Onlayn ictimai-siyasi qəzet
"Deputatları söyənlərdən neçəsi səsverməyə gəlir? Çox azı, bir ovuc adam gəlir. 'Seçki yoxdur' demək bəhanədir. Seçki saxtalaşdırılırsa, bu həm də vətəndaşların passivliyi hesabına baş verir. Səs verənin yox, səs verməyənin səsi oğurlanır. Məsələləri seçkilərdə həll etmək lazımdır, gəlin səsinizi verin."
Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində deputat Erkin Qədirli deyib. O, qeyd edib ki, deputatların 7 min manatlıq maaş artımı ölkədəki minimum əməkhaqqı və ümumi iqtisadi durumla müqayisədə qeyri-mütənasibdir: "Məndə azla qane olmaq xüsusiyyəti var. Prinsip etibarilə deputatın maaşı gələcəkdə bundan da artıq ola bilər, amma vətəndaşların ümumi iqtisadi göstəricilərinə baxanda, hesab edirəm ki, bu qədər artmamalı idi. Bununla belə, deputat ölkədə ən yüksək maaş alan şəxs deyil, icra hakimiyyətində ondan qat-qat yüksək maaş alan vəzifəli şəxslər var, sadəcə Milli Məclis publik yer olduğu üçün hamı bizi hədəf alır. Mənə ünvanlanan tənqid və söyüşləri ifadə azadlığı sayaraq kimsəni qınamıram, lakin vətəndaşlar da artıq siyasi düşünməyi öyrənməlidirlər. Parlamentin qəbul etdiyi qeyri-populyar qanunların 90 faizindən çoxu Prezidentdən gəlir. Əgər vətəndaşlar seçkilərdə aktiv olub REAL partiyası olaraq bizə parlamentdə heç olmasa 'bloklayıcı azlıq' imkanı versələr, belə qanunların qəbulu xeyli çətinləşər".
Deputatın sözlərinə görə, qəbul olunan qanunların əleyhinə səs versə də, hüquqi dövlət prinsiplərinə uyğun olaraq onlara tabe olduğunu bildirib və maaşından özü üçün yox, doğru saydığı işlərə xərclədiyini diqqətə çatdırıb: "Mən yeganə deputat idim ki, 'Partiyalar haqqında' və 'Media haqqında' qanunların əleyhinə səs verdim. Bu qanunların ağır nəticələri sizə dəyir və mən bunu prinsipial olaraq yanlış sayırdım. Lakin qanun qüvvəyə mindikdən sonra hər kəs ona əməl etməlidir, əleyhinə səs vermişəmsə, bu o demək deyil ki, onu saymıram, sadəcə nəticəsinə uyğunlaşıram. Maaş məsələsinə gəlincə, qanunda imtina ərizəsi yazmaq mexanizmi yoxdur. Mən o pulu alıram, amma çoxunu özümə xeyir güdmədən vətəndaşlara, seçicilərə — birbaşa yox, doğru saydığım işlərə xərcləyirəm. Bir daha vurğulayıram, bəyəndiniz-bəyənmədiniz seçkiyə gəlin, əleyhinə və ya lehinə səs verin. Gördünüz deputat yaxşı deyil, sabah ona yox, başqasına səs verin".
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ