İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dəmir Qübbə" Ukraynaya qismət olmadı: Netanyahudan VETO

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Konqresində bu təşəbbüsün dəstəklənməsinə baxmayaraq, "Dəmir Qübbə" (Iron Dome) HHM sistemlərinin Ukraynaya verilməsinə veto qoyub.

Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Ukrayna və İsrail Vaşinqtonda eyni vəziyyətə düşüblər, çünki hər iki ölkə ABŞ dəstəyinin genişləndirilməsinə çalışır.

WP qeyd edir ki, bu mövzu ABŞ-da 1,15 trilyon dollar büdcəsi olan müdafiə siyasəti haqqında qanun layihəsinin müzakirəsi fonunda yenidən diqqət mərkəzinə düşüb.

Bu həftə Netanyahu və Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtona səfər edərək Amerika lideri Donald Trampla görüşüblər. Onlar həmçinin senator Lindsi Qremin vida mərasimində iştirak ediblər.

Jurnalistlər Zelenski və Netanyahu arasındakı emosional söhbətə diqqət yetirsələr də, hər iki tərəf söhbətin məzmununu şərh etməkdən imtina edib.

Qəzet xatırladır ki, hələ 2023-cü ildə senator Lindsi Qrem ABŞ-a məxsus "Dəmir Qübbə" HHM batareyalarının Ukraynaya verilməsini dəstəkləyib. Lakin Netanyahu sistemin birgə istehsalı haqqında sazişdə nəzərdə tutulan və İsrailə onun ixracı məsələlərində həlledici səs hüququ verən veto hüququndan istifadə edib.

Senator Kris Van Hollenin sözlərinə görə, "Ukraynaya vermək istədiyimiz raket sistemləri ABŞ-ın cənub-qərbində yerləşdirilib və Amerika vergiödəyiciləri tərəfindən maliyyələşdirilib, lakin İsrail buna veto qoydu".

İsrailin Vaşinqtondakı səfirliyi WP-nin sorğusuna cavab olaraq Netanyahunun "Dəmir Qübbə"nin Ukraynaya verilməsini bloklamaq qərarını dəstəklədiklərini bildirib. Diplomatik missiyadan izah edilib ki, texnologiyaların İranın əlinə keçməsi ehtimalı ilə bağlı narahatlıqlar mövcud idi. Bununla belə, İsrailin Vaşinqtonun Ukraynaya ötürə bilməsi üçün "Patriot" komplekslərini ABŞ-a qaytardığı qeyd olunur.

ABŞ Dövlət katibi Marko Rubio qəzetə bildirib ki, İsrailin üçüncü ölkələrə silah ixracını bloklamaq hüququnda heç bir problem görmür. O, həmçinin iki dövlət arasında hərbi-sənaye əməkdaşlığının daha da genişləndirilməsinin tərəfdarı olduğunu bildirib.

Öz növbəsində Van Hollen İsrailin veto hüququnun İsrail tərəfi ilə birgə işlənib hazırlanmış digər Amerika silahlarına da şamil oluna biləcəyindən narahatlığını ifadə edib. O, həmçinin ABŞ-ın artıq Ukraynaya "Patriot" kompleksləri və digər müasir silah sistemlərini təhvil verdiyini xatırladaraq texnologiyaların İrana keçməsi riski ilə bağlı arqumentlərə şübhə ilə yanaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR