Onlayn ictimai-siyasi qəzet
“David Seliverstov” - Kazım Abbasov yenə də ölkəyə qayıdacağından danışıb.
Musavat.com bildirir ki, o, bu barədə Gununsesi.info-ya açıqlama verib. “Sizə necə müraciət edək - Kazım Abbasov, yoxsa “David Seliverstov”” sualına o, “Mənim adım David, soyadım isə Seliverstovdur” şəklində cavab verib. Ad-soyadını dəyişməsində əvvəllər dələduzluq cinayətlərində ittiham olunmağının rolu haqda sualdan isə “David Seliverstov” yayğın cavab verməklə yayınıb: “David Seliverstov” illərdir ictimai fəaliyyətdə tanındığım addır. Seliverstov anamın rəsmi soyadıdır. Uşaqlıqdan ana tərəfimdə məni bu ad və soyadla çağırıblar. Mən bu addan heç vaxt kiminsə şəxsiyyətini mənimsəmək, dövlət orqanlarını aldatmaq və ya qanunsuz maddi mənfəət əldə etmək məqsədilə istifadə etməmişəm. Rəsmi münasibətlərdə qanunvericiliyin tələb etdiyi şəxsiyyət məlumatlarımı təqdim etmişəm.
Dələduzluqla bağlı yayılan iddialara gəlincə, bu qədər ağır ittihamlar ümumi ifadələrlə deyil, konkret sübutlarla əsaslandırılmalıdır. Kimi aldatmışam? Kimdən, nə zaman və hansı yolla pul almışam? Bunu təsdiq edən şikayət, müqavilə, qəbz, bank əməliyyatı və ya qanuni qüvvəyə minmiş məhkəmə hökmü varmı? Xüsusilə səsləndirilən 90 min dollar iddiasına aydınlıq gətirilməlidir. Həmin pulu guya kim verib? Harada və nə vaxt verib? Hansı məqsədlə verib? Bu iddianı təsdiqləyən bank köçürməsi, qəbz, müqavilə və ya başqa mötəbər sübut varmı? Belə sübutlar mövcuddursa, ictimaiyyətə və hüquq-mühafizə orqanlarına təqdim edilsin. Yoxdursa, insanı mediada dələduz kimi təqdim etmək həm hüquqa, həm də jurnalist etikasına ziddir. Dələduzluq niyyətinin əsasını, adətən, qanunsuz maddi mənfəət əldə etmək və şəxsi varlanma məqsədi təşkil edir. Belə niyyətdə olan insan yalnız öz qazancını və daha çox pul əldə etməyi düşünür. Mənim son dörd ildə həyata keçirdiyim və sənədlərlə təsdiq oluna bilən fəaliyyət isə tamam fərqli məqsədlərə xidmət edib. Bu müddətdə Azərbaycan–İsrail dostluğu, Qafqaz xalqları arasında həmrəylik, xeyriyyə tədbirləri və sosial məsuliyyət layihələri üçün şəxsi imkanlarımdan vəsait sərf etmişəm. Haqqımda səsləndirilən 90 min dollar iddiasındakı məbləğdən də artıq vəsait müxtəlif xeyriyyə aksiyalarına, sosial layihələrə və ictimai təşəbbüslərə yönəldilib. Bunlar gizli fəaliyyət olmayıb. Keçirilmiş tədbirlər, edilmiş yardımlar, maliyyə sənədləri, köçürmələr, foto və videomateriallar vasitəsilə həmin fəaliyyətin yoxlanılması mümkündür. Əlbəttə, xeyriyyə fəaliyyəti öz-özlüyündə hər hansı hüquqi ittihamı avtomatik olaraq aradan qaldırmır. Lakin şəxsin niyyəti, həyat tərzi və fəaliyyətinin ümumi istiqaməti qiymətləndirilərkən bu faktlar da nəzərə alınmalıdır. Əgər mənim məqsədim qanunsuz yolla varlanmaq olsaydı, illər ərzində şəxsi vəsaitimi sosial, humanitar və xeyriyyə təşəbbüslərinə sərf etməyimin məntiqi izahı olmazdı. Mən öz fəaliyyətimi yoxlamaqdan yayınmıram. Xeyriyyə və sosial layihələrim araşdırıla bildiyi kimi, mənə qarşı səsləndirilən 90 min dollar iddiası da eyni ciddiliklə araşdırılmalıdır. Mən öz fəaliyyətimlə bağlı sənədləri təqdim etməyə hazıram. İttiham irəli sürən tərəf də öz sözlərini sənədlərlə və konkret faktlarla sübut etməlidir”.
Günlərdir Azərbaycan ictimaiyyətini məşğul edən və çoxsaylı suallara səbəb olan bu olayla bağlı hüquq müdafiəçisi Çingiz Qənizadə TV Müsavatın qonağıdır. Aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ç.Qənizadə bu mövzudakı bütün qaranlıq məqamlara aydınlıq gətirəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/results?search_query=tv+musavat
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ