Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ictimai-siyasi həyatında yaşanan proseslər artıq sadəcə siyasi böhranın deyil, bütöv bir psixoloji tənəzzülün göstəricisinə çevrilib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir “Adekvat” təşəbbüsünün rəhbəri Artur Danielyanın yazısında əks olunub.
Danielyanın qiymətləndirməsinə görə, cəmiyyətin çox böyük hissəsi siyasi proseslərdən kənara çəkilərək yalnız şəxsi rahatlığını qorumağa çalışır. Ölkədəki sosial-iqtisadi problemlər, sürətlə bahalaşan həyat, Ermənistanın regional mövqeyinin zəifləməsi bu insanların həyatına təsir etsə də, onlar siyasi arenanın cazibədar olmamasını bəhanə edərək apatiya vəziyyətində qalmağa üstünlük verirlər. Bu isə cəmiyyəti psixoloji durğunluğun içində boğur və real dəyişiklik tələb etmək gücünü tamamilə sıradan çıxarır.
O, baş nazir Nikol Paşinyanı isə öz komplekslərinin və keçmiş uğursuzluqlarının əsiri adlandırır. Danielyanın iddiasına görə, Paşinyan illərdir yol verdiyi yanlış qərarlarla “milli fəlakət” obrazı qazanıb və bu damğanı unutdurmaq üçün daha riskli və daha məntiqsiz addımlar atır. Onun baxışına görə, baş nazir əvvəlki böhranların üzərini yeni böhranlarla örtməyə çalışır və nəticədə Ermənistanı bir fəlakətdən digərinə aparan zəncirvari proses yaranır. Danielyan hətta iddia edir ki, Paşinyan özünün siyasi obrazını xilas etmək üçün erməni tarixinin özünü məhv etməyə qədər gedib çıxır.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ