy, əziz və qədim dostum!
Düşüncələrimi, hisslərimi bir az gec yazdım. Onun da özəl səbəbi var. Bunu ən yaxşı digər bir dostumuz Əflatun Amaşov bilir. Həmişə onu doğum günündən bir neçə gün sonra təbrik edirəm.
Təbrik edəndə də qələminə və yaradıcılığına böyük dəyər verdiyim Əlizadə Nuridən bir misal gətirirəm:
Sənin ad gününə qəsdən gecikdim
Mən səni bir az da cavan saxladım!
Əziz Rauf bəy, 60 il böyük bir ömür yoludur! Amma nə qocalıq, nə ixtiyar yaşıdır. Buna rəğmən, mən bu təbriki bir neçə gün sonra yazdım və səni bir az da cavan saxladım!
Növbəti yubileylərdə görüşənədək…
Rəfail Becanov,
“Cümhuriyət” qəzetinin baş redaktoru
23 Avqust 2026
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ